BMTM-in aparıcı məsləhətçisi Roza Bayramlının “Orta Dəhlizin inkişafında Azərbaycanın rolu” başlıqlı məqaləsi “Vestnik Kavkaza” nəşrində dərc edilib.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri (Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb, Şimal-Qərb) kəsişməsində əlverişli strateji mövqedə yerləşməsinə diqqət çəkən Roza Bayramlı beynəlxalq nəqliyyat habına çevrilmək üçün ölkəmizin bütün imkanlara sahib olduğunu qeyd edir.
Onun sözlərinə görə, bunun üçün infrastrukturun modernləşdirilməsi və inkişafı, normativ-hüquqi bazanın adaptasiyası, logistika sferasının inkişafı, eləcə də logistik mərkəzlərin yaradılması zəruridir.
“Azərbaycanın ərazi bütövlüyünün bərpası isə nəticələnən 2020-ci ildəki 44 günlük müharibədən və 2023-cü ilin lokal antiterror tədbirlərindən sonra irimiqyaslı regional və beynəlxalq layihələrin reallaşdırılması baxımından Azərbaycan üçün imkanlar yarandı. Belə ki, azad edilmiş torpaqlarda artıq dəmir yolu və avtomobil rabitəsinin bərpa edilməsi üçün işlər aparılır. Zəngəzur dəhlizinə gəlincə, onun işlək vəziyyətə gətirilməsi Azərbaycan və Türkiyə arasında birbaşa quru əlaqəsini təmin edəcək. Bu isə Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsini artıracaq.
“Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”na əsasən, ölkə ərazisindən yükdaşımalar 2022-ci illə müqayisədə 27% artmalıdır. Hazırda azad edilmiş torpaqlarda yol infrastrukturunun tikintisinə xüsusi diqqət ayrılır. 126,6 km-lik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd” avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi, demək olar ki, başa çatıb. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəmir yolunun tikintisi davam etməkdədir”.
Müəllif rəqəmsallaşdırmanın da nəqliyyat-logistika sferasının inkişafında xüsusi yer tutduğunu qeyd edir və Azərbaycanın bu istiqamətdə atdığı addımları sadalayır.
Orta Dəhlizin əhəmiyyəti ilə bağlı təhlil aparan R.Bayramlı qeyd edir ki. dünyada baş verən son geosiyasi proseslər bu mövzunun aktuallığını xüsusilə artırıb. Onun sözlərinə görə, Rusiya ərazisindən keçən Şimal dəhlizi ətrafında qeyri-müəyyənlik yaranıb. Bu isə Çin və Aİ ölkələri arasında fasiləsiz ticarət dövriyyəsini təmin edəcək alternativ yollar axtarışını zəruri edir.
“Məhz bu səbəb Orta Dəhlizin aktuallığını artırır”.
R. Bayramlı qeyd edir ki, Azərbaycan öz imkanları hesabına Orta Dəhlizin inkişafı ilə bağlı böyük işlər görüb.
“Bura infrastrukturun modernləşdirilməsi, dəmir yolları və avtomobil yollarının tikintisi və yenilənməsi də daxildir. Böyük həcmdə yükləri qəbul etməyə imkan verən və malların sürətli daşınmasını təmin edən Bakı limanı tikilib. Azərbaycan üçün tam mənada nəqliyyat habına çevrilmək təkcə iqtisadi cəhətdən faydalı addım yox, həm də strateji hədəf olub”.
*Aşağıdakı link vasitəsilə məqalə ilə ətraflı tanış olmaq mümkündür:
https://vestikavkaza.ru/analytics/rol-azerbajdzana-v-razvitii-sredinnogo-koridora.html