BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Vaşinqton görüşü və Xəzər hövzəsində dəyişən geosiyasi mənzərə 

2025-08-31 11:53

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən Ermənistan-Azərbaycan görüşü Xəzər hövzəsi və daha geniş Avrasiya məkanının geosiyasi arxitekturasında dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Görüşün əsas məqsədi hər iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşdırılması olsa da, onun təsir dairəsi təkcə bu iki dövlətlə məhdudlaşmır. Azərbaycan üçün bu təşəbbüs yalnız Ermənistanla otuz ilə yaxın davam edən münaqişəyə son qoymaq cəhdindən ibarət deyil. Eyni zamanda bu, Azərbaycanın Xəzər hövzəsi, Mərkəzi Asiya və Avropa arasında geostrateji körpü rolunu daha da möhkəmləndirməyə yönəlmiş mühüm addımlardan biridir. 

Xəzər regionu hər zaman enerji maraqlarının, hərbi-strateji mövcudluğun və beynəlxalq ticarət yollarının kəsişdiyi, təhlükəsizlik baxımından olduqca əhəmiyyətli bir geosiyasi məkan olmuşdur. Son dövrlərdə Rusiyanın Ukraynada apardığı müharibə, İran-İsrail münasibətlərində artan gərginlik və Qərbin bölgəyə baxış bucağında baş verən dəyişikliklər regionu daha da həssas və qeyri-müəyyən vəziyyətə salıb. Bu kontekstdə Ermənistan ilə Azərbaycan arasında mümkün sülh razılaşması Cənubi Qafqazda - Xəzərlə Avropa arasında təbii keçid funksiyası daşıyan bu regionda - davamlı sabitliyin bərqərar olunması üçün unikal imkan yaradır. 

Azərbaycan üçün Ermənistanla sülhün əldə olunması ölkənin regional mövqeyini strateji baxımdan daha da gücləndirəcək. İndiyədək Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm transregional layihələrin təşəbbüskarı və əsas icraçısı olan Azərbaycan bu gün Xəzər üzərindən keçən ticarət marşrutlarına, enerji infrastrukturunun inkişafına və “Orta Dəhliz” kimi əlaqələndirici layihələrə genişmiqyaslı sərmayələr yatırır. 

Regionda sabitliyin təmin olunması, eyni zamanda, xarici aktorların bölgədaxili ziddiyyətlərdən alət kimi istifadə etməsinin qarşısını alır. Bu xüsusilə əhəmiyyətlidir, çünki keçmişdə Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı vasitəyə çevrilməsi cəhdləri olmuşdu. Lakin həmin strategiya Ermənistan üçün real nəticələr vermədi: ölkə regional təcrid vəziyyətində qaldı və Rusiyadan siyasi-iqtisadi asılılıqdan çıxa bilmədi. 2020 və 2023-cü illərdəki hərbi məğlubiyyətlərdən sonra Ermənistan rəhbərliyi başa düşdü ki, sülhə nail olmaq və dövlətlərin ərazi bütövlüyünə hörmət göstərmək irredentist yanaşmalardan - Baş nazir Nikol Paşinyanın "mifik" adlandırdığı təfəkkür tərzindən - qat-qat faydalıdır. 

Bununla yanaşı, sülh çərçivəsinin yaradılması Xəzər hövzəsində hərbi qarşıdurmaların genişlənmə ehtimalını da azaldır. Son illərdə Rusiya və İranın Xəzər dənizində hərbi-dəniz qüvvələrini modernləşdirməsi və gücləndirməsi regional sabitliyi təhdid edən amillər kimi qiymətləndirilir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Bakının Xəzər regionunda sabitlik yaradan və onu qoruyan əsas aktor kimi mövqeyini möhkəmləndirməsinə xidmət edir. 

İran da, xüsusilə Azərbaycanla münasibətlər kontekstində, getdikcə daha çox sülh və əməkdaşlıq ritorikasına üstünlük verməyə başlayıb. Əvvəllər ikitərəfli münasibətlərdə gərginlik mövcud olsa da, hazırkı Prezident Məsud Pezeşkian bu gedişatı dəyişməyə çalışır və Azərbaycanın ünvanına yönəlmiş əvvəlki dini-ideoloji strategiyanı açıq şəkildə tənqid edir. Sözügedən strategiya nəticə etibarilə İrana heç bir real qazanc gətirməmişdir. 

Azərbaycan üçün geosiyasi baxımdan ən əhəmiyyətli dividend isə Xəzərin şərqində müşahidə olunur. Mərkəzi Asiya dövlətləri - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan uzun müddətdir Avropaya etibarlı və müxtəlif marşrutlar vasitəsilə çıxış əldə etməyə çalışırlar. Rusiyanın müharibəsi onun ərazisindən keçən Şimal Nəqliyyat Dəhlizini etibarsız etmiş, Qırmızı dənizdəki gərginlik isə ənənəvi dəniz marşrutlarını təhlükəyə atmışdır. Bu baxımdan, Trans-Xəzər marşrutu, yəni Azərbaycan üzərindən keçən dəhliz həm ticarət, həm də enerji təhlükəsizliyi baxımından əhəmiyyətli perspektivlər vəd edir. 

Vaşinqton görüşü bu sülh gündəliyini təşviq etməklə yanaşı, Mərkəzi Asiya dövlətlərinə Azərbaycanın etibarlı tranzit və əməkdaşlıq mərkəzi olduğunu nümayiş etdirir. Azərbaycan, Qazaxıstan və Özbəkistan artıq Avropaya alternativ enerji marşrutlarını nəzərdə tutan mühüm layihə çərçivəsində - Gürcüstandan Qara dənizin dibi ilə Rumıniya və Macarıstana elektrik ötürülməsini nəzərdə tutan kabel xətti üzrə - Anlaşma Memorandumu imzalayıblar. 

Azərbaycan bu gün rəqabətə əsaslanan siyasi yanaşmadan uzaqlaşaraq, regional inteqrasiyanı və əlaqələrin qurulmasını əsas prioritet kimi müəyyənləşdirir. Bu kontekstdə, Bakı Çinlə strateji tərəfdaşlıq sazişi imzalayıb. Eyni zamanda, Azərbaycanla Türkiyə və Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələr arasında münasibətlərin dərinləşməsi onu Mərkəzi Asiya ilə əlaqə yaradan təbii körpü statusuna yüksəldib. Azərbaycan, həmçinin Mərkəzi Asiya ilə 5+1 formatında əməkdaşlıq modelinin inkişaf etdirilməsinə və CICA, ECO kimi regional təşkilatlarda fəal iştirakına xüsusi önəm verir. 

Avrasiyadakı qeyri-müəyyən geosiyasi şəraitə baxmayaraq, 2025-ci il avqustun 8-də keçirilən görüşün Vaşinqtonda təşkili mühüm siyasi önəm daşıyır. Azərbaycan üçün ABŞ-nin prosesdə iştirakı Cənubi Qafqazda sülhün təkcə regional mahiyyət daşımadığını, həm də enerji və ticarət marşrutlarının şaxələndirilməsinə yönəlmiş daha genişmiqyaslı Qərb strategiyasının tərkib hissəsi olduğunu göstərməklə, Bakının mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.  Mərkəzi Asiya liderləri bu prosesi ABŞ-nin Azərbaycana siyasi dəstəyinin və Trans-Xəzər dəhlizinə verdiyi strateji əhəmiyyətin göstəricisi kimi dəyərləndirəcəklər. 

Vaşinqton görüşünün diqqətəlayiq elementlərindən biri də TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) adlı təşəbbüsdür. Bu marşrut Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməyi nəzərdə tutur. Layihə təkcə ikitərəfli əlaqələrin normallaşdırılmasına deyil, həm də daha geniş regional bağlantı şəbəkəsinin qurulmasına töhfə verə bilər. 

Beləliklə, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüş təkcə Ermənistan-Azərbaycan barışığı ilə məhdudlaşmırdı. Bu görüş, əslində, Xəzər regionunun strateji mənzərəsinin yenidən formalaşdırılması istiqamətində atılmış mühüm bir addım idi. Azərbaycan üçün isə bu tədbir, həm Qərb, həm də Şərq istiqamətində yeni imkanların açılması və ölkənin Mərkəzi Asiya ilə əlaqələrdə əsas körpü funksiyasını daha da gücləndirməsi baxımından böyük əhəmiyyət daşıyır. 

Əgər bu dinamika qorunub saxlanılarsa, Bakı yalnız regional enerji və tranzit qovşağı rolunu oynamaqla kifayətlənməyəcək, həm də sülh gündəliyinə əsaslanaraq Avrasiya siyasətinin formalaşdırılmasında fəal iştirak edə bilən mühüm siyasi aktora çevriləcək. Şübhəsiz ki, bu prosesin uğuru, ilk növbədə, Vaşinqtonda əldə olunmuş razılaşmaların praktik müstəvidə real nəticələrə çevrilməsindən asılıdır. Ermənistan üçün isə bu mərhələ regional təcrid və asılılığın başa çatması anlamına gələ bilər. Bununla belə, bir məsələ aydındır: Vaşinqton görüşünün təsirləri yalnız Cənubi Qafqazla məhdudlaşmır. Bu təsir coğrafi və geosiyasi baxımdan Xəzəri aşaraq birbaşa Mərkəzi Asiyanın dərinliklərinə qədər uzanır. Lakin bu prosesə geosiyasi rəqabət kimi deyil, xoşniyyətlə əməkdaşlıq etməyə hazır olan bütün tərəflər üçün yaradılan bir imkan kimi baxılmalıdır. 

https://timesca.com/opinion-washington-meeting-and-the-shifting-geopolitics-of-the-caspian/

Müəllifin son məqalələri

08 Sentyabr 2025 - 09:19

“5+1”dən “6-lığa” doğru: Azərbaycanın Mərkəzi Asiya ilə birliyi

31 Avqust 2025 - 11:53

Vaşinqton görüşü və Xəzər hövzəsində dəyişən geosiyasi mənzərə 

21 Avqust 2024 - 14:14

Ekspertlərin çoxu niyə yanılırlar və ya “ideoloji özünüməhdudlaşdırma”