BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Yunis Qurbanov

Email: yunis.g@aircenter.az

Tel:

Niyə 2025-ci il Azərbaycanın ABŞ ilə əlaqələrində diplomatik dönüş nöqtəsi oldu?

2026-01-12 12:47

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun “Niyə 2025-ci il Azərbaycanın ABŞ ilə əlaqələrində diplomatik dönüş nöqtəsi oldu” sərlövhəli məqaləsi “news.az” saytında dərc edilib.

Məqalədə qeyd edilir ki, 2025-ci il Azərbaycanın tarixində təkcə münaqişədən sonrakı dövr kimi deyil, eyni zamanda onun xarici siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi yadda qalacaq.

“Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-a etdiyi rəsmi dövlət səfəri xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır. Ölkənin müharibədən sülhə keçid mərhələsində baş tutan bu səfər Azərbaycan-ABŞ münasibətlərinin artıq taktiki əməkdaşlıq çərçivəsindən kənara çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini nümayiş etdirən əsas hadisə kimi qiymətləndirilə bilər.

İlk növbədə, bu səfər Azərbaycanın regionda yaratdığı yeni reallıqların və əldə etdiyi hərbi-siyasi qələbənin, xüsusilə də dünyanın əsas güc mərkəzlərindən biri olan ABŞ tərəfindən beynəlxalq səviyyədə qəbul edilməsi və tanınması baxımından əhəmiyyət daşıyır. Vaxtilə münaqişənin diktə etdiyi birtərəfli yanaşmaların üstün olduğu münasibətlər indi qarşılıqlı maraqlara əsaslanan, praqmatik və gələcəyə yönəlmiş əməkdaşlıq modelinə çevrilməkdədir.

Müharibədən sonrakı dövrdə Azərbaycan diplomatiyasının əsas prioritetlərindən biri regionda formalaşmış yeni status-kvonun beynəlxalq legitimləşdirilməsi və sülh gündəliyi üçün aparıcı qlobal aktorların dəstəyinin təmin olunması olub. Məhz bu baxımdan 2025-ci ilin dönüş nöqtəsi kimi önə çıxması təsadüfi deyil.

Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan canlanma təkcə siyasi dialoqun genişlənməsi ilə məhdudlaşmır. Bu əlaqələr təhlükəsizlik, enerji, nəqliyyat və logistika, regional kommunikasiya xətləri, eləcə də iqtisadi inteqrasiya sahələrini əhatə edən çoxtərəfli əməkdaşlıq çərçivəsinə çevrilib. ABŞ tərəfinin ideoloji şablonlardan daha çox real maraqlara və sabitliyə əsaslanan praqmatik yanaşmaya üstünlük verməsi isə Azərbaycan üçün əlavə imkanlar yaradır.

Uzun müddət Azərbaycan-ABŞ münasibətlərində həm simvolik, həm də praktiki maneə kimi qiymətləndirilən 907-ci düzəliş məsələsi bu yeni mərhələdə artıq böyük ölçüdə öz əhəmiyyətini itirib. Hüquqi baxımdan sözügedən düzəliş hələ tam ləğv edilməsə də, onun praktiki təsirinin faktiki olaraq aradan qaldırılması reallığa çevrilib. ABŞ administrasiyasının bu müddəanı uzun illərdir dayandırması, eləcə də təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişlənməsi bu dəyişikliyin açıq göstəricisidir.

Eyni zamanda qeyd etmək vacibdir ki, 907-ci düzəliş Konqres tərəfindən qəbul edilmiş federal qanunun tərkib hissəsidir və onun tam ləğvi yalnız icra hakimiyyətinin siyasi iradəsi ilə mümkün deyil. ABŞ-nin qanunvericilik sistemi tarazlıq və konsensus prinsipləri üzərində qurulduğundan, bu proses çoxmərhələli, zaman tələb edən və daxili siyasi dinamikalarla sıx bağlıdır. Bununla belə, mövcud mərhələdə Azərbaycanın maraqları baxımından əsas nəticə ondan ibarətdir ki, bu düzəliş artıq ikitərəfli münasibətlərin inkişafı üçün real maneə təşkil etmir.

Bununla belə, 907-ci düzəlişin tam ləğvi həm siyasi ədalət baxımından, həm də ikitərəfli münasibətlərin məntiqi nöqteyi-nəzərindən mühüm addım olardı. Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi və regionda sülh və əməkdaşlıq gündəliyinin aparıcı təşəbbüskarına çevrildiyi bir şəraitdə, bu düzəlişin hüquqi qüvvədə qalması artıq mövcud reallıqlarla uzlaşmır.

Onun tam şəkildə aradan qaldırılması ABŞ-Azərbaycan münasibətlərini tarixi yüklərdən azad edərək keyfiyyətcə yeni, daha şəffaf və institusional tərəfdaşlıq səviyyəsinə yüksəldərdi. Bu isə öz növbəsində qarşılıqlı etimadı möhkəmləndirər, təhlükəsizlik, iqtisadi inkişaf və regional inteqrasiya sahələrində daha dərin əməkdaşlıq üçün möhkəm hüquqi və siyasi zəmin formalaşdırardı”.

Y. Qurbanov bildirir ki, Azərbaycan-ABŞ Strateji İşçi Qrupunun yaradılması ikitərəfli münasibətlərin institusional cəhətdən möhkəmləndirilməsinin əsas göstəricilərindən biridir. Onun fikrincə, bu mexanizm iki ölkə arasında dialoqu epizodik təmaslar səviyyəsindən çıxararaq sistemli və davamlı əməkdaşlıq çərçivəsinə keçirir, enerji təhlükəsizliyi, regional nəqliyyat layihələri, iqtisadi əlaqələrin genişləndirilməsi və təhlükəsizlik məsələləri üzrə əlaqələndirilmiş fəaliyyət üçün yeni platforma formalaşdırır.

Yekunda müəllif bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il avqustun 8-də ABŞ-yə etdiyi rəsmi səfər göstərir ki, ölkəmiz müharibədən sülhə keçidi təkcə daxili və regional nailiyyətə çevirməklə kifayətlənməyib, eyni zamanda bunu qlobal diplomatik uğura çevirə bilib:

“Azərbaycan-ABŞ münasibətləri artıq keçmişin məhdudiyyətləri və şərti yanaşmaları ilə formalaşmır, bu münasibətlər qarşılıqlı maraqlar, praqmatizm və əməkdaşlıq üçün konkret imkanlar üzərində qurulub.

907-ci düzəlişin faktiki neytrallaşdırılması, Strateji İşçi Qrupunun yaradılması, Zəngəzur dəhlizinə beynəlxalq dəstək və ABŞ administrasiyasının balanslı mövqeyi Azərbaycanın xarici siyasət kursunun effektivliyini bir daha təsdiqləyir. Növbəti mərhələdə bu münasibətlərin daha da dərinləşdirilməsi ölkə üçün yeni siyasi və iqtisadi imkanlar vəd edir və 2025-ci ili sadəcə keçid ili deyil, strateji möhkəmlənmə ili kimi xarakterizə edir”.

*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://news.az/news/-why-2025-marked-azerbaijans-diplomatic-breakthrough-with-the-united-states

Müəllifin son məqalələri

12 Yanvar 2026 - 12:47

Niyə 2025-ci il Azərbaycanın ABŞ ilə əlaqələrində diplomatik dönüş nöqtəsi oldu?

25 Avqust 2025 - 10:48

Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Vaşinqtonun artan fəallığı

19 Avqust 2025 - 18:37

Vaşinqtonun gedişi: ABŞ Cənubi Qafqazın geosiyasətini yenidən necə şəkilləndirir?