BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Təhdid və çağırışlara baxmayaraq Vaşinqton razılaşmaları Cənubi Qafqaza davamlı sülh gətirə bilər

2025-08-18 17:41

BMTM-in şöbə müdiri Vasif Hüseynovun "Təhdid və çağırışlara baxmayaraq Vaşinqton razılaşmaları Cənubi Qafqaza davamlı sülh gətirə bilər" sərlövhəli məqaləsi "The Liberum" nəşrində dərc edilib.

8 avqust tarixində Ağ Evdə imzalanan Vaşinqton razılaşmalarının əhəmiyyətinə toxunan müəllif bildirir ki, bu sənədlər Cənubi Qafqazda davamlı sülh, sabitlik və təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar yaratmaq potensialına malikdir. Lakin sənədlərin icrasına maneə yarada biləcək bir sıra təhdid və çağırışlar mövcuddur.

Məqalədə qeyd olunur: “Vaşinqton sazişlərinin icrası qarşısında duran çətinliklər həm yerli, həm də geosiyasi amillərdən qaynaqlanır. Regional müstəvidə bu çətinliklər əsasən Ermənistanın daxili siyasi vəziyyəti ilə sıx bağlıdır.

Sülh müqaviləsinin imzalanması Ermənistanda konstitusiyaya düzəliş edilməsindən asılıdır. Bu prosesin isə 2026-cı ilin iyun ayında keçirilməsi planlaşdırılan taleyüklü parlament seçkiləri fonunda mürəkkəb xarakter alacağı gözlənilir. Rusiya tərəfindən dəstəklənən müxalifət partiyaları, dini dairələr və diaspor qrupları Qərb tərəfindən irəli sürülən sülh gündəliyinə kəskin şəkildə qarşı çıxır, onu təslimçilik kimi təqdim edirlər.

Paşinyan hökuməti bu qüvvələrin müqavimətini dəf etmək üçün effektiv seçki kampaniyası aparmalı olacaq. Bu isə onun aşağı reytinqi fonunda son dərəcə çətin vəzifə kimi görünür. Xüsusilə, xaricidən dəstəklənən elementlərin müdaxiləsi  baş verərsə, hökumətlə müxalifət arasında qarşıdurma zorakı xarakter ala bilər. Paşinyanın məğlubiyyəti və Rusiya yönümlü siyasi qüvvənin hakimiyyətə gəlməsi xüsusən “Tramp Marşrutu” və konstitusiya dəyişikliyi ilə bağlı müddəalar daxil olmaqla, Vaşinqton sazişlərinin reallaşmasını ciddi şəkildə təhlükə altına ala bilər.

Lakin uzunmüddətli münaqişədən yorulmuş əksər ermənilərin sülh əleyhinə olan, qonşulara qarşı düşmənçilik təbliğ edən radikal qüvvələrin çağırışlarını rədd edəcəyi gözləniləndir. Buna görə də qarşıdakı il ərzində Ermənistan xalqının verəcəyi qərarlar sülh gündəliyinin ardıcıl və maneəsiz şəkildə həyata keçirilməsi baxımından həlledici rol oynayacaq.

Geosiyasi müstəvidə isə proses əlavə çətinliklərlə üzləşir. Cənubi Qafqazın yaxın qonşuları olan Türkiyə və Gürcüstanla yanaşı, Avropa İttifaqı və demək olar ki, dünyanın digər bütün ölkələri Vaşinqton sazişlərini müsbət qarşılayıb. Lakin iki vacib aktor - Rusiya və İran- bu razılaşmaları qəbul etməyib. Hər iki ölkə ənənəvi olaraq Qərbin Cənubi Qafqaza müdaxiləsinə qarşı çıxmış, əvəzində “regional problemlərə regional həllər” formulunu təşviq etmişdir. 8 avqustda Vaşinqtonda baş verən hadisələr isə bölgədə onların qeyri-rəsmi şəkildə müəyyən etdikləri qırmızı xətləri xeyli aşıb.    

İran xarici işlər naziri Abbas Əraqçi ermənistanlı həmkarı ilə telefon danışığı zamanı Cənubi Qafqazda Vaşinqton sazişlərindən qaynaqlanan istənilən geosiyasi dəyişikliklə bağlı qarşı xəbərdarlıq etmişdir”.

V. Hüseynov qeyd edir ki, Ermənistan hökumətinin İran və Rusiyaya verdiyi şifahi təminatlar onların narahatlıqlarını tam şəkildə aradan qaldıra bilməsə də, bu cür diplomatik təşəbbüslər son dərəcə vacibdir. Əks halda, Vaşinqton sazişləri regional münaqişələri sona çatdırmaq və davamlı sülhü təşviq etmək əvəzinə, Cənubi Qafqazda daha dərin təhlükəsizlik böhranına səbəb ola bilər.

“Geosiyasi baxımdan Rusiya və İran bu sazişləri - xüsusilə də dəhlizin ABŞ nəzarəti altında olmasını- Qafqazdakı nüfuzlarına ciddi çağırış kimi qiymətləndirir. Bu isə sərt ritorika və təhdidlərlə özünü göstərir. Ermənistan hər iki qüvvəni sakitləşdirməyə çalışsa da, onun Qərbə yönəlməsi, Rusiyanın prosesə cəlb edilməsindən imtinası dərin etimadsızlıq yaratmiş və gərginliyin artmasına səbəb olmuşdur”.

*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: 

https://theliberum.com/despite-threats-and-challenges-the-washington-agreements-may-bring-lasting-peace-to-the-south-caucasus/

Müəllifin son məqalələri

12 Noyabr 2025 - 11:10

Tanklarda deyil, avtomobillərdə: Azərbaycanlıların Ermənistana dinc qayıdışı

21 Oktyabr 2025 - 11:49

Postmünaqişə dövründə Azərbaycan qətiyyətli regional gücə çevrilir

12 Sentyabr 2025 - 15:44

Vaşinqton bəyannaməsindən sonrakı dövrdə Cənubi Qafqazda Avropa İttifaqının rolu nə ola bilər?