BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

2024-10-03 15:51

Oktyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Heydər Əliyev Muzeyində olan qonaqlar Ulu Öndərin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olub, muzeyin qarşısında xatirə fotosu çəkdiriblər.

Naxçıvan Dövlət Universitetində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu siyasi-ideoloji fəaliyyətin mühüm istiqamətlərindən biri də türk dünyasının birliyidir. O qeyd edib ki, hələ Ulu Öndər 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə bu istiqamətdə qərarlar qəbul edib, qardaş Türkiyə ilə əlaqələrin qurulmasına xüsusi önəm verib. Fuad Nəcəfli, həmçinin türkdilli dövlətlərin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bu təşəbbüsün reallığa çevrildiyi yerin isə Naxçıvan olduğunu diqqətə çatdırıb.

“2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün Naxçıvanda keçirilməsi və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin imzalanması mühüm tarixi-siyasi əhəmiyyətə malikdir. Ötən dövrdə türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formalarda inkişafına nail olunub,  bütövlükdə  türk dövlətləri arasında inteqrasiya sürətləndirilib”,-deyə Fuad Nəcəfli bildirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxışında ortaq türk dünyası ideyasının 19-cu əsrdə formalaşdığını, bu ideya ətrafında praktiki addımların isə 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən atıldığını qeyd edib. Bildirib ki, həmin illərdə Zirvə görüşü təşkil olunub, Türk Şurası və nəhayət, Türk Dövlətləri Təşkilatı yaradılıb. Hazırda təşkilatın İstanbulda Baş qərargahı, Astana, Bakı, Daşkənd və digər şəhərlərdə təşkilata bağlı olan qurumlar fəaliyyət göstərir. Fərid Şəfiyev qeyd edib ki, hazırda dünyada, o cümlədən Şərqi Avropa və Yaxın Şərqdə çox mürəkkəb geosiyasi hadisələr baş verir. Bütün bunlar beynəlxalq təhlükəsizlik və iqtisadi baxımdan daha sıx əməkdaşlığı zəruri edir. Bu istiqamətdə artıq addımlar atılır, Orta Dəhliz layihəsi həyata keçirilir və intellektual potensial gücləndirilir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, türk dövlətləri arasında inteqrasiyanın əsasında ölkə başçılarının güclü iradəsi dayanır.

 “Bu birliyin Naxçıvanda əsası qoyulmuş sazişlə inkişaf etməsi qürurverici və önəmlidir. Çünki Naxçıvan min illərdir, türkçülüyün simvollarını daşıyan mərkəz rolunu oynayıb. Vaxtilə Atabəylərin, Səlcuqlar imperiyasının mərkəz şəhərlərindən olan Naxçıvan geostrateji mövqeyi, şəhərsalma mədəniyyəti, ənənələri ilə həmişə türk dünyası üçün maraqlı bir region olub,”-deyə rektor E. İsayev vurğulayıb.

Türk Dövlətləri Təşkilatı Baş katibinin nümayəndəsi Muradcan Mustafayev Naxçıvan müqaviləsinin 15 illiyi münasibətilə təbriklərini çatdırıb, bu tədbirin türk coğrafiyasında əsas körpü rolunu oynayan Naxçıvanda keçirilməsinin xüsusi əhəmiyyətinə toxunub. Qeyd edib ki, strateji baxımdan Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən, 170 milyona yaxın əhalisi olan türk regionu qarşılıqlı ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar açır.

“2023-cü ildə Türk Dövlətləri Təşkilatı iqtisadiyyatının ÜDM-i əvvəlki illə müqayisədə 18 faiz artaraq təxminən 2 trilyon ABŞ dollarına çatıb. Həmçinin üzv dövlətlərin ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti artıb. Dəhliz Şimal dəhlizindən 2 min kilometr qısa olduğundan dəmir yolu tranzit müddətini 7-8 gün azaldır”.

Tədbirdə Naxçıvan televiziyasının hazırladığı türk dövlətləri birliyinin inkişafını və əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Sonra təşkilatçılar tərəfindən səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə və digər iştirakçılara simvolik hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.

Tədbir “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları ilə davam edib.

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib