BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

NATO ilə əlaqələri inkişaf etdirən Azərbaycan çoxtərəfliliyi dəstəkləyir

2021-12-22 14:29

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsselə səfəri çərçivəsində NATO-nun mənzil-qərargahını ziyarət edib. O, Belçika paytaxtına Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” sammitində iştirak etmək və qurumun liderləri ilə görüşmək üçün yollanmışdı. Bu, Əliyevin NATO-nun mənzil-qərargahına 7-ci səfəri idi. Son səfər Azərbaycanla Şimali Atlantika Alyansı arasında bir çox sahələrdə səmərəli və çoxşaxəli əməkdaşlığın səviyyəsini göstərir.

Bir çox postsovet ölkələri kimi, Azərbaycan da NATO ilə əməkdaşlığa 1990-cı illərin əvvəlində başlayıb. Bu, hələ sabiq prezident Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycanın alyansın Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ilə baş verib. 1992-ci ildən isə ikitərəli münasibətlərdə yeni səhifə açılıb. Azərbaycan Şimali Atlantika Şurasına o vaxt qoşulub, bununla da bir çox təhlükəsizlik çağırışlarına qarşı səylərə mühüm töhfə verən alyansın etibarlı tərəfdaşı olduğunu göstərib.

ABŞ 11 sentyabr terrorundan sonra İraq, daha sonra Əfqanıstana qoşun yeridən zaman Azərbaycan ona dəstəyini ifadə etmiş ilk ölkələrdəndir. Son illərdə bir sıra ölkələr Əfqanıstandakı hərbçilərinin sayını azaltmışdısa, Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dövlətlər sırasında NATO missiyasında hərbçilərinin sayını artıran yeganə tərəfdaş idi. 2018-ci ildə Bakı Əfqanıstandakı hərbçilərinin sayını 94-dən 120-dək artırmış, bununla da Qərbdən olan müttəfiqlərinə dəstəyini bir daha təsdiqləmişdi.

Bu da son deyil. Azərbaycan NATO-ya mühüm əhəmiyyət kəsb edən nəqliyyat dəhlizi də vermişdi. NATO-nun Əfqanıstandakı missiyası üçün nəql edilən yüklərin təxminən 40%-i məhz Azərbaycan vasitəsilə daşınırdı. Beləliklə, o, 2015-ci ildən 2021-ci ilin avqustunadək NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında iştirak edib. Bundan başqa, “Taliban” hərəkatı ölkədə vəziyyətə nəzarəti tam ələ keçirəcəklərini bəyan etdikdən sonra belə, Azərbaycan Əfqanıstandakı missiyaya dəstəyini davam etdirirdi. 120 azərbaycanlı sülhməramlı Türkiyə qoşunları ilə birlikdə ötən il avqustun sonuna qədər Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin edib, mülki əhalinin və qoşunların təhlükəsiz təxliyyəsinə yardım göstərib.

NATO-nun baş katibi Yens Stoltenberq məhz bu mühüm işə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkür edib. O, Azərbaycan Silahlı Qüvvələrinin Kabil Beynəlxalq Hava Limanında bu yay aparılan təxliyə işləri zamanı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsində vacib amillərdən biri məhz Bakı ilə NATO arasındakı ikitərəfli əməkdaşlıq olub. Nəticədə Azərbaycan öz ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atıb. 2002-ci ildən Azərbaycanın 30-dan çox zabiti NATO-nun mənzil-qərargahında və ayrı-ayrı qurumlarında xidmət edib. Bundan başqa, Azərbaycan ilə NATO arasında mina və partlamamış silah-sursatların təmizlənməsinə dair “Saloğlu” və “Ceyrançöl” layihələri kimi praktiki layihələr uğurla həyata keçirilib.

NATO ilə Bakı arasında əlaqələr alyansın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birmənalı dəstəyi nəticəsində daha da güclənib. Bu dəstək qurumun bir neçə Zirvə görüşündə qəbul edilmiş yekun sənədlərdə öz əksini tapıb. Həmin sənədlərdə bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub, digər tərəfdən isə Cənubi Qafqazdakı münaqişələrin, həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb.

NATO ötən il Ermənistanla Azərbaycan arasında baş vermiş 44 günlük müharibə zamanı tərəfləri atəşkəsə və münaqişəni danışıqlar yolu ilə həll etməyə çağırıb. Bununla o, həm də Ermənistan rəhbərliyinin müdaxilə çağırışlarını rədd edib. Üstəlik, NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanın dövlət başçısı Armen Sarkisyanla 2020-ci il oktyabrın 21-də, yəni ötənilki hərbi əməliyyatların qızğın dövründə keçirdiyi görüş zamanı bildirmişdi ki, “NATO bu münaqişədə iştirak etmir”.

İkinci Qarabağ müharibəsindən sonra səsələndirilmiş bəyanatlar, qəbul edilmiş sənədlər onu göstərir ki, NATO Azərbaycan ərazilərinin azad olunması nəticəsində yaranmış yeni reallığı qəbul edir və münaqişəni bitmiş sayır. Məsələn, bəzi erməni müşahidəçilərinin gözləntilərinin əksinə olaraq, NATO-nun bu ilin iyununda Brüsseldə keçirilən sammitinin kommünikesində keçmiş Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edilməyib.

Bu arada, NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə dekabrın 14-də keçirdiyi mətbuat konfrasında Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılmasına dəstəyini ifadə edib: “NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir”.

NATO ilə Azərbaycan arasında bu cür münasibət Bakının xarici siyasətdə çoxtərəflilik prinsipinə, balanslaşdırmaya üstünlük verməsi nəticəsində mümkün olub. Ölkənin Rusiya və İranın əhatə etdiyi mürəkkəb regionda yerləşməsinə, Bakının Yerevanla 30 il ərzində ərazi münaqişəsinə ilişib-qalmasına baxmayaraq, Azərbaycan xarici siyasətində müstəqilliyi, çoxtərəfliliyi qoruya bilib. Məlum olduğu kimi, Azərbaycan ərazisinin 20%-o uzun illər Ermənistanın işğalı altında olub.

Bakının bu prinsipial mövqeyini Qərbdən olan tərəfdaşları da, Rusiya da yüksək qiymətləndirib. 2017-2020-ci illərdə Azərbaycanın NATO-Rusiya və ABŞ-Rusiya formatında yüksək rütbəli hərbçilərin 7 görüşünə ev sahibliyi etməsi bunu təsdiqləyir.

Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Azərbaycan ərazilərinin işğaldan azad olunması getdikcə daha da qarışan beynəlxalq münasibətlər sistemində Azərbaycan rəhbərliyinin əlinə daha müstəqil hərəkət etmək üçün mühüm rıçaq verir. Lakin indi Bakı üçün bəzi yeni təhdid və çağırışlar da mövcuddur. İran-Azərbaycan münasibətlərindəki son gərginlik bunu göstərir. Odur ki, Aİ ilə NATO-nun Azərbaycana dəstəyini artırması, bu ölkənin müstəqil və çoxtərəfli xarici siyasətini daha inamla həyata keçirməsinə yardım göstərməsi vacibdir.

https://www.eurasiareview.com/21122021-azerbaijan-upholds-multilateralism-developing-relations-with-nato-oped/

Tərcümə: worldmedia.az

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib