BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda dəyirmi masa keçirilib

2023-07-07 10:30

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısına paralel olaraq Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda dəyirmi masa keçirilib.

Konfransda Fransanın müstəmləkəsi olan bir sıra dənizaşırı ərazilər – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik, eləcə də Solomon Adalarının yüksək rəsmi şəxsləri və siyasətçiləri iştirak edib.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Azərbaycan qlobal güclərin mübarizəsindən əziyyət çəkmiş ölkədir. Onun sözlərinə görə, ölkəmiz imperiyanın bir parçası olub və imperiyaların təsiri, onların siyasətinin fəsadları Cənubi Qafqazda hələ də hiss edilir. Fərid Şəfiyev əlavə edib ki, bu gün tədbirdə iştirak edən bir çox ölkələrin nümayəndələri müstəmləkə siyasətindən əziyyət çəkirlər. “Burada Afrikadan olan nümayəndələr də bir sıra məsələlər qaldırıblar. Hesab edirəm ki, üzləşdiyi problemləri müzakirə etmək hər bir ölkənin hüququdur”, - deyə F.Şəfiyev vurğulayıb. O həmçinin Fransanın müstəmləkə siyasətinin müzakirəsinin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Panel müzakirələri zamanı Yeni Kaledoniya Parlamentinin sədri Rok Uamytan, Fransa Milli Assambleyasının Fransız Qvianasından olan deputatı Jan-Viktor Kastor, Martinikin Azadlığı Partiyasının nümayəndəsi Luk Fransis Karole, Solomon Adaları, Melaneziya Təşəbbüs Qrupunun siyasi məsələlər üzrə direktoru İlan Kiloe, Müstəqil Martinik naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Klaudette Duhamel, Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Mauris Pindard və digər qonaqlar Fransanın müstəmləkə siyasətinin törətdiyi fəsadlar, xalqların sosial, demoqrafik, mənəvi həyatına təsirləri, müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparıblar.

Dəyirmi masanın yekunlarına dair bəyanat qəbul edilib. Bəyanatda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə Martinika, Qayana, Yeni Kaledoniya, Fransız Polineziyasının müstəqillik tərəfdarları və GFLM alyansının katibliyi (Groupe Fer de Lance Mélanésien) Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqləyib və vurğulayıblar.

Sonda tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər.

Müəllifin son məqalələri

03 Oktyabr 2024 - 15:51

“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

01 Oktyabr 2024 - 15:05

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib

23 Sentyabr 2024 - 13:16

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - AVQUST 2024