Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Nağı Əhmədovun “Euractiv” portalında “Münaqişənin ekoloji zərərləri” (“The environmental cost of conflict”) adlı məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Qarabağda sentyabrın 27-də başlayan hərbi əməliyyatları dayandırmaq barədə əldə edilmiş razılaşmaya əsasən Kəlbəcər rayonunu tərk etməli olan ermənilər bölgədən çıxmazdan əvvəl evləri, məktəb və xəstəxanaları yandırır, ağacları kəsir və meşələrə od vururlar. Təəssüflə qeyd olunur ki, bu hərəkətlər ətraf mühit problemləri ilə məşğul olan beynəlxalq qurumlardan və QHT-lərdən adekvat reaksiya görməyib. Həmçinin qeyd olunur ki, Azərbaycanın işğal altındakı bölgələrinə qarşı Ermənistan tərəfindən ekoloji terror uzun illər davam edib. Bölgənin ekosistemi və təbii sərvətləri son 27 ildə vəhşicəsinə məhv edilmişdir. Dəfələrlə beynəlxalq təşkilatlar Ermənistan tərəfindən Qarabağ bölgəsi və ona bitişik rayonlarda ətraf mühitə qarşı qeyri-insani hücumlar barədə həyəcan təbili çalıblar: “2016-cı ilin yanvarında Avropa Şurası Parlament Assambleyası 2085 saylı qətnamə qəbul edərək, Ermənistanın Dağlıq Qarabağ və qonşu əraziləri işğalı nəticəsində Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaratdığını pisləyib və Ermənistan hakimiyyətini su mənbələrindən siyasi təsir vasitələri kimi istifadəni dayandırmağa çağırıb”.
Müəllif bildirir ki, mütəxəssislərin ilkin hesablamalarına görə, Ermənistan tərəfindən illərdir törədilən ekoloji cinayətlər nəticəsində ətraf mühitə və təbii sərvətlərə dəyən zərər təxminən 265,3 milyard dollar dəyərindədir. Qısaca desək, işğal nəticəsində Qarabağ bölgəsi “ekosid” kimi xarakterizə oluna bilən ekosistemin kütləvi məhvinə uğrayıb və bu, cinayət məsuliyyəti tələb edir.
Qeyd edilir ki, torpaqların işğaldan azad edilməsi nəticəsində Azərbaycan 30 ilə yaxındır ki, bu torpaqlarda ermənilərin həyata keçirdiyi yeni ekoloji terror faktlarını aşkar edib. Azad edilmiş ərazilərin flora və faunasının həqiqi vəziyyətini öyrənmək üçün yerində müvafiq araşdırma və obyektiv elmi qiymətləndirmələr aparmaq və təbiətə vurulmuş ziyanı müəyyənləşdirmək lazımdır. Bununla yanaşı, bölgədəki biomüxtəlifliyin genişləndirilməsi və ekosistemin bərpası geniş bir proqramın hazırlanmasını tələb edir. Bildirilir ki, mütəxəssislər tərəfindən ətraf mühitə vurdulmuş ziyan qiymətləndirildikdən sonra ekosid cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi və təzminat tələb edilməsinin hüquqi mexanizmlərini müəyyənləşdirmək mümkün olacaq.
Eyni zamanda məqalədə vurğulanır ki, Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik bölgələrindəki təbiətə qarşı düşmən münasibət və eko-terror yalnız Azərbaycanın ekoloji tarazlığı, flora və faunası üçün ciddi təhlükə yaratmır, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün ciddi bir təhdiddir.
Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/the-environmental-cost-of-conflict/