Azərbaycan Qafqazın yeganə müsəlman ölkəsi, regionda İslamın digər dinlərlə qarşılaşdığı unikal məkandır. Bu ölkə mühüm ticarət yollarının, müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dinlərin qovuşduğu ərazi olmaqla, tarixən dünya siyasətində mühüm rol oynayan regionda yerləşir. Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyəti məhz onun strateji coğrafi mövqeyi ilə bağlıdır. Cənubi Qafqazda İran və Rusiya ilə həmsərhəd olan Azərbaycan Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya çıxışı olan yeganə dövlətdir. Hazırda Azərbaycan istər regional, istərsə də beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Bu isə onun effektiv və balanslaşdırılmış xarici siyasət strategiyasından irəli gəir.
1990-cı illərdə müstəqil Azərbaycanın banisi Heydər Əliyev tərəfindən əsası qoyulan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyasını son 20 ildə prezident İlham Əliyev uğurla davam etdirməkdədir. 2003-cü ildə ilk dəfə ölkə prezidenti seçilən İlham Əliyev dövlət başçısı kimi qarşıya qoyduğu strateji hədəflərə çatmağa nail oldu. Nəticədə 21-ci əsrin ilk iki onilliyi Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi ilə nəticələndi.
Qarabağ məsələsinin həlli
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan diplomatiyasının qarşısında duran ən mühüm vəzifə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan işğalından azad edilməsi, ölkənin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığının təmin edilməsi idi. Ölkə prezidentinin xalqın iradəsinə əsaslanan düşünülmüş daxili və xarici siyasi kursu ona müstəqil milli siyasət yürütmək imkanı verdi. Nəticədə 2020-ci ildə 44 günlük Vətən Müharibəsi və 2023-cü ildə antiterror əməliyyatları nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək, ərazi bütövlüyünü tam təmin etdi. Bu qələbə Ali Baş Komandanın əzmi ilə yanaşı, Azərbaycan xalqının birliyinin və inamının bariz göstəricisi oldu.
Beynəlxalq təşkilatlarla fəal diplomatiya
30 il ərzində Ermənistanla davam edən ərazi münaqişəsinə baxmayaraq, Azərbaycan Avro-atlantik, İslam, digər regional və subregional qurumlarla əməkdaşlığa açıq olub. Azərbaycan BMT-nin Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda birinci, MDB məkanında isə ikinci qeyri-daimi üzvü olmuşdur. Çoxvektorlu xarici siyasət nəticəsində Azərbaycanın mövqeyi nüfuzlu beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən qəbul edilir. Bunun nəticəsidir ki, 2008-ci il mayın 14-də BMT Baş Assambleyasının 62-ci sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı mühüm qətnamə qəbul edilmişdir.
2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilən NATO Sammitinin Yekun Bəyannaməsində region ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişənin bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır.
Azərbaycanın 2011-ci il oktyabrın 24-də 155 ölkənin dəstəyi ilə 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə seçkilərdə qalib gəlməsi bu ölkəyə olan yüksək etimadın göstəricisi olmuşdur.
İslam dünyası ilə əməkdaşlıq
Azərbaycan diplomatiyasının uğurları təkcə BMT ilə deyil, digər nüfuzlu təşkilatlarla, o cümlədən ATƏT, NATO və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə sıx əlaqələr sayəsində əldə olunub.
Belə ki, Azərbaycan müstəqilliyin ilk günlərindən etibarən İslam ölkələri ilə kifayət qədər geniş əlaqələrə malikdir, o cümlədən İƏT-in fəal üzvüdür. İƏT həm İkinci Qarabağ müharibəsi zamanı, həmçinin postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü dəstəkləyən təşkilatlardan biri olub.
Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə müsəlman ölkələri, eləcə də bütün sülhpərvər bəşəriyyət üçün yeni platforma yaradılmışdır. Həmin il paytaxt Bakıda “Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları” və digər mühüm tədbirlərin keçirilməsi İslam dünyasının Azərbaycana inamını təzahür etdirmiş və Azərbaycanın İslam ölkələri ilə həmrəyliyini gücləndirmişdir.
Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın sədrliyi dövründə özünün ən uğurlu dövrünü yaşamışdır.
Hazırda Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş, onun maraqlarını daim müdafiə edən bir dövlət kimi tanınır. Təsadüfi deyildir ki, bu il Azərbaycana səfər edən ilk dövlət başçısı məhz Birləşmiş Ərəb Əmilriklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan olmuşdur. Səfər çərçivəsində Azərbaycan və BƏƏ arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən mühüm anlaşmalar imzalanmışdır. Qeyd edək ki, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında diplomatik əlaqələrin yaranmasından etibarən iki ölkə arasında ikitərəfli əlaqələrdə müsbət dinamika müşahidə olunmaqdadır. Əmirliklər Azərbaycanın əsas enerji və Körfəz Əməkdaşlıq Şurasında (KƏŞ) ən böyük ticari tərəfdaşıdır.
Türk dövlətləri ilə münasibətlər
Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi də Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Belə ki, 2009-cu ilin oktyabr ayında Azərbaycanın Naxçıvan şəhərində imzalanan müqavilə ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılmışdır. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təşəbbüsü ilə yaradılan təşkilata sonradan Özbəkistan da daxil olmuşdur. Bu gün beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik olan bu təşkilatın fəaliyyətinin əsas qayəsi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yol açmaqdan ibarətdir.
Ümumiyyətlə, Azərbaycan son 20 il ərzində təkcə regionda deyil, bütün postsovet məkanında, eləcə də Avropa və Asiyada müstəqil siyasət yürüdən bir dövlət kimi öz nüfuzunu yüksəltməyə müvəffəq olub. İqtisadi, siyasi, mədəni və digər sahələrdə əldə olunan uğurlar sayəsində Azərbaycan Cənubi Qafqaz bölgəsində əsas güc mərkəzinə çevrilib. Əminliklə deyə bilərik ki, bu gün regionda heç bir strateji əhəmiyyətli layihə Azərbaycanın rəyi nəzərə alınmadan həyata keçirilə bilməz. Ölkənin beynəlxalq aləmdəki bu mövqeyi Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının nəticəsidir.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasəti bundan sonra da Azərbaycan xalqının dəstəyinə söykənməklə, regionda və dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə, eləcə də beynəlxalq əməkdaşlığın genişlənməsinə xidmət edəcəkdir.
* Məqalə İraq və İordaniyanın bir sıra nüfuzlu nəşrlərində dərc edilib. Aşağıdakı linklərə keçid edərək məqalənin ərəb dilində olan versiyası ilə tanış olmaq olar:
https://alan-eg.com/2024/02/05/%D8%A7%D8%B3%D8%AA%D8%B1%D8%A7%D8%AA%D9%8A%D8%AC%D9%8A%D8%A9-%D8%A7%D9%84%D8%B3%D9%8A%D8%A7%D8%B3%D8%A9-%D8%A7%D9%84%D8%AE%D8%A7%D8%B1%D8%AC%D9%8A%D8%A9-%D8%A7%D9%84%D9%86%D8%A7%D8%AC%D8%AD%D8%A9/
https://nayrouz.com/article/431646
https://sharafpress.com/?p=11232
https://drabeen.com/archives/22248
https://mustaqbl.net/استراتيجية-السياسة-الخارجية-الناجحة/
https://www.alnahar.news/69885
https://alan-eg.com/2024/02/05/استراتيجية-السياسة-الخارجية-الناجحة/