BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Lalə Xəlilzadə

Email: lala.khalilzadeh@aircenter.az

Tel: (+994 12) 596-82-39

Lalə Xəlilzadə: Azərbaycanın D-8-ə üzvlüyü İslam həmrəyliyinin göstəricisidir

2024-12-28 16:34

İslam Səkkizliyi (D-8) təşkilatı dünya əhalisinin 13 faizini təşkil edən və birgə ÜDM-i 4 trilyon dollardan çox olan ölkələrdən ibarətdir. Bu təşkilat üç qitədə yerləşən və 1,2 milyarddan çox əhalisinin 60 faizi müsəlman olan ölkələri birləşdirir. Hazırda Misir D-8-in sədri olaraq builki sammiti təşkil edib və rəhbərliyi növbəti ilin sonuna qədər davam etdirəcək. Təşkilatın üzv ölkələri arasında Türkiyə, Misir, Banqladeş, İndoneziya, İran, Malayziya, Nigeriya və Pakistan yer alır.

D-8 təşkilatının məqsədi inkişaf etməkdə olan ölkələrin beynəlxalq səviyyədə qərarların qəbulunda iştirakını artırmaq, daha yaxşı həyat standartlarına nail olmaq və qlobal iqtisadiyyatda bu ölkələrin mövqeyini gücləndirməkdir. Eyni zamanda, təşkilat ticarət əlaqələrində yeni imkanlar yaratmaq məqsədini daşıyır. 2024-cü ilin XI Sammitinin mövzusu "Gənclərə sərmayə yatırmaq, kiçik və orta sahibkarlığı dəstəkləmək: sabahın iqtisadiyyatını qurmaq" kimi müəyyən edilmişdi.

Təşkilatın məqsədini nəzərə alaraq, bu üzvlüyün həm Azərbaycan, həm də təşkilat üçün bir sıra əlavə imkanlar yaradacağını söyləmək olar. Azərbaycan üçün bu üzvlük iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi, ətraf mühitin və dayanıqlı inkişafın təşviqi, investisiya imkanlarının artırılması baxımından önəmlidir. Bu, həmçinin hazırda Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən yenidənqurma işlərinə yeni investisiyaların cəlb edilməsi baxımından mühüm addımdır.

Üzvlük D8 üçün də mühüm strateji və iqtisadi imkanlar yaradır. Bununla təşkilat Cənubi Qafqaz kimi mühüm regiona daxil olur. Azərbaycanın Xəzər dənizi sahilində, şərqlə qərbi birləşdirən mühüm regionda yerləşməsi, eyni zamanda, İslam dünyası ilə Türk dünyası arasında körpü rolunu oynaması böyük strateji üstünlükdür. Bu, tranzit əlaqələrinin qurulması, ticarət dövriyyəsinin inkişaf etdirilməsi baxımından önəm daşıyır. Beləliklə, hər iki tərəf geniş əlaqə imkanları qazanır. Bu, təşkilatın güclənməsi və iqtisadi potensialının artması baxımından əhəmiyyətlidir.

Təsadüfi deyil ki, Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycanın bu təşkilata üzv olması münasibətilə təbriklərini çatdırarkən vurğulayıb: “Şübhəsiz, Azərbaycanın D-8 təşkilatına üzvlüyü müzakirələrin və birgə işlərin zənginləşdirilməsinə töhfə, ölkələr arasında münasibətlərə yeni təkan verəcək”.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XI Zirvə Görüşünün yüksək səviyyədə təşkili və uğurlu nəticələri münasibətilə Misir Prezidentinə ünvanladığı təbrik məktubunda qeyd edib ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatının ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etməsi Azərbaycana beynəlxalq etimadın göstəricisidir və bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir. Dövlətimizin başçısının məktubunda “Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür”, - deyə qeyd olunması qarşılıqlı əlaqələrə verilən dəyərin təcəssümüdür.

Azərbaycanın təşkilata üzv seçilməsi həm də İslam həmrəyliyinin bariz göstəricisidir. Nəzərə alsaq ki, Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən birini İslam həmrəyliyi təşkil edir, ölkə bu istiqamətdəki səylərini daha da gücləndirərək, İslam dünyasında sülh, stabillik və əməkdaşlıq prinsiplərinin təşviqində davam edir. Qeyd etməyə dəyər ki, Azərbaycan hökuməti bu ay Suriyada hökumət dəyişikliyindən sonra humanitar böhranın həlli üçün Türkiyə ilə birlikdə fəaliyyət göstərəcəyini bəyan edib. Eyni zamanda, ötən ilin oktyabr ayından etibarən Qəzzada davam edən böhran səbəbi ilə Azərbaycan bir neçə dəfə bölgəyə humanitar yardım göndərib.

Azərbaycanın həm Suriyada, həm də Qəzzadakı humanitar fəaliyyətləri ölkənin regional və beynəlxalq miqyasda humanitar böhranlara qarşı mübarizədəki fəal mövqeyini nümayiş etdirir. Bu cür təşəbbüslər Azərbaycanın regional münaqişələrdə konstruktiv və dinc yanaşmalarla iştirakını, həm Türk dünyası, həm də İslam ölkələri ilə birlikdə münaqişə bölgələrində sülhün bərpasına çalışdığını təsdiqləyir.

Azərbaycanın D-8 təşkilatına üzv olması ölkəmizə beynəlxalq etimadı və onun regional əməkdaşlıq sahəsindəki mövqeyini gücləndirir. Bu üzvlük Azərbaycanın regional və beynəlxalq layihələrdə iştirakını artıraraq, onu etibarlı tərəfdaş kimi təsdiqləyir. Eyni zamanda, D-8 ölkələri ilə möhkəm əlaqələrin qurulması Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verməklə, onun qlobal və regional miqyasda iqtisadi rolunu artırır. D-8 çərçivəsində əməkdaşlığın dərinləşməsi yeni imkanların yaranmasına, xüsusilə Azərbaycan və D-8 üzv ölkələri arasında iqtisadi və siyasi sahələrdə daha sıx əlaqələrin qurulmasına şərait yaradacaqdır. Azərbaycan-Misir münasibətlərinin möhkəmlənməsi və birgə fəaliyyətin güclənməsi, həmçinin beynəlxalq strukturlar çərçivəsində əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar açacaq. Şübhə yoxdur ki, Azərbaycan D-8-in təməl prinsiplərinin qorunması və təşkilat çərçivəsində əməkdaşlığın inkişafı istiqamətində birgə səylərin səfərbər olunmasına öz önəmli töhfəsini verəcək.

https://azertag.az/xeber/ekspert_azerbaycanin_d_8_e_uzvluyu_islam_hemreyliyinin_gostericisidir-3354603

Müəllifin son məqalələri

28 Dekabr 2024 - 16:34

Lalə Xəlilzadə: Azərbaycanın D-8-ə üzvlüyü İslam həmrəyliyinin göstəricisidir

15 Dekabr 2024 - 16:38

Bəşər Əsəd rejiminin devrilməsi: Ermənistan strateji müttəfiqini itirdi

11 İyun 2024 - 18:32

Azərbaycan Prezidentinin Misir səfəri: əməkdaşlığın yeni səhifəsi