BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi sülh prosesində yeni səhifə açır

2023-04-28 16:41

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi sülh prosesində yeni səhifə açır" başlıqlı məqaləsi "commonspace.eu" saytında  dərc olunub. Məqalənin tərcüməsini diqqətinizə təqdim edirik: 

 “Bu məsələ hər iki dövlət arasında konfliktə son qoya, yollarda nəqliyyatın hərəkətinə nəzarəti təmin edə və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlara başlamaqla sülh prosesinə öz töhfəsini verə bilər”. O əlavə edib ki, “ümumiyyətlə, bu hadisə regionun sülh və sabit gələcəyinə doğru atılan addımdır”.

Bazar günü (23 aprel) Azərbaycan hökuməti bəyanat yayaraq, “Azərbaycan və Ermənistan sərhədində yolun başlanğıc məntəqəsində nəzarətin yaradılması üçün” müvafiq tədbirlərin görüldüyünü bildirib. Xarici İşlər Nazirliyinin məlumatına əsasən, bu qərar “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Laçın-Xankəndi yolunun Ermənistan tərəfinin qeyri-qanuni məqsədlər üçün sistemli və genişmiqyaslı istifadəsinə və bununla bağlı təhlükəsizlik təhdidlərinə” son qoymaq məqsədilə qəbul edilib.

Bu addım Azərbaycan ictimaiyyətində İkinci Qarabağ Müharibəsinin nəticələrindən heç də az əhəmiyyət kəsb etməyən nailiyyət kimi qiymətləndirildi. Həqiqətən, nəzarət-keçid məntəqəsinin quraşdırılması Ermənistanın Laçın-Xankəndi yolu üzərində nəzarətinə və sui-istifadəsinə son qoya biləcək tarixi hadisədir. Beləliklə, bu nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Ermənistan-Azərbaycan arasında sülh prosesinə və regional güc balansına bir sıra təsirləri olacaq.

Sərhəd nəzarəti beynəlxalq standartdır

İlk növbədə, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsi Bakı ilə İrəvan arasında ən problemli məsələlərdən birinə son qoyacaq. İkinci Qarabağ müharibəsi başa çatandan bəri Azərbaycan tərəfi Laçın yolu ilə Azərbaycanın Qarabağ bölgəsinə Ermənistan tərəfindən bəzən Rusiya sülhməramlılarının köməyi ilə hərbi ləvazimatların, minaların və qoşun hissələrinin daşınması barədə məlumat yayıb. Keçən il İran hərbi qüvvələrinin Qarabağ bölgəsinə daxil olub, əsasən də yerli separatçı qüvvələrə təlim keçməsi Bakıda narahatlıqla qarşılanmışdı. Beləliklə, Laçın-Xankəndi yolunda yoxlama-keçid məntəqəsi Azərbaycana gələcəkdə bu yolda nəqliyyatın hərəkətinə nəzarət etməyə kömək edəcək.

Bütün ölkələr üçün öz sərhədlərində yoxlama-keçid məntəqələrinin yaradılması həqiqətən də beynəlxalq standartdır, və bəzi ölkələrin Laçın yolunda Azərbaycanın xeyrinə bu hüquqdan imtina etməməkləri sual doğurur. Dünyada elə bir ölkə yoxdur ki, sərhəd və gömrük nəzarəti olmadan etnik azlıqların xarici dünyaya çıxışını təmin etsin. Bu səbəbdən, Azərbaycanın bu məsələdə istisna edəcəyini heç kim gözləməməlidir.

İkincisi, bəzi ekspertlərin və siyasətçilərin qorxu yayma kampaniyalarından fərqli olaraq, keçid məntəqəsinin yaradılması Ermənistan-Azərbaycan sülh prosesinə mühüm töhfə verə bilər. Qeyd etmək vacibdir ki, Bakı Qarabağdakı erməni icmasının bütün hüquqlarını və təhlükəsizliyini ən yüksək səviyyədə təmin edəcəyinə söz verib. Bəzi şəxslərin və qurumların etnik təmizləmə, soyqırım və mümkün hərbi eskalasiya ilə bağlı iddiaları əsassızdır.

Əksinə, indi Ermənistan və Azərbaycanın tezliklə sülh müqaviləsi imzalaya biləcəyini və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq şərtilə bir-birinin ərazi bütövlüyünü tanıya biləcəyini gözləmək daha realdır. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın keçid məntəqəsinin yaradılmasından bir neçə gün əvvəl iki ölkənin Sovet dövründə olduğu sərhədlərini tanımasının vacibliyi ilə bağlı verdiyi açıqlamalar öngörənlik ola bilər.

Yoxlama-keçid məntəqəsinin nəqliyyat əlaqələrinin açılmasını aktivləşdirəcəyi ehtimal edilir

Üçüncüsü, Laçın yolundakı keçid məntəqəsi, çox güman ki, Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqları intensivləşdirəcək. Ermənistanın Azərbaycanın Zəngəzur yolunda bu cür keçid məntəqələrinin yaradılmasına razılıq verməsi müqabilində Laçın yolunda Azərbaycan nəzarət-buraxılış məntəqəsinin tikintisinə razılıq verməkdən imtina etməsi, bəlkə də, nəqliyyat marşrutları üzrə bütün danışıqlara xələl gətirən ən ciddi maneə idi. Son hadisələrdən sonra vəziyyət dəyişdi. Hazırda Bakı və İrəvanın danışıqlar masasına qayıdacağı və Zəngəzur yolunun açılması ilə bağlı işə başlayacağını gözləmək üçün ciddi əsaslar var.

Və nəhayət, Laçın yolunda yoxlama-keçid məntəqəsinin yaradılması onu nümayiş etdirdi ki, Qərblə Rusiya arasında gərginliyə, İran tərəfinin təzyiqlərinə baxmayaraq, Bakı Qarabağ regionunun gələcəyi ilə bağlı öz gündəliyini həll etmək iqtidarındadır. Regionda beynəlxalq vəziyyət, çox qeyri-sabitdir və müxtəlif aktorların maraqlarını balanslaşdırmaq çətin məsələdir. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın sonunda Bakıya səfəri zamanı Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaratmaq təklifinə açıq şəkildə qarşı çıxmış və 10 Noyabr 2020 tarixli üçtərəfli bəyanatda bunun nəzərdə tutulmadığını vurğulamışdı.

Sonda qeyd edək ki, Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması Azərbaycan və Ermənistan arasında sülh prosesində mühüm mərhələdir. O, iki ölkə arasında münaqişə probleminə son qoya, yollarda hərəkətə nəzarəti təmin edə və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı danışıqlara başlamaqla sülh prosesinə töhfə verə bilər. Üstəlik, bu, onu göstərir ki, Qərblə Rusiyanın qarşıdurması, İranın Cənubi Qafqazla bağlı narazı siyasəti Bakı və İrəvanın sülh səylərini icra etdirməsinə mane olmaya bilər. Bütövlükdə bu hadisə regionun sülh və sabit gələcəyinə doğru atılmış addımdır.

https://www.commonspace.eu/opinion/opinion-azerbaijans-checkpoint-lachin-road-opens-new-chapter-peace-process

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir