BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Sultan Zahidov

Email:

Tel:

Kontekst əvəzinə narrativ: Qərb mediasının Azərbaycanla bağlı təqdimatında qərəz

2026-09-09 14:59

Beynəlxalq siyasətdə narrativlər mühüm əhəmiyyət daşıyır, çünki onlar hadisələrin necə başa düşülməsinə və yadda qalmasına təsir göstərir. Strateji narrativlər üzrə araşdırmalarında britaniyalı alimlər Alister Miskimmon və Ben O’Loughlin, eləcə də amerikalı alim Laura Roselle göstərirlər ki, siyasi hadisələr və aktorlar insanların qavrayışlarına, inanclarına və davranışlarına təsir edən müəyyən hekayələr çərçivəsində bir-biri ilə əlaqələndirilir. Belə narrativlər ayrı-ayrı hadisələrə daha geniş çərçivə daxilində məna qazandırır.

Lakin informasiya seçmə yolu ilə təqdim edildikdə, kontekstdən çıxarıldıqda və ya qəsdən təhrif edildikdə, narrativlər reallığın təhrif olunmasına və dezinformasiyanın yayılmasına xidmət edən vasitəyə də çevrilə bilər.

Bu, faktların özünün nisbi olması demək deyil. Əksinə, eyni reallıq müxtəlif üsullarla təqdim oluna bilər: müəyyən məqamlar ön plana çəkilir, digərləri isə kənarda saxlanılır; hadisələrə münasibətdə müəyyən ifadələr seçilir və bununla da iştirak edən aktorlara konkret rollar aid edilir.

Bu baxımdan, təhrif olunmuş narrativin formalaşması üçün mütləq şəkildə uydurma faktlardan istifadə olunması şərt deyil. Kontekstin seçmə qaydada təqdim edilməsi, mühüm məlumatların nəzərdən kənarda saxlanılması və ya yetərli əsaslandırması olmayan şərhlərin fakt kimi təqdim edilməsi də oxucuda hadisələrin mahiyyəti barədə təhrif olunmuş təsəvvür yarada bilər.

Azərbaycanla bağlı son dövrlərdə Qərb mediasında yayımlanan materiallar buna nümunə ola bilər. Bir neçə həftə ərzində The Guardian, BBC-nin Rus xidməti, Fransanın Le Monde qəzeti, Polşanın TVP World telekanalı və Polşada fəaliyyət göstərən NEXTA platforması Azərbaycan haqqında son dərəcə tənqidi və qərəzli materiallar yayımlayıb.

Mövzular fərqli olsa da, bu materialların yayımlandığı vaxt, yanaşmalarındakı oxşarlıqlar və bu cür nəşrlərin qısa müddət ərzində cəmlənməsi həmin mənfi media dalğasının tamamilə təsadüfi olub-olmadığı və bu prosesdə siyasi və ya lobbiçilik maraqlarının rol oynayıb-oynamadığı barədə əsaslı suallar doğurur.

Müxtəlif məsələlərə həsr olunmasına baxmayaraq, bu materiallarda bir sıra təkrarlanan xüsusiyyətləri müşahidə etmək mümkündür: zəruri kontekstin təqdim edilməməsi, yüklü və istiqamətləndirici ifadələrdən istifadə, məhdud mənbələrə istinad və xüsusilə diqqətçəkən bir halda isə əsas faktlar hələ müəyyənləşdirilməmişdən əvvəl fərziyyələrə yer verilməsi.

Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDIA) avqustun 31-də yaydığı açıqlamada bir sıra Qərb media qurumlarını qərəzli və qeyri-dəqiq materiallar dərc etməkdə ittiham edib və Azərbaycan tərəfinin mövqeyinin ya kifayət qədər əks etdirilmədiyini, ya da ümumiyyətlə nəzərə alınmadığını bildirib. Agentlik, həmçinin belə materialların hazırlanmasına siyasi və lobbiçilik maraqlarının təsir göstərməsi ehtimalını gündəmə gətirib.

Sentyabrın 3-də daha bir açıqlama yayılıb. Bu dəfə Agentlik Azərbaycana qarşı daha genişmiqyaslı informasiya kampaniyasının aparıldığını, həmin kampaniyanın Azərbaycanın suverenliyinə, siyasətinə və beynəlxalq nüfuzuna yönəldiyini bildirib.

Problemin ən bariz nümunəsi The Guardian qəzetində Aleksis Pazumianın “The Black Garden” sənədli filmi haqqında dərc olunmuş resenziyadır. Burada əsas məsələ resenziyada təqdim olunan tarixi kontekstdir.

Xüsusilə diqqətçəkən məqamlardan biri keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin təsviridir. Resenziyada Qarabağın erməni əhalisinin “Azərbaycan ordusunun saysız-hesabsız hərbi kampaniyaları” ilə üz-üzə qaldığı bildirilir. Bu ifadə hadisələrin mərkəzinə Azərbaycan hərbi əməliyyatlarını yerləşdirir, həmin əməliyyatlara gətirib çıxaran əvvəlki hadisə və şəraiti isə böyük ölçüdə izah etmir.

Münaqişə haqqında az məlumatı olan oxucu üçün bunun yaratdığı təsəvvür kifayət qədər aydındır: “Ermənilər Azərbaycanın hərbi əməliyyatlarına məruz qalır”. Belə təqdimat ermənilərin zərərçəkən tərəf, Azərbaycanın isə təcavüzkar kimi qavranıldığı narrativi gücləndirir.

Resenziyada böyük ölçüdə diqqətdən kənarda qalan isə bu hərbi əməliyyatlardan əvvəl baş vermiş hadisələrin tarixçəsidir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistan qüvvələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal etməsi, yüz minlərlə azərbaycanlının öz evlərini tərk etməyə məcbur olması və təxminən üç onillik ərzində doğma yurdlarına qayıda bilməməsi, habelə bununla bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri.

Qeyd etmək lazımdır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı dörd qətnaməsi qəbul edilib. Bu qətnamələrdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət bir daha təsdiqlənib və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub.

Bundan əlavə, münaqişə nəticəsində işğal olunmuş ərazilərdən azərbaycanlıların etnik təmizləməyə və kütləvi şəkildə didərgin salınmasına məruz qalması, eləcə də minlərlə azərbaycanlı mülki şəxsin həlak olması ilə bağlı geniş sənədləşdirilmiş məlumatlar mövcuddur. İşğal illərində Azərbaycan şəhər və kəndlərinin bir qismi tamamilə dağıdılıb, tarixi, mədəni və dini irs nümunələri isə məhv edilib və ya ciddi zərər görüb.

Bu səbəbdən, Azərbaycan hərbi əməliyyatlarını ondan əvvəl baş vermiş işğal və məcburi köçkünlük kontekstindən ayrı təqdim etmək mümkün deyil. Həmin hərbi əməliyyatların məqsədi ölkənin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində ərazi bütövlüyünün və suverenliyinin bərpası, eləcə də vətəndaşlarının işğalın nəticələrindən qorunması olub.

Azərbaycanın hərbi əməliyyatlarını ondan əvvəl baş vermiş işğal və əhalinin didərgin salınması barədə kifayət qədər izahat vermədən təqdim etmək hadisələrin xronoloji ardıcıllığını faktiki olaraq tərsinə çevirir. Nəticədə, Azərbaycan təcavüzə məruz qalmış, əraziləri işğal edilmiş və əhalisi kütləvi şəkildə didərgin salınmış tərəf olduğu halda, oxucuda Azərbaycanın təcavüzkar obrazı formalaşa bilər.

*Məqalənin ingilis dilində dərc olunmuş tam mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eurasiareview.com/07092026-when-narrative-replaces-context-bias-in-western-media-coverage-of-azerbaijan-oped/

 

Müəllifin son məqalələri

09 Sentyabr 2026 - 14:59

Kontekst əvəzinə narrativ: Qərb mediasının Azərbaycanla bağlı təqdimatında qərəz

15 Yanvar 2026 - 13:27

Yaşıl enerji: Azərbaycanın yeni güc strategiyası və qlobal mövqeyi

04 Noyabr 2025 - 17:21

TRIPP-Zəngəzur dəhlizi və Azərbaycan-Ermənistan sülhünə doğru