BMTM-in şöbə müdiri Cavid Vəliyevin "Erməni millətçi irredentizmi və Qarabağ müharibələri" kitabı dərc olunub. Kitabda XX əsrin əvvəllərində erməni irredentistlərin artan müttəfiq axtarışları, Ermənistan SSR daxilində daşnak ideologiyasiyasının və gizli erməni təşkilatlarının fəaliyyəti hərtərəfli araşdırılıb. Müəllif bu radikal ideologiyanın Cənubi Qafqazda əməkdaşlıq üçün maneələr yaratmaqla yanaşı, ilk növbədə, Ermənistanın özü üçün ciddi xarici siyasət və milli təhlükəsizlik riskləri formalaşdırdığını bildirir.
XÜLASƏ
-
Son 30 ildə Cənubi Qafqazın iki ölkəsi - Azərbaycan və Ermənistan arasında iki böyük müharibə yaşandı. Bu müharibələr regionda on minlərlə insanın ölümünə, Azərbaycanın beynəlxalq səviyyədə tanınan təxminən 13 min km2 ərazisinin 30 il ərzində Ermənistanın işğalı altında qalmasına və bu bölgələrin dağıdılmasına, 1 milyon insanın öz torpaqlarından qovulmasına, nəhayət, xarici qüvvələrin regiona müdaxilə edərək burada qütbləşmə yaratmasına səbəb oldu.
-
Erməni millətçiləri bu hadisələrin yeni dövrdə - 1988-ci il fevralın 28-də Sumqayıtda yaşanan hadisələrlə başladığını iddia edirlər. Onlara görə, Sumqayıt hadisələri Qarabağ ermənilərinin azərbaycanlılarla birgə yaşaya bilməyəcəklərinin bariz sübutu idi. Halbuki, Cənubi Qafqazda yaşanan iki müharibəyə ermənilər arasında yüksələn millətçilik səbəb olmuşdu.
-
1920-ci ildə bolşeviklərin Ermənistanda hakimiyyəti ələ keçirməsi ilə birlikdə millətçiləri təmsil edən Daşnaksütyun Partiyası Ermənistanı tərk edərək, Yaxın Şərqə və ABŞ-a yerləşdi. Bu regionlarda qatı millətçi daşnaklarla nisbətən yumşaq mövqe tutan “Hınçaq” və “Ramqavar” partiyalarının nümayəndələri arasında liderlik uğrunda mübarizə başladı. Siyasi olaraq başlayan bu mübarizə bəzən qarşılıqlı silahlı münaqişəyə də çevrildi və tərəflər bir-birini öldürməkdən belə çəkinmədilər. Bu səbəbdən erməni millətçiliyində şiddət öz daxili məsələlərinin həllində belə tətbiq edilmişdir. Lakin eyni zamanda istər Yaxın Şərqdəki digər terror qruplaşmaları, istərsə də İkinci Dünya müharibəsi zamanı Faşist Almaniyası ilə əməkdaşlıq bu şiddət meyillərini artırmışdır.
-
Burada diqqət çəkən digər bir məsələ odur ki, erməni millətçiliyi İkinci Dünya müharibəsindən sonra Stalinin Türkiyədən ərazi tələbi ilə birlikdə yenidən canlanmışdır. Bu millətçilik hissləri yalnız diaspor erməniləri arasında deyil, 1920-1945- ci illərdə bəzi erməniləri millətçilikdə günahlandıraraq öldürən kommunist erməni xadimlərində də canlanmışdır.
-
İkinci Dünya müharibəsindən sonra yaşanan bu hadisələrin ilk qurbanları Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılar olmuşdur. 1948-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycan SSR ərazisinə köçürülərək, öz tarixi torpaqlarından məhrum edilmişdir.
-
1953-cü ildə Stalinin ölümü ilə birlikdə azərbaycanlılar öz torpaqlarına geri dönsələr də, Ermənistan SSR-də irredentist millətçilik yüksəlməyə davam etmişdir. Stalindən sonrakı dövrdə diaspor ermənilərinin Ermənistan SSR-ə köçməsi bu millətçiliyi artıran səbəblərdən biri olmuşdur. Bir çox sovet respublikalarında dissident hərəkatların yüksəlişi ilə yadda qalan bu dövr Ermənistan SSR-dən də yan keçməmişdir. Lakin digər respublikalardan fərqli olaraq Ermənistan SSR-dəki dissident hərəkat irredentist, milliyyətçi xüsusiyyətə malik olmuşdur. Bu millətçilik yavaş-yavaş Azərbaycan SSR-in tərkibində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan ermənilər arasında da yayılmışdır.
-
1960-cı illərdə bu istiqamətdə ilk təşkilatlarını quran ermənilər daha sonra bu təşkilatların sayını artırmış və bəzən də gizli fəaliyyətlərini terror hadisələri ilə davam etdirmişlər. 1985-ci ildə SSRİ-də Mixail Qorbaçovun hakimiyyətə gəlməsi, Qorbaçov hakimiyyətinin “beyin komandası”nda ermənilərin üstünlük təşkil etməsi və Moskvadakı yeganə azərbaycanlı Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması “Miatsum” tələblərinin artması ilə nəticələndi. “Miatsum” erməni millətçilərinin tarixi erməni torpaqları olaraq gördüyü ərazilərin Ermənistan SSR-ə birləşdirilməsi mənasına gəlirdi. Bu, eyni zamanda monoetnik bir Ermənistan yaratmaq arzusu idi.
-
1988-ci ildə Qarabağda ixtişaşlar başlayanda erməni irredentist millətçiləri təşkilatlanmış, Qarabağ məsələsini beynəlxalq müstəviyə çıxarmağı bacarmış, ümummilli erməni məsələsi halına gətirmiş və hətta bunun üçün silahlı mübarizəyə hazır olmuşlar.
*Kitabın linki: https://aircenter.az/uploads/_8YshSa2uP9Z.pdf