BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

İsrail-İran müharibəsində Azərbaycanın mövqeyi

2025-07-01 17:04

Təhlükəsizlik boşluğundan və Yaxın Şərq ölkələrinin hava məkanından istifadə edərək İsrail İranın raket obyektlərini, hərbi bazalarını və nüvə stansiyalarını hədəfə aldığı bir vaxtda, İranın bəzi media qurumları, “İsrail təyyarələrinin Azərbaycan hava məkanını istifadə etdiyi” haqqında əsassız məlumatlar yaymaqla həm region ölkələri, həm də İranda yaşayan Azərbaycan türkləri arasında Azərbaycanın nüfuzuna xələl gətirməyə çalışdılar. Hətta bəzi İran ekspertləri bu səbəbdən Azərbaycanı hədəfə almaqla hədələdilər.

Azərbaycan tərəfindən verilən açıqlamalar bu iddialara ən tutarlı cavab oldu. Öncə qeyd edilməlidir ki, İsrailin İrana qarşı əməliyyata başladığı dövr Azərbaycan-İran münasibətlərinin ən yaxşı olduğu dövr ilə üst-üstə düşürdü. 2025-ci ilin aprelində İranın mənşəcə Azərbaycan türkü olan Prezidenti Məsud Pezeşkianın Bakıya səfəri son dərəcə müsbət keçmiş və əldə olunan razılaşmalar sürətlə həyata keçirilməyə başlamışdı. Buna görə də Azərbaycan Pezeşkianın dövründə İranla münasibətlərin inkişafından məmnun idi və bu əlaqələrin gərginləşməsini istəmirdi.

Bu səbəbdən, 13 iyunda Azərbaycan Xarici İşlər Nazirliyi verdiyi açıqlamada İsrailin İran ərazisində həyata keçirdiyi əməliyyatdan ciddi narahatlıq keçirdiyini, vəziyyətin gərginləşməsini qəti şəkildə pislədiyini və problemin beynəlxalq hüquq çərçivəsində, diplomatik yolla həll olunmasının vacibliyini bildirdi. Azərbaycan tərəfi məsələnin hərbi yolla deyil, məhz diplomatik vasitələrlə həllini dəstəkləmişdi.

14 iyun tarixində Azərbaycan və İran xarici işlər nazirləri arasında baş tutan telefon danışığında Azərbaycan tərəfi üç mühüm mesaj verdi.

Birincisi, Azərbaycan xarici işlər naziri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və digər rəsmi şəxslərin həlak olması münasibətilə qarşı tərəfə başsağlığı verərək ölkəmizin bu kədəri paylaşdığını ifadə etdi.
İkincisi, Azərbaycan ərazisinin istənilən üçüncü ölkə tərəfindən, o cümlədən dost ölkə İran əleyhinə istifadəsinin mümkünsüz olduğunu vurğulayaraq İsrailə məxsus təyyarələrin Azərbaycan hava məkanından istifadə etmədiyini rəsmi şəkildə bildirdi.
Üçüncüsü isə, İran hava məkanının bağlı olduğu nəzərə alınaraq, Azərbaycan tərəfi İran rəsmilərinə üçüncü ölkələrə səfər etmək üçün Azərbaycan hava məkanından istifadə etməyi təklif edərək dostluq jesti etdi.

Müharibənin davam etdiyi günlərdə İranda olan Rusiya, Kanada, Çin, Qırğızıstan vətəndaşları quru sərhəddən keçməklə Azərbaycana daxil olmuş və oradan da təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmışdılar. Bu səbəbdən, Rusiya və Kanada xarici işlər nazirləri Azərbaycan xarici işlər nazirinə zəng edərək təşəkkürlərini çatdırmışdılar.

Azərbaycan əleyhinə irəli sürülən digər əsassız iddialardan biri isə ondan ibarət idi ki, guya İsrail təyyarələri Azərbaycan neft məhsullarından istifadə edərək yalnız Tehranı deyil, eyni zamanda Azərbaycan türklərinin çoxluq təşkil etdiyi Təbriz və Ərdəbil şəhərlərini də vurmuşdur.

Digər ölkələrdə olduğu kimi, xüsusilə İranda bəzi media dairələri bu məsələni intensiv şəkildə gündəmdə saxlamaqla İranda yaşayan Azərbaycan türkləri ilə Azərbaycan Respublikası arasında etimadsızlıq yaratmağa cəhd göstərdilər. Lakin Azərbaycan Gömrük Komitəsinin 2025-ci ilin son beş ayına dair statistik göstəricilərinə nəzər saldıqda, Azərbaycanın neft ticarəti apardığı ölkələr arasında İsrailin yer almadığı aydın görünür. Azərbaycan mətbuatında yer alan məlumatlara əsasən isə, müharibə dövründə Azərbaycan tərəfi diplomatik kanallar vasitəsilə İsrailə müraciət edərək Azərbaycan türklərinin yaşadığı bölgələrin hədəfə alınmamasını da xahiş etmişdi.

Yekun olaraq, müharibə şəraitindəki həssas vəziyyətdən faydalanan şəxslər İsrail-Fələstin məsələsində olduğu kimi, bu dəfə də Azərbaycanı nüfuzdan salmağa çalışdılar. Lakin mövcud məlumatlar göstərir ki, Azərbaycan İrana qarşı hücumlarda iştirak etməyib və Azərbaycanın İsrailə neft satmadığı aşkar faktdır.

Azərbaycan Cənubi Qafqazın münaqişə bölgəsi deyil, əməkdaşlıq məkanı olmasını arzu edir və qonşuları arasında qarşıdurmalarda tərəf olmaqdan daha çox, beynəlxalq hüququn prinsipləri çərçivəsində davranmağı və problemlərin həllinə vasitəçilik etməyi xarici siyasət məqsədi olaraq müəyyən edib. Beləliklə, iddia edildiyi kimi Azərbaycanın vəziyyətini gərginləşdirəcək davranış sərgiləməsi ölkəmizin illərdir izlədiyi xarici siyasət prinsiplərinə zidd olardı.

https://www.hurriyet.com.tr/dunya/israil-iran-savasi-nda-azerbaycan-in-tutumu-42859318

Müəllifin son məqalələri

01 İyul 2025 - 17:04

İsrail-İran müharibəsində Azərbaycanın mövqeyi

25 İyun 2025 - 10:01

Qarabağdan Kahramanmaraşa: Azərbaycan-Türkiyə həmrəyliyi

23 İyun 2025 - 13:01

Ermənistan Baş nazirinin Türkiyəyə səfər etməsinin əsas səbəbləri