BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

“İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinar keçirilib

2021-04-29 10:12

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “İkinci Qarabağ müharibəsi və minalar” adlı vebinar keçirilib. Tədbir zamanı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev İkinci Qarabağ müharibəsindən və torpaqların işğaldan azad olunmasından sonra Azərbaycanın mina problem ilə üzləşdiyini deyib. Onun sözlərinə görə, həmin ərazilərin yenidən qurulması üçün ilk növbədə bölgə minadan təmizlənməlidir, lakin minalı ərazilərin xəritəsi hələ də Ermənistan tərəfdən təqdim edilməyib: “Azərbaycan həmişə Beynəlxalq Minaların Qadağan Edilməsi Kampaniyasını dəstəkləyib. Lakin kampaniyadan gələn öhdəlikləri öz ərazisində yerinə yetirə bilməyib, çünki bu ərazilər Azərbaycanın nəzarəti altında olmayıb. İndi isə vəziyyət dəyişib. Yenidən bu məsələlər Azərbaycanın gündəliyindədir. Azərbaycan üçün regionun minalardan təmizlənməsi vacibdir”.

Daha sonra çıxış edən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov hazırda 200-dən çox insanın azad olunmuş ərazilərin minadan təmizlənməsi işinə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, minalardan təmizlənmə işində həm Müdafiə Nazirliyi, həmçinin də Fövqəladə Hallar Nazirliyinin heyətləri də iştirak edirlər: “Hazırda biz bir sıra vacib hüquqi-normativ sənədlər hazırlamışıq. Bir çox təşkilatlar bu istiqamətdə Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar. Ərazidə müxtəlif növ minalarla rastlaşırıq. Onların neytrallaşdırılması çox çətin olur”. 

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai özü Əfqanıstanda minaların törətdiyi dəhşətlərin şahidi olduğunu  və bu problemin Azərbaycan üçün necə çətinlik yaratdığını yaxşı anladığını deyib. O bildirib ki, BMT hökumətin minaların təmizlənməsi istiqamətində fəaliyyətini alqışlayır: “ 5 ildir ki Azərbaycanda çalışıram və ANAMA-nın gördüyü işlərə şəxsən şahidəm. ANAMA tərəfindən nəhəng işlər görülüb. Mina risklərinə dair əhalinin maarifləndirilməsi istiqamətində işlərin dəstəklənməsi üçün BMT 2 milyon avro həcmində vəsait ayırıb”. BMT nümayəndəsi Ermənistanı və Azərbaycanı Minalar Əleyhinə Konvensiyaya qoşulmağa dəvət edib. 

Piyada Əleyhinə Minaların Qadağan Edilməsi üzrə Beynəlxalq Hərəkatın siyasət və hökumətlərlə əlaqələr üzrə meneceri Kasia Derlika-Rozenbauer təmsil etdiyi kampaniya barədə məlumat verib və yaxın gələcəkdə Azərbaycanın minalardan azad olunmuş bir ölkə olacağına ümid etdiyini bildirib: “Ümumilikdə dünyada minalardan təmizlənmə tempi lazımı qədər tez getmir. Azərbaycanın Minalara Əleyhinə Konvensiyaya qoşulmasının vaxtı çatıb. Bunun Azərbaycan üçün bir çox öhdəlikləri, eyni zamanda siyasi faydaları olacaq. Sülh quruculuğu prosesinə də müsbət təsir edəcək”. 

Mina Məsləhət Qrupunun (MAG) kommersiya direktoru Adam Komorovski qısa müddət əvvəl Azərbaycanla gələcək əməkdaşlığadair danışıqlar apardığını bildirib. O qeyd edib ki, təmsil etdiyi təşkilat 30 il ərzində 68 ölkədə fəaliyyət göstərib: “Azərbaycanın əraziləri minalardan azad etmək üçün böyük işlər gözləyir. Artıq aparılan işlər var. MAG-la gələcək əməkdaşlıq ANAMA ilə saziş əsasında aparılacaq”. 

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova minalardan təmizlənmə məsələsinin ölkə gündəmində əsas məsələlərdən biri olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan konvensiyanı hələ də imzalamasa da sazişi dəstəkləyir.

Daha sonra vebinar sual-cavab şəklində davam etdirilib. 

https://fb.watch/5atPb_Pvse/

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib