Düşünülmüş və milli maraqlara əsaslanan xarici siyasət hər bir ölkənin milli mənafeyinin, təhlükəsizliyinin, hərtərəfli inkişafının təmin olunmasında əsas vasitələrdən biri sayılır. 1993-cü ilin yayında yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin məhz qeyd olunan rasional xarici siyasət strategiyası ölkənin düşmüş olduğu böhranlı vəziyyətdən çıxmasında böyük rol oynadı. Mürəkkəb geosiyasi mövqeyə, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı müharibəyə, regionda maraqları olan digər güc mərkəzlərindən qaynaqlanan böyük siyasi-ideoloji, hərbi, iqtisadi təhdidlərə, çoxsaylı daxili problemlərə baxmayaraq, Heydər Əliyevin dərin ağıla və dəmir məntiqə əsaslanan xarici siyasəti az qala məhv olmaq təhlükəsi ilə üz-üzə qalan dövləti qorumaqla yanaşı, onu beynəlxalq münasibətlər sisteminin layiqli üzvünə çevirdi. Heydər Əliyevin xarici siyasətinin əsas məziyyətləri kimi həm də macəraçılıqdan və hər hansı siyasi avantüradan uzaqlığı, praqmatizmi və ehtiyatlılığı qeyd etmək olar.
Ümumiyyətlə, rasional, praqmatik xarici siyasət özündə bir sıra vacib məqamları ehtiva edir. Düşünülmüş xarici siyasətin təməlində dayanan amilləri əsasən belə sıralamaq olar: ölkənin geosiyasi mövqeyi, coğrafi yerləşməsi, ərazi tutumu, əhali sayı, iqtisadi, hərbi potensialı, tarixi və təbii ki, dəyişən beynəlxalq konyunktura. Bütün bu amilləri nəzərə alaraq həyata keçirilən xarici siyasət rasional, yaxud düşünülmüş hesab edilə bilər. 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən və böyük dövlət adamı olan Heydər Əliyev də öz xarici siyasət strategiyasını məhz qeyd etdiyimiz amilləri nəzərə almaqla həyata keçirib. Ölkəmiz üçün kifayət qədər ağır, mürəkkəb dövrdə hakimiyyətə qayıdan H.Əliyevin xarici siyasətinin əsas prioritetləri və hədəfləri kimi müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif növ təhdidlərin neytrallaşdırılması, dövlətimizin tanıdılması və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmaqla bu sistemdə mövqelərimizin gücləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın təcavüzünün aradan qaldırılması, uğurlu enerji strategiyası və “neft diplomatiya”sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, yerləşdiyimiz regionda sülhün, əmin-amanlığın bərqərar olmasını qeyd edə bilərik. H.Əliyevin xarici siyasətinin əsas istiqamətləri kimi isə bütün dövlətlərlə, xüsusilə də regionda maraqları olan güc mərkəzləri ilə normal münasibətlər yaratmaq, beynəlxalq inteqrasiya proseslərinə qoşulmaq, qlobal və regional təhlükəsizlik sistemlərinin yaradılmasında, eyni zamanda, transmilli problemlərin (terrorçuluğa qarşı mübarizə, ətraf mühitin qorunması və s.) həllində fəal iştirakı vurğulamaq olar.
Daha bir vacib məqamı da əlavə etmək istərdik ki, H.Əliyevin həyata keçirdiyi xarici siyasət məqsədyönlü diplomatiya ilə daha da real məzmun almışdır. Xarici siyasətin həyata keçirilməsinin əsas vasitələrindən biri olan diplomatiya dövlətimizin beynəlxalq münasibətlər sistemində maraq və mənafeyini təmin etmək baxımından Heydər Əliyev tərəfindən yüksək məharətlə reallaşdırılmışdır.
Burada haşiyəyə çıxaraq görkəmli Amerikan politoloqu Hans Morgentaunun diplomatiya ilə bağlı fikirlərini xatırlatmaq istərdik. O qeyd edirdi ki, diplomatiyanın dörd əsas vəzifəsi var: 1) diplomatiya öz məqsədlərini həmin məqsədlərə nail olmaq üçün mövcud və potensial gücü nəzərə alaraq müəyyən etməlidir; 2) diplomatiya digər dövlətlərin məqsədlərini və həmin məqsədlərə nail olmaq üçün mövcud potensial gücü qiymətləndirməlidir; 3) diplomatiya həmin müxtəlif məqsədlərin bir-birinə nə qədər uyğun olduğunu müəyyən etməlidir; 4) diplomatiya öz məqsədlərinə nail olmağın ən münasib üsullarını tətbiq etməlidir. Xarici siyasət məqsədlərinə çatmaq üçün Heydər Əliyevin həyata keçirdiyi diplomatiyaya nəzər saldıqda, aydın görmək olar ki, mərhum dövlət başçımız H.Morgentaunun qeyd etdiyi diplomatiyanın dörd “qızıl qaydası”na fəaliyyətində tam əməl edib. Məhz Heydər Əliyevin düşünülmüş, praqmatik xarici siyasəti və bu siyasətə uyğun diplomatiyası Azərbaycanın regionda ciddi geostrateji maraqları olan və əksər hallarda maraqları toqquşan böyük dövlətlərlə, eləcə də digər ölkələrlə münasibətlərinin formalaşmasına, qaydaya düşməsinə səbəb oldu.
Onu da qeyd edək ki, Heydər Əliyevin tamamilə fərqli güc mərkəzləri ilə qurmağa nail olduğu balanslı münasibətlərdə ulu öndərin “çarpaz diplomatiya”sı da böyük rol oynamışdır. Bir vacib məqamı da əlavə etmək istərdik ki, ölkə daxilində siyasi-iqtisadi, hərbi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, Heydər Əliyev öz prezidentliyi dövründə olduqca fəal diplomatiya həyata keçirib. Rəsmi səfərlər, keçirilən görüşlər, imzalanan müqavilələrlə bağlı statistik məlumatlar da fikirlərimizi təsdiq edir. Məsələn, Heydər Əliyev 1993-1998-ci illərdə, yəni prezidentliyinin birinci dönəmində 33 ölkəyə 79 dəfə səfər etmiş, 232 tədbirdə iştirak etmiş, 431 sənəd imzalamışdı.
Heydər Əliyevin xarici siyasəti elmi-siyasi baxımdan, haqlı olaraq, çoxvektorlu adlandırılır və bu siyasəti daha aydın dərk etmək üçün, fikrimizcə, mövzuya qısa da olsa, bir qədər geniş kontekstdə baxmağa ehtiyac var. Dünya dövlətləri özlərinin milli maraqlarını, mənafeyini və digər amilləri nəzərə alaraq spesifik xarici siyasət strategiyalarını həyata keçirirlər. Bu xarici siyasət strategiyalarını ümumiləşdirəndə, onları şərti olaraq belə qruplaşdırmaq olar: “Öz gücü”nü artırmaq, alyanslara qoşulmaq, risklərin azaldılması (Strategic Hedging) və neytrallıq siyasətləri. Risklərin azaldılması strategiyası çoxvektorlu xarici siyasət hesab edilir və bu baxımdan Heydər Əliyevin xarici siyasət strategiyasını həm də risklərin azaldılması siyasəti kimi dəyərləndirə bilərik. Bütövlükdə, risklərin azaldılması strategiyası çoxvektorlu siyasət həyata keçirməklə potensial itkilərin azaldılması kimi müəyyən edilir. Bu strategiya özündə birtərəfli siyasətdən imtina etməyi və regional güclərlə əlaqəli potensial riskləri onlarla qarşıdurmaya getmədən azaltmağı ehtiva edir. Adətən kiçik dövlətlər hər hansı güc mərkəzini özünün təhlükəsizlik maraqlarından çıxış edərək müdafiə etmək istəməyəndə, bu siyasəti həyata keçirirlər. Ümumiyyətlə, kiçik dövlətlərin bir hissəsinin risklərin azaldılması strategiyasına üstünlük verməsinin əsas səbəbləri təhlükəsizlik baxımdan təhdidləri azaltmaq və iqtisadi zərərləri önləməkdən ibarətdir. Bu strategiyanı beynəlxalq münasibətlərdə praktiki olaraq həyata keçirən bir çox dövlətlər də var. Məsələn, bəzi Cənub-Şərqi Asiya dövlətləri ABŞ və Çin arasında təsir uğrunda mübarizədə risklərin azaldılması strategiyasına üstünlük verirlər və bununla da təhlükəsizlik qayğılarını minimuma endirirlər. Qeyd olunan strategiya onlara bir güc mərkəzinə bağlanmadan hər iki tərəflə əlaqələri davam etdirməyə imkan verir. Heydər Əliyev də çoxvektorlu xarici siyasəti Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurla həyata keçirə bildi və bu siyasət yalnız Azərbaycanın deyil, bütövlükdə bölgənin siyasi-təhlükəsizlik mühitində stabilləşdirici-pozitiv rol oynadı. 1993-cü ildə yenidən hakimiyyətə qayıdandan sonra Heydər Əliyevin ölkənin yeni xarici siyasəti haqqında ifadə etdiyi fikirlər bu siyasətin çoxvektorlu olacağından xəbər verirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti olmayıbdır. Azərbaycanın bütün dövlətlərlə gərək bərabər hüquqlu əlaqəsi olsun, Türkiyə ilə, İran ilə, qonşu Gürcüstan ilə, Rusiya ilə də, Amerika ilə də, Avropa dövlətləri ilə də, Ərəb dövlətləri ilə də, müsəlman dövlətləri ilə də, türkdilli dövlətlərlə də, Mərkəzi Asiya dövlətləri ilə, Qazaxıstanla da bərabər hüquqlu əlaqələri olmalıdır”.
Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003) çoxvektorlu xarici siyasətin mahiyyətinə uyğun olaraq Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətləri formalaşdırıldı və inkişaf etdirildi. Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətlər Heydər Əliyevin xarici siyasətində xüsusi yer tuturdu. Qısa olaraq bu əlaqələrə nəzər salaq. Eyni etnik soykökü birliyinə, tarixi, mənəvi yaxınlığa malik olduğumuz qardaş Türkiyə Cümhuriyyəti Heydər Əliyevin xarici siyasət strategiyasında ən əhəmiyyətli yerlərdən birini tutmuşdur. Heydər Əliyev Türkiyəyə ilk rəsmi səfərini 1994-cü il fevralın 8-11-i tarixlərində həyata keçirib. Qeyd olunan səfər zamanı iki dövlət arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə müqavilə” də daxil olmaqla, müxtəlif sahələri əhatə edən sazişlər imzalanmışdır. Heydər Əliyevin prezidentliyi dövründə hər iki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri sözdən əmələ, daha dəqiq desək, real müstəviyə keçmişdir. Hazırda Azərbaycan-Türkiyə münasibətləri rəsmi müttəfiqlik səviyyəsinə qədər inkişaf edib və hesab edirik ki, bu müttəfiqliyə gedən yolda Heydər Əliyevin siyasi-diplomatik mirasının xüsusi yeri vardır.
Müstəqilliyimizin ilk illərində münasibətlərimizin gərgin və ziddiyyətli olduğu Rusiya ilə əlaqələrə Heydər Əliyev ciddi önəm verirdi. Rusiya ilə münasibətlərdə əsasən bir sıra məlum geosiyasi və digər səbəblərdən meydana çıxan kəskin problemlər həmin dövrdə yenicə müstəqilliyini əldə edən, Ermənistanla müharibə içərisində olan ölkəmiz üçün ciddi təhlükəsizlik riskləri yaradırdı. H.Əliyevin Rusiya ilə münasibətlərdə əsas götürdüyü prinsiplər mövcud geosiyasi reallıqları nəzərə alaraq ehtiyatlılıq, qarşılıqlı olaraq maraqların uzlaşdırılması və bütün bunlarla bərabər. müstəqilliyin, həyati milli maraqların qorunması, bərabərhüquqlu tərəfdaş kimi Azərbaycanın qəbul etdirilməsi olmuşdur. Prezidentliyi dövründə Heydər Əliyev dəfələrlə Rusiyaya işgüzar və rəsmi səfərlər reallaşdırıb. Bu səfərlərdən ən vacibi, fikrimizcə, onun 1997-ci ilin iyulunda Rusiyaya etdiyi ilk rəsmi səfərdir. Bu səfər müddətində iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə də daxil olmaqla, bir sıra vacib sənədlər imzalanmışdır. Rusiya prezidenti V.Putinin də 2001-ci ilin yanvarında Azərbaycana rəsmi səfəri müəyyən nəticələri ilə yadda qaldı. Ümumiyyətlə, hər iki səfər müddətində aparılan danışıqlar və imzalanan müqavilələr iki ölkə arasında münasibətlərin normallaşmasında, yeni mərhələyə daxil olmasında ciddi rol oynadı.
Heydər Əliyevin xarici siyasətdə önəm verdiyi əsas istiqamətlərdən biri də Qərb vektoru olmuşdur. Qərbin aparıcı dövlətləri ilə münasibətlərin dərinləşdirilməsinə Heydər Əliyev həm milli maraqlarımız, həm də regional geosiyasi proseslər kontekstində yanaşırdı. Belə ki, dərin siyasi təfəkkürə malik olan Heydər Əliyev aydın dərk edirdi ki, müstəqilliyimizi möhkəmləndirmək və bəzi neoimperialist siyasət həyata keçirən regional güc mərkəzlərinin neqativ təsirlərini azaltmaq üçün Qərbin Cənubi Qafqazda ciddi geosiyasi, geoiqtisadi maraqlarını formalaşdırmaq lazımdır. 1994-2003-cü illərdə xarici siyasətimizdə atılan bir sıra ciddi addımlar, reallaşdırılan böyük geostrateji əhəmiyyətli layihələr (“Əsrin Kontraktı”, “Bakı-Tiflis-Ceyhan kəməri”, “Böyük İpək Yolu” və s.) ölkəmizi Avro-Atlantika məkanına yaxınlaşdırmaqla bərabər, Cənubi Qafqazın Qərb üçün geosiyasi cəlbediciliyini də artırdı.
Heydər Əliyevin çoxvektorlu xarici siyasətində ən mühüm yerlərdən birini də dünyanın ən böyük siyasi, iqtisadi, hərbi gücü olan ABŞ ilə münasibətlər təşkil etmişdir. Heydər Əliyevin prezidentliyi dövründə Birləşmiş Ştatlarla münasibətlərdə üç başlıca istiqamət müəyyənləşdirildi: siyasi-diplomatik, iqtisadi-enerji və təhlükəsizlik. Hər iki ölkə arasında bu üç istiqamət üzrə münasibətlər inkişaf etdirilərək, əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı. Təsadüfi deyil ki, prezident Heydər Əliyevin 1997-ci ilin avqustunda ABŞ-a reallaşdırdığı ilk rəsmi səfərində imzalanan “Amerika-Azərbaycan münasibətləri haqqında” Birgə Bəyanatda Azərbaycan Respublikası Birləşmiş Ştatların strateji tərəfdaşı elan edilirdi. Yeri gəlmişkən, qeyd edək ki, bu səfər müddətində hər iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməyi nəzərdə tutan bir sıra vacib sənədlər də imzalanmışdır.
Prezident Heydər Əliyevin xarici siyasətində digər vacib istiqamətlərdən biri də Avropa dövlətləri ilə münasibətlər olmuşdur. Xüsusilə “köhnə dünya”nın aparıcı dövlətləri olan Fransa, Böyük Britaniya, Almaniya kimi ölkələrlə əlaqələr yeni mərhələyə daxil olmuşdur. Qeyd edək ki, Heydər Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfərini 1993-cü ilin dekabrında Fransaya etmişdir. Heydər Əliyev Fransaya rəsmi səfəri zamanı bu ölkə ilə “Dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında müqavilə” ilə bərabər, “Paris Xartiyası”nı da imzaladı. “Paris Xartiyası”na qoşulmaqla, Azərbaycan Avropanın ümumi təhlükəsizlik sistemində iştirakına doğru ilk böyük addımını atmış oldu. Heydər Əliyev Avropanın digər böyük dövlətlərindən biri olan Böyük Britaniyaya ilk rəsmi səfərini 1994-cü ilin fevralında, Almaniyaya isə 1996-cı ilin iyulunda etmişdir. Bu səfərlər zamanı hər iki ölkə ilə münasibətlərin əsasını təşkil edən mühüm müqavilələr, sənədlər imzalanmışdır. 1990-cı illərin ortalarında prezident Heydər Əliyev Avropanın yalnız böyük dövlətlərinə deyil, digər dövlətlərinə də çoxsaylı səfərlər etmişdir. Bu sırada Norveç, Belçika, Polşa, Bolqarıstan, Rumıniya kimi dövlətləri misal göstərmək olar.
Heydər Əliyevin xarici siyasətinin əsas istiqamətlərdən birini də Asiya yönümü təşkil etmişdir. Azərbaycanın xarici siyasətinin Asiya vektoruna Çin, Yaponiya kimi iqtisadi, siyasi nəhənglərlə, həmçinin Pakistan, Səudiyyə Ərəbistanı, İran, Misir, Hindistan, İsrail kimi regional dövlətlərlə münasibətlər daxil edilmişdir. Heydər Əliyev öz prezidentliyi dövründə adlarını qeyd etdiyimiz və etmədiyimiz Asiya dövlətlərinə rəsmi, işgüzar səfərlər edərək onlarla ölkəmizin siyasi, iqtisadi, mədəni əlaqələrinin qurulmasını və inkişaf etdirilməsini təmin etmişdir.
Beləliklə, Heydər Əliyevin düşünülmüş çoxvektorlu xarici siyasət strategiyası gənc, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində milli maraq və mənafeyinin qorunmasında, təhlükəsizliyinin təmin olunmasında fövqəladə rol oynadı. Heydər Əliyev çoxvektorlu, balanslaşdırılmış xarici siyasətin Azərbaycan modelini yaratmaqla, həm də özündən sonra həyata keçiriləcək uğurlu xarici siyasətin əsasını qoymuş oldu. Bu baxımdan birmənalı şəkildə vurğulamaq olar ki, İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz tarixi zəfərimizdə də, mürəkkəb dünya düzənində layiqli yer tutmağımızda da Heydər Əliyevin zəngin siyasi-diplomatik irsi böyük rol oynamışdır.