Azərbaycan Prezidenti İlham Əliyevin 5-6 mart 2025-ci il tarixlərində Türkiyəyə səfərinin gündəmindəki ən aktual məsələlərdən biri də iki müttəfiqin dəyişən qlobal və regional güc balansı ilə bağlı mövqeyi olub.
İ. Əliyevin Ankaraya səfəri Donald Trampın ikinci dəfə ABŞ prezidenti olması ilə başlayan ABŞ-Rusiya yaxınlaşmasını əhatə edən dövrə təsadüf etdi: ABŞ Ukraynaya hərbi, kəşfiyyat və maliyyə yardımını kəsir; ABŞ və Aİ-nin Ukrayna və Rusiyaya qarşı siyasətində fikir ayrılığı;
Bəziləri bu hadisələrin, xüsusən də Trampın Rusiya ilə təmaslarının Çini təcrid etmək və Rusiyanı ABŞ tərəfinə çəkmək üçün hazırlanan daha geniş strategiyanın nəticəsi olduğunu düşünür.
Yeni dünya nizamının formalaşdırılması ilə bağlı müzakirələr aparılarkən ənənəvi ittifaqların yenidən nəzərdən keçirilməsi prosesi Azərbaycan və Türkiyənin fəal rol oynadığı Cənubi Qafqaz və türk coğrafiyası üçün də öz müəyyən nəticələr doğuracaq.
Oxşar vəziyyət 2008-ci ildə Barak Obama administrasiyası tərəfindən həyata keçirilən “reset” siyasəti dövründə baş vermişdi. Müəyyən akademik şərhlərə görə, Obama administrasiyasının məqsədi Çini çevrələmə (contain) siyasəti olub. Beləliklə, 2008-ci ildə ABŞ dövlət katibi Hillari Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra “reset” siyasətini açıqladı, Cənubi Qafqaz və Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsinə aid regionlar kimi tanıdı. Güman edilir ki, ABŞ administrasiyasının 2014-cü ildə Krımın ilhaqına qarşı çıxış etməməsinin səbəbi Rusiyaya münasibətdə yeridilən bu konkret siyasətlə bağlı olub.
Həmin dövrdə Türkiyə və Azərbaycan Cənubi Qafqazın təhlükəsizliyində preventiv rol oynadılar. İlk olaraq, Türkiyə Cənubi Qafqaz əməkdaşlıq platformasını təklif etdi. Daha sonra 2010-cu ildə Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında saziş imzalandı. Nəhayət, 2011-ci ildə Azərbaycan-Türkiyə-Gürcüstan formatında üçtərəfli danışıqlara start verildi. Bir növ, Türkiyə burada liderliyi öz üzərinə götürdü. Beləliklə, yeni nizamın nəticəsi olaraq, Azərbaycan və Türkiyə Cənubi Qafqazda, xüsusən də birgə əməkdaşlığın müxtəlif formaları vasitəsilə mühüm rol oynadılar.
Gələcəkdən gözləntilər nələrdir?
Yeni dövr kifayət qədər çağırışlar gətirir. Bəzi ekspertlərin fikrincə, ABŞ-nin Ukrayna məsələsində Rusiyaya güzəştə getməsi onun Moskva ilə münasibətlərinin normallaşması üçün kifayət etməyə bilər. Bundan əlavə, Donald Tramp Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı da müəyyən güzəştlərə gedə bilər. Qeyd edək ki, son illər Azərbaycan, Türkiyə və Rusiya arasında hərtərəfli əməkdaşlıq regionda sabitliyin və əməkdaşlığa xidmət edib. Lakin bu tarazlığın pozulması arzuolunmaz nəticələrə gətirib çıxara və digər regional güclərin aqressiv münasibətinə təkan verə bilər. Bu, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) hazırda davam edən əməkdaşlıq və inteqrasiya prosesinə də xələl gətirə bilər.
Türkiyə ilə Azərbaycan arasındakı müttəfiqlik bu yeni dövrə möhkəmlənmiş və daha güclü vəziyyətdə daxil olur. ABŞ-nin Avropada təhlükəsizlik qarantı rolundan çəkilmək istəyi və Ukraynaya təhlükəsizlik zəmanəti vermək istəməməsi Türkiyənin Avropa üçün strateji dəyərini artırıb. Üstəlik, Avropa ölkələrinin Avropada ortaq hərbi birləşmə yaratmaq istəyi Türkiyənin iştirakı olmadan mümkünsüz görünür.
Türkiyə bu bölgənin əsas dövləti kimi tanınır və onun rolu artmaqda davam edir. Bunun əsas göstəricisi ABŞ-nin yeni dövlət katibi Marko Rubionun xarici işlər naziri Hakan Fidan ilə Cənubi Qafqazda normallaşma və sülh prosesini birbaşa müzakirə etməsidir. Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov da regiona səfəri zamanı Fidanla Cənubi Qafqazda normallaşma prosesini müzakirə edib. Regionda ənənəvi olaraq üstünlük təşkil edən və onilliklər boyu öz maraqlarını regional gündəmdə yerləşdirməyə çalışan hər iki gücün Cənubi Qafqazla bağlı məsələlərdə birbaşa Türkiyə ilə danışıqlar aparması onların ölkənin regiondakı roluna böyük önəm verdiklərinin bariz göstəricisidir.
*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: