BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Gəncəyə raket hücumunun ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib

2022-10-11 17:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 11 oktyabr 2020-ci il tarixində Ermənistanın Gəncəyə etdiyi raket hücumunun ikinci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbir zamanı əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sükutla yad edilib. Daha sonra BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, ərazilərimizin işğalı dövründə Ermənistan tərəfindən xalqımıza qarşı saysız cinayətlər törədilib və iki il bundan əvvəl oktyabrın 11-də gecə saatlarında Gəncə şəhərinə edilən raket hücumu da bu cinayətlərdən biridir: “Ermənistan ölkəmizə və xalqımıza qarşı həyata keçirdiyi müharibə cinayətlərinə görə cavab verməlidir. Beynəlxalq təşkilatlar bununla bağlı münasibət bildirməlidir”.

Daha sonra çıxış edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov  bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə 2020-ci ilin oktyabrında dəfələrlə raket və artilleriya hücumuna məruz qalıb və  bu hadisələr zamanı 6 ailənin bütün üzvləri tamamilə qətlə yetirilib. Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində Gəncə hadisələri ilə bağlı təhqiqatlar aparılır. İlqar Səfərov əlavə edib ki, Vətən Müharibəsi dövründə hərbi cinayətlər Azərbaycan ərazisində törədildiyinə görə bunu edənlər barəsində ölkəmizin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və günahkarlar məsuliyyətə cəlb olunacaqlar.

Xarici İşlər Nazirliyinin Mətbuat  Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib ki, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı etdiyi raket hücumları birmənalı olaraq müharibə cinayətidir. Onun sözlərinə görə, bu addımlar insan haqları və beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması deməkdir: “Müharibə bitdikdən sonra insan hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində və irqi ayrı seçkiliklə bağlı Beynəlxalq Ədalət Məhkəməsində vəsatət qaldırılıb. Hər iki vəsatətdə Gəncə hadisələri yer alıb. Bu kimi işlərə uzun müddətdə baxılır və proses davam edir. Azərbaycan Ermənistan tərəfindən törədilən cinayətlərə görə bütün imkanlardan istifadə edəcək”.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini, polkovnik-leytenant, Rəşad Əhmədov çıxışında bildirib ki, müharibə zamanı mülki əhalinin hədəfə alınmasının beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən mülki əhalinin hüquqlarının qorunmasına dair Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Onun sözlərinə görə, hərbi əməliyyatların aparıldığı ərazidən 80 km uzaqlıqda yerləşən Gəncə şəhərinin vurulması hərbi cinayətdir, terror aktıdır və qınanmalıdır. Müdafiə Nazirliyi rəsmisi müharibə zamanı Azərbaycan ordusunun beynəlxalq hüququnun norma və prinsipləri çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb.

BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli çıxışında bu kimi müharibə cinayətlərinin sülh prosesinə mane olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında danışıqlar həmçinin humanitar istiqamətdə aparılır və Ermənistan bu sahədə də qeyri-konstruktivlik nümayiş etdirir: “Bizim Ermənistandan gözləntimiz odur ki, törətdiyi cinayətləri etiraf etsin və bu cinayətlərin hüquqi, siyasi, iqtisadi və mədəni məsuliyyətini daşısın. Bu olmadığı halda regionda davamlı sülhdən danışıla bilməz”.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə davam etdirilib.

 

Müəllifin son məqalələri

04 Noyabr 2024 - 18:31

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı şərhi-04.11.2024

22 Oktyabr 2024 - 14:23

Yekaterinburqda "COP29 Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi amili kimi" mövzusunda dəyirmi masa keçirilib

22 Oktyabr 2024 - 11:32

Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib