Sovet İttifaqının süqutundan sonra dünyada hərbi siyasi blokların, xüsusilə bu təşkilatlara qarşı yaradılmış hərəkatların əhəmiyyətsiz olacağına dair fikirlər formalaşdı. Lakin bu mülahizələr çox tezliklə özünü doğrultmadı. Bu gün dünya əvvəlkindən daha çox parçalanmış vəziyyətdədir. Hərbi ittifaqlar, həmçinin bu ittifaqlara qoşulmama ideyaları daha çox aktualdır.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin ABŞ-ın “Foreign Policy News” nəşrində dərc olunmuş “Qoşulmama Hərəkatı dünya gündəmindən ayrı qalmamalıdır” adlı məqaləsində deyilir.
Məqalədə bu il NATO-nun 70 illik yubileyinin keçirildiyi qeyd edilir: “NATO Soyuq Müharibənin sonunda mövcudluğunu davam etdirən ən güclü hərbi-siyasi blokdur. Onun rəqibi Varşava paktı isə 1955-ci ildə yaradılsa da, 1991-ci ilə kimi davam etdi. Lakin əvvəlki tarixdə mövcud olan bipolyar dünyada daha bir ölkə qrupu – Qoşulmama Hərəkatı fəaliyyətə başladı. Ona sağ və ya sol ideologiyanı dəstəkləmələrindən asılı olmayaraq formal olaraq hərbi ittifaqlara qoşulmaqdan çəkinməyə üstünlük verən ölkələr daxil olmuşdu”.
Müəllif qeyd edir ki, Qoşulmama Hərəkatının Soyuq Müharibə və müstəmləkəçilikdən azad olma dövründə ciddi dəyişikliklərlə üzləşməsinə baxmayaraq, onun əsas prinsipləri daha əhəmiyyətli və aktualdır: “Qoşulmama Hərəkatı çoxtərəfli əlaqələr prinsipinə tərəfdardır. Bu konsepsiya daha kiçik ölkələri özlərini qorumaq üçün daha uyğun beynəlxalq şəraitlə və Soyuq Müharibənin başa çatmasından sonra saxlanılan təhlükəli beynəlxalq mühitdən faydalanmaq imkanı ilə təmin edir. Dünya SSRİ-nin dağılması ilə təhlükəsiz yerə çevrilməyib. Həm bipolyar Soyuq Müharibə dövrü, həm də ABŞ-ın başçılığı ilə birtərəfli dünya çoxsaylı ərazi, etnik və dini münaqişələrlə xarakterizə olunur. Bu münaqişələr qlobal güclər tərəfindən dəstəklənmiş və dəstəklənməkdə davam edən münaqişələrdir”.
Fərid Şəfiyev məqalədə yazır ki, Qoşulmama Hərəkatı ərazi bütövlüyü və suverenlik prinsiplərini prioritet hesab edir, eynilə bəzi üzv ölkələr regional güclərin təhdidləri, irredentizm və separatizmlə üzləşib: “Ümumilikdə Qoşulmama Hərəkatı beynəlxalq sülhü qorumaq naminə bəzi hallarda uğur qazanmış, bəzən isə uğursuzluğa düçar olmuş BMT-nin ideya və prinsiplərini dəstəkləyir. BMT-nin uğursuzluğu ilsə kollektiv məcburetmə mexanizmlərinin olmamasından, birtərəfli qaydada güc tətbiq etmədən qaynaqlanır”.
Sonda müəllif təşkilata yeni üzv olan Azərbaycanın oktyabrda Qoşulmama Hərəkatı sammitinə ev sahibliyi edəcəyini vurğulayır. O qeyd edir ki, Azərbaycan Cənubi Qafqaz regionunda heç bir hərbi bloka qoşulmamış və belə niyyəti olmayan yeganə ölkədir və bu hərəkata müvafiq töhfə verə bilər. “Dünyada mövcud olan hazırkı gərginliyi azaltmaq üçün Qoşulmama Hərəkatından istifadə edilməlidir”, - deyə müəllif qeyd edir.