Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır

“BrusselsMorning” qəzetində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlının "Ətraf mühit Qarabağ müharibəsinin unudulmuş qurbanıdır" başlıqlı məqaləsi dərc olunub.  Məqalədə Ermənistanın işğal edilmiş ərazilərin ekologiyasını və təbii resurslarını istismar etməsi və Oxçuçayın çirkləndirilməsinin davam etməsindən bəhs edilir.  Məqalədə göstərilir ki, dünyanın müxtəlif bölgələrində yaşayan insanlar artıq qlobal istiləşmənin mənfi təsirlərini – şirin su ehtiyatlarının azalmasını, kəskin dəyişkən hava şəraitlərini və meşələrin yanmasını öz həyatlarında hiss etməkdədirlər. Qeyd edilir ki, Beynəlxalq təşkilatlar, hökumətlər, şirkətlər və icmalar birlikdə hərəkət etməyə çalışır, alimlər və ekspertlər bu dəyişikliyin ağır nəticələrindən qaçmağın yolları haqqında müzakirələr aparır, siyasətçilər və məşhur insanlar diqqəti bu mövzunun üzərinə gətirmək üçün səylər göstərirlər: "Ancaq iqlim dəyişikliyi ilə bağlı mənfi trendlər ildən-ilə daha da pisləşir. Ona görə də hər bir ağacın və təbii su mənbələrinin qorunması dünyanın istənilən bölgəsində yaşayan insanların diqqət mərkəzində olmalı, bu sahədəki cinayətlər bütün insanlığa qarşı cinayət kimi qiymətləndirilməlidi".

 Məqalədə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hesabatında da göstərildiyi kimi silahlı münaqişələrin 1946-2010-cu illər ərzində ən böyük və diqqətdən kənarda qalan qurbanının ətraf mühitin olması faktı diqqətə çatdırılır. Beynəlxalq humanitar hüququn ətraf mühitdən silah kimi istifadəni və təbiətə qarşı məqsədli hücumları qadağan etdiyi vurğulanır. Məqalədə göstərilir ki, Cənubi Qafqazdakı münaqişənin də ən böyük və diqqətdən kənar qalmış qurbanını ətraf mühitdir. Bildirilir ki, müharibənin aktiv fazası zamanı və işğal illərində ətraf mühitə ciddi şəkildə ziyan vurulub və təbiət amansızcasına istismar edilib. Qeyd edilir ki, işğal edilmiş ərazilər 27 il ərzində Şərqi Avropanın boz və ya nəzarətsiz zonalarından biri olub: "Azərbaycanın bu ərazilərə nəzarəti itirməsi və müvafiq beynəlxalq nəzarət mexanizmlərinin olmaması ətraf mühitə qarşı cinayətlərin həyata keçirilməsinə imkan verib. Keçmiş işğal edilmiş ərazilərdə həyata keçirilmiş bu cinayətlər qarşıdan gələn illərdə milyonlarla insanın həyatında özünün mənfi təsirlərini göstərməyə davam edəcək. Ötən 27 il ərzində Azərbaycan beynəlxalq ictimaiyyəti dəfələrlə keçmiş işğal edilmiş ərazilərdə qanunsuz şəkildə nüvə və radioaktiv tullantılarının basdırılması haqqında məlumatları tədqiq etməyə çağırıb. Bundan əlavə işğal illərində hər ilin yay aylarında keçmiş həmin ərazilərdə  kütləvi yanğınların törədilməsi faktları ATƏT və BMT kimi beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib və müvafiq sənədlər qəbul edilib.

Məqalədə göstərilir ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə  dağıntıları bərpa etməyə, kütləvi minalar basdırılmış əraziləri təmizləməyə başladığı və dəyən zərəri hesabladığı dövrdə, Ermənistan hələ də ətraf mühiti zəhərlənməkdə və   ziyan vurmaqda davam edir. Təəssüflə qeyd edilir ki, bu cinayətdə Almaniyanın CRONİMET şirkəti Ermənistan hökuməti ilə birlikdə Oxçuçayın çirkləndirilməsini davam etdirməklə yanaşı, hər iki tərəf istər hüquqi, istərsə də mənəvi məsuliyyətdən yayınmağa çalışır. Oxucuların diqqətinə çatdırılır ki, Almaniyanın daxili qanunvericiliyinə əsasən, bu ölkədə qeydiyyatdan keçmiş şirkətlər xaricdə törətdiyi cinayət əməllərinə görə alman qanunvericiliyi qarşısında məsuliyyət daşıyırlar.

Sonda bildirilir ki, Azərbaycan xalqı beynəlxalq ictimaiyyətdən Qarabağda xristian abidələri haqqındakı erməni tərəfinin əsassız iddialarına qarşı göstərdiyi həssas münasibəti bölgənin ətraf mühiti məsələsi ilə bağlı da sərgiləməsini gözləyir. 

 Daha ətraflı: https://brusselsmorning.com/2021/08/24/environment-is-the-neglected-victim-of-the-karabakh-war/amp/ 

Fuad Çıraqov

Şöbə müdiri