BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Ermənistanın etirafı: azərbaycanlıların etnik təmizləməyə məruz qalması və bunun nəticələri” sərlövhəli məqaləsi "Daily Sabah" nəşrində dərc edilib.
Müəllif Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı faktlarını etiraf etməsi ilə bağlı yayılan video, Ermənistan və Qarabağın azərbaycanlılardan silah gücünə tamamilə təmizlənməsi və bunun "600 illik problem" olması ilə bağlı ilə açıqlamaların qısa xronikasına nəzər salır.
C.Vəliyevin fikrincə, bu videolar əslində bəzi vacib mülahizələri ortaya qoyur və bu səbəbdən, bir neçə aspektdən əlavə təhlil edilməlidir.
“Erməni siyasi partiyaları və ekspertləri oxşar davranışları müharibə cinayəti kimi görmürlər, əksinə, erməni cəmiyyətinin qəhrəmanlıq eposuna aid narativ kimi qəbul edirlər. Levon Ter-Petrosyanın bəyanatı iki vacib etirafdan ibarətdir. Birincisi, azərbaycanlıların bu torpaqlarda əsrlər boyu yaşaması, müasir Ermənistan dövlətinin çərçivələri də daxil olmaqla bu regionun yerli əhalisi olması faktı. İkincisi, Ermənistan Prezidenti tərəfindən azərbaycanlıların etnik təmizləməyə məruz qoyulması birbaşa etiraf edilir”.
Yekunda müəllif diqqətə çatdırır ki, iki xalq arasındakı əsl problem sülh sazişinin yoxluğu deyil, Ermənistan tərəfinin Petrosyanın bu fikirlərinə qarşı çıxmaq əvəzinə, ona qanuni əsaslar axtarmağa çalışmasıdır.
“Belə bəyanatları müdafiə edib qanuniləşdirmək əvəzinə, Ermənistan cəmiyyəti onları qınamalı və buna görə üzr istəməlidir, belə bəyanatlara sahib çıxmamalıdır. Əslində isə bu cinayətləri törədənlər məhkəmə qarşısında çıxarılmalı və mühakimə olunmalıdırlar”,-deyə C. Vəliyev əlavə edir.