Ermənistan yüksək inflyasiya ilə üz-üzədir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Ermənistan yüksək inflyasiya ilə üz-üzədir” adlı məqaləsi “Eurasia Review” nəşri tərəfindən çap edilib.  Məqalədə əsas diqqət Ermənistanda hazırda mövcud olan qiymət artımına və inflyasiyanın artması perspektivlərinə yönəldilib. Qeyd edilib ki, 2012-2019-cu illərdəki aşağı inflyasiya səviyyəsindən sonra Ermənistanda qiymətlər əsaslı şəkildə artmaqdadır. Müharibədən sonra ilkin dövrlərdə inflyasiya üzərində təzyiqlər hiss edilməsə də 2021-ci ildə özünü göstərməyə başlayıb. Nəticədə, 2021-ci ildə Ermənistanda illik orta inflyasiya 7.7% səviyyəsinə qədər yüksəlib. Bu dövrdə ərzaq məhsullarının qiyməti 12.5%, qeyri-ərzaq məhsullarının qiyməti isə 8% artıb. Ermənistan Mərkəzi Bankının proqnozlarına görə isə 2021-ci ildə inflyasiya 8.4% səviyyəsində olub.

Daha sonra məqalədə qeyd edilib ki, Ermənistanda qiymət artımı 2022-ci ildə də davam edir. Belə ki, statistik məlumatlara əsasən, yanvar ayında illik inflyasiya səviyyəsi 7.1% olub. Dekabr ayı ilə müqayisədə isə 1.6% inflyasiya qeydə alınıb. Bu qiymət artımlarına təsir edən əsas amillərdən biri Ermənistanda kommunal xərclərin artımı olubdur. Belə ki, 2022-ci ilin yanvar ayının 1-dən etibarən Ermənistanda istehlak suyunun qiyməti 11% artırılıb. Fevral ayını 1-dən etibarən isə ev təsərrüfatları üçün elektrik enerjisinin qiyməti orta hesabla 4.7% artırılıb. Bu da inflyasiyaya 5% səviyyəsində təsir edəcəyi gözlənilir.  Bundan başqa Aprel ayının 1-dən etibarən qazın idxal qiymətinin də 5% artacağı gözlənilir. Nəticədə, az təminatlı təbəqə üçün qazın qiyməti 33.1% artmış olacaqdır. 

Məqalədə göstərilib ki, kommunal xərclərin artması ilə yanaşı bir çox vergi və rüsumların artırılması da inflyasiyanın yüksəlməsinə təsir edir. Buraya əmlak vergisinin 5%, spirtli içkilər üçün aksiz vergisinin 30%, üçüncü ölkələrdən idxal edilən mal ətinin rüsumunun 25%, toyuq ətinin rüsumunun 30%, marqarin və düyünün gömrük rüsumunun isə 2% artırılması aiddir. Bu artımlar ərzaq məhsullarının bahalaşmasına birbaşa təsir edir. Qiymət artımlarını kompensasiya etmək üçün hökumət tərəfindən bir sıra təqaüd və müavinətlər artırılsa da, onların çox az artırılması qiymət artımnı kompensasiya edə bilmir. Hökumət nümayəndələri isə hazırkı şəraitda hökumətin gücünün buna çatdığını qeyd edirlər. Qeyd edilən daxili faktorlarla yanaşı qlobal inflyasiya da Ermənistanda qiymət artımına təsir edir.

Sonda isə qeyd edilib ki, Ermənsitan hökuməti qiymət artımını idarə etmək iqtidarında deyil. Ona görə ki, bir tərəfdən hökumət qlobal inflyasiyaya təsir edə bilmir, digər tərəfdən isə dayanıqlı fiskal siyasət həyata keçirmək üçün kommunal xərcləri, vergi və rüsumları artırmaq məcburiyyətində qalır. Lakin, bu yanaşma fiskal siyasətin davamlılığını təmin etsə də qiymət artımlarının yükünü əhalinin üzərinə atır. Ona görə də yüksək inflyasiyanın davam etməsi Ermənistanda ciddi sosial iqtisadi problemlər yarada bilər.

https://www.eurasiareview.com/14022022-armenia-is-facing-high-inflation-oped/