Son dövrlərdə ekspert cəmiyyətinin böyük hissəsi Ermənistanın Qərbə doğru yönəlməsi ilə bağlı çoxsaylı çıxışlar edib. Lakin Ermənistanın Rusiya ilə təkcə ənənəvi əlaqələri möhkəm qalmayıb (xüsusilə də iqtisadi sahədə), həm də Baş nazir Nikol Paşinyanın İrana son səfəri bir daha ölkənin xarici siyasi gündəminin çərçivələrini önə çəkdi.
Paşinyan, bir tərəfdən, ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlıqlar quraraq, Fransadan öldürücü silahlar tədarük edərək, ABŞ ilə birgə hərbi təlimlər keçirərək və Aİ monitorinq missiyasına ev sahibliyi edərək Qərblə münasibətlərini uzlaşdırmağa çalışır. Qeyd edək ki, bu ortaq hərbi təlimlər Rusiya və İran tərəfindən ciddi narahatlıqlar doğurdu.
Eyni zamanda, Paşinyanın regionda Qərb təsirinin yayılmasının qatı əleyhdarı İranla münasibətlərini gücləndirmək cəhdləri Ermənistanın ənənəvi siyasi oriyentasiyasının mahiyyətini, həm də onun xarici siyasətinin ikili xarakterini ortaya qoyur. Ermənistanın Rusiyanın hərbi-siyasi müttəfiqi olmasını nəzərə alsaq, ölkəni əhatə edən geosiyasi mənzərə daha da kompleks xarakter alır.
Paşinyanın Şimal-Cənub-Qərb vektorları arasındakı tərəddüdü Ermənistanın ziddiyyətli xarici siyasətinin aydın nümunəsidir.
Daha əvvəl, Ermənistan Qərb sanksiyalarından yayınmaq üçün İran bank sisteminə lazımi dəstək göstərmişdi və hazırda İrəvan Qərb sanksiyaları ilə üzləşən məhsulların öz ərazisindən Rusiyaya ərazisinə çatdırılması üçün tranzit məntəqəsi rolunda çıxış edir.
Paşinyanın Tehrana səfəri zamanı İranın ali lideri Zəngəzur dəhlizini sərt şəkildə tənqid etdi.
İranın tənqidi həm də Nikol Paşinyan tərəfindən irəli sürülən “Sülh kəsişməsi” olaraq adlandırılan layihəni də əhatə etdi. Bu isə Paşinyan üçün diplomatik uğursuzluq idi. Belə görünür, Tehran Paşinyanın ziddiyyətli geosiyasi manevrlərinə isti münasibət bəsləmir. Bu da təəccüblü deyil. Çünki Tehrana yaxşı məlumdur ki, Paşinyanın Qərblə münasibətlərini dərinləşdirmək siyasəti Qərbin regiondakı geostrateji mövqelərini gücləndirir. Bu isə İran üçün ciddi geosiyasi təhdid mənasına gəlir. Yekun olaraq, İranın sözügedən layihələrdə iştirakdan imtinası Ermənistanın regional məsələlərdəki qeyri-effektivliyini ortaya qoyur. Ermənistanın hər iki tərəfə yarınmaq cəhdləri Nikol Paşinyan xarici siyasətinin qeyri-ardıcıllıq və qeyri-müəyyənliyini dərinləşdirir. Həm Qərbə, həm də Şərqə doğru yönəlməklə Paşinyan müxtəlif vədlər verir, lakin bu ancaq onun və ölkəsinin məhdud çərçivələrini ortaya qoyur.