BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Ermənistan Konstitusiyası niyə dəyişməlidir?” sərlövhəli məqaləsi “Anadolu Ajansı”nda dərc edilib.
Müəllif məqalədə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni ilə bağlı aparılan danışıqlardakı fikir ayrılıqlarına diqqət çəkərək hazırda əsas əngəlin Ermənistan Konstitusiyası olduğunu bildirir.
“Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistan torpağı kimi qəbul edilir”.
C. Vəliyev Konstitusiya dəyişikliyini labüd edən digər amilləri belə sıralayır:
“Azərbaycan və Türkiyəyə qarşı hüquqi olaraq ərazi iddiaları irəli sürən mövcud Konstitusiya bölgədə davamlı və uzunmüddətli sülhə qarşı təhdid formalaşdırır. Azərbaycan bu təhdidin aradan qalxması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyir. Bu tələbin əsasında 3 fundamental səbəb durur. Birincisi, elə sülh razılaşması üzrə aparılan danışıqların əsas məntiqini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıması təşkil edir. İki ölkə arasındakı iki Qarabağ müharibəsi elə məhz Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması və pozması səbəbindən baş verdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın sülh razılaşması üçün Ermənistana təklif etdiyi 5 maddə içində qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasının labüdlüyü aydın şəkildə qeyd edilir. Lakin Ermənistan Konstitusiyası dəyişməsə, bu sülh sazişi hüquqi cəhətdən etibarsız sayılacaq. Yəni Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası olan bir ölkə ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyin tanınmasına dair imzaladığı anlaşma hüquqi cəhətdən etibarlı olmayacaq”.
Yekunda C. Vəliyev qeyd edir ki, 1990-cı ildə qəbul edilən Ermənistan Müstəqillik Bəyannaməsi Türkiyə və Azərbaycanı düşmən kimi görən və həmin dövrdə Ermənistanda hakim olan daşnak siyasi ideologiyasının məhsuludur.
“Əgər Nikol Paşinyan beynəlxalq ictimaiyyətdə praqmatik və rasional bir siyasətçi olaraq qəbul edilmək istəyirsə, daşnak siyasi təmayüllərinə sahib çıxmamalı, sülh naminə ölkə konstitusiyasını dəyişdirməlidir”.
*Məqalənin türk dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.aa.com.tr/tr/analiz/ermenistan-anayasasi-neden-degismeli/3334637