BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ermənistan Baş nazirinin Türkiyəyə səfər etməsinin əsas səbəbləri

2025-06-23 13:01

Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə etdiyi rəsmi səfəri və son zamanlar Türkiyə ilə bağlı səsləndirdiyi müsbət mesajlar təkcə onun şəxsi mövqeyi ilə deyil, həm də regional və qlobal miqyasda baş verən dərin dəyişikliklərlə bağlıdır.

Birincisi, müstəqilliyini qazandıqdan sonra Ermənistan rəhbərliyi diasporanın da dəstəyi ilə Türkiyəyə qarşı qondarma soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində siyasət yürüdür, eyni zamanda ərazi iddialarından əl çəkmirdi. 31 ölkə parlamentinin 1915-ci il hadisələrini “soyqırımı” kimi tanımasına, sabiq ABŞ Prezidenti Co Baydenin də bu hadisələri “soyqırımı” adlandırmasına baxmayaraq, Ankaraya bu ifadəni qəbul etdirmək mümkün olmadı və məsələ Türkiyəyə qarşı təzyiq alətinə çevrilə bilmədi. Nəticə etibarilə, Paşinyan qondarma soyqırımının tanınması tələbindən geri addım atmaq məcburiyyətində qaldı.

İkincisi, Qarabağ Zəfərindən sonra Ermənistan müxalifəti, hətta bəzən Paşinyan özü belə bölgədəki geosiyasi reallıqların Azərbaycan və Türkiyənin əleyhinə dəyişəcəyinə və bu vəziyyətdən Ermənistanın faydalanacağına inanırdı. Bu məqsədlə Fransa və Hindistan kimi dövlətlərlə hərbi, İran və Avropa ilə siyasi münasibətləri inkişaf etdirməyə çalışdı, ABŞ ilə isə strateji tərəfdaşlıq xartiyası imzaladı. Ermənistan bu dövlətlərin dəstəyi ilə Cənubi Qafqazda Azərbaycan və Türkiyəyə qarşı mövqeyini gücləndirməyə cəhd göstərdi. Lakin qlobal və regional səviyyədə baş verən proseslər nəticəsində Ermənistanın müttəfiqləri zəiflədi, hətta bəziləri Azərbaycan və Türkiyənin müttəfiqləri qarşısında məğlub oldu.

Üçüncüsü, Azərbaycan-Türkiyə tandeminin bölgədəki geosiyasi təsiri əhəmiyyətli dərəcədə artmışdır. Türkiyənin Suriyadakı inqilabdan sonra yüksələn nüfuzu, Cənubi Qafqazda yaranan qüvvə boşluğunun Azərbaycan və Türkiyə tərəfindən doldurulması, Türkiyə-Azərbaycan-Pakistan əməkdaşlığı, Türkiyə ilə ABŞ arasında möhkəmlənən münasibətlər və Avropa İttifaqının təhlükəsizlik məsələlərində Türkiyəyə artan ehtiyacı bölgədə mövcudluğunu qorumaq istəyən dövlətlərin Türkiyə ilə münasibətləri inkişaf etdirməsini zəruri etmişdir.

Dördüncüsü, İkinci Qarabağ müharibəsi və Azərbaycanla davam edən diplomatik danışıqlardan sonra Paşinyanın ölkədaxili siyasi dəstəyi azalmış, müxalifətin təsiri isə artmışdır. Maraqlıdır ki, Paşinyanın strateji tərəfdaşlıq qurmağa çalışdığı Fransa, Hindistan, İran (Pezeşkiyandan əvvəlki iqtidar) və Yunanıstan kimi dövlətlərin Türkiyə və Azərbaycana qarşı ritorikası Ermənistan müxalifətinin mövqeyini gücləndirmişdir. Eyni zamanda, Paşinyan hakimiyyəti müxalifəti dəstəkləyən kilsə ilə qarşıdurma vəziyyətinə gəlmiş və Rusiyanı müxalifətə dəstək verməkdə ittiham etmişdir. Paşinyan siyasi legitimliyini yeniləmək məqsədilə 2026-cı ilin iyun ayında növbədənkənar seçkilər keçirmək qərarına gəldi. Seçkilərə gedərkən əsas siyasi ritorikalarından biri isə Azərbaycan və Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi oldu. Bu səbəbdən, müxalifətin xaricdən alacağı dəstəyə qarşı Azərbaycan və Türkiyənin dəstəyini almaq Paşinyan üçün xüsusi əhəmiyyət kəsb edir.

Paşinyanın sələflərinin Türkiyə və Azərbaycanla bağlı yürütmüş olduqları siyasət nə qədər uğursuz oldusa, özünün qurmağa çalışdığı müttəfiqlik münasibətləri  də eyni dərəcədə uğursuzluqla nəticələndi. Seçkilər yaxınlaşdıqca Paşinyan xalqına konkret bir uğur hekayəsi təqdim etməyə ehtiyac duyur. O, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasının daxili siyasi mübarizədə, xüsusilə müxalifətə qarşı əlini gücləndirəcəyini düşünür.

Eyni zamanda, regional və qlobal geosiyasi reallıqların əksinə olaraq, proseslərin Azərbaycan və Türkiyənin xeyrinə inkişaf etdiyini də nəzərə almaq məcburiyyətindədir. Məhz bu amillər Nikol Paşinyanı Türkiyəyə rəsmi səfər etməyə vadar edən əsas səbəblər sırasındadır.

https://www.milliyet.com.tr/yazarlar/dusunenlerin-dusuncesi/ermenistan-basbakanini-turkiyeye-getiren-nedenler-7394183

 

Müəllifin son məqalələri

01 İyul 2025 - 17:04

İsrail-İran müharibəsində Azərbaycanın mövqeyi

25 İyun 2025 - 10:01

Qarabağdan Kahramanmaraşa: Azərbaycan-Türkiyə həmrəyliyi

23 İyun 2025 - 13:01

Ermənistan Baş nazirinin Türkiyəyə səfər etməsinin əsas səbəbləri