Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Ermənistan-Azərbaycan normallaşma prosesi ilə bağlı Avropa İttifaqında fikir ayrılığı” başlıqlı məqaləsi Anadolu agentliyində dərc edilib.
İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda yeni reallıqla üz-üzə qaldığını deyən Cavid Vəliyev qeyd edir ki, başlanğıcda Aİ Şurasının Prezidenti Şarl Mişel və Aİ Komissiyasının Prezidenti Ursula fon der Lyayen bu kompleks diplomatik prosesdə önə çıxdılar. Lakin daha sonra Fransa Prezidenti Emmanuel Makron və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borelin prosesə daxil olması həm Ermənistan-Azərbaycan normallaşma prosesinə, həm də daha geniş kontekstdə Aİ-nin Cənubi Qafqaz siyasətinə mənfi təsir etdi.
Makron və Borelin ortaq strategiyasına toxunan C.Vəliyev bildirir ki, bu, birtərəfli qaydada Ermənistanın tezislərini dəstəkləməyə, Ermənistanı silahlandırmağa və Aİ-nin Cənubi Qafqaz siyasətini monopoliyaya almağa hesablanıb.
“Xarici Əlaqələr Şurasının 2023-cü ilin noyabrındakı toplantısında tərəflər Aİ-nin Ermənistandakı müşahidəçilərinin sayını artırmaq və Avropa Sülh Mexanizmi vasitəsilə bu ölkəyə hərbi yardım etməklə bağlı razılığa gəldilər. İclasdan sonra mətbuata verdiyi açıqlamada C. Borel Azərbaycanı təhdid edərək Ermənistanın ərazi bütövlüyünün hər hansı qaydada pozulmasının qəbuledilməz olduğunu və bunun ikitərəfli münasibətlər üçün ciddi nəticələri doğuracağını demişdi. Cozep Borel bu fikri bildirəndə Ermənistan Silahlı Qüvvələri hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlayırdı. Borel Azərbaycan və Fransa arasında diplomatik gərginlik yaşandığı dövrdə Fransa ilə həmrəylik nümayiş etdirdi. Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana öldürücü olmayan (non-lethal) dəstək axtarışları ilə paralel, Fransa Ermənistanla silah satışı ilə bağlı saziş təşəbbüsləri ilə çıxış etməyə başladı. 2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında silah satışı ilə bağlı vacib razılaşma imzalandı.”
Məqalədə bildirilir ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri Aparatının 7 dekabr, 2023-cü il birgə bəyanatı sülh prosesində irəliyə doğru atılmış vacib addım idi. Lakin bu müsbət tendensiyaya fevralın 12-də Ermənistan ordusu əsgərinin Azərbaycan əsgərini yaralaması ilə kölgə salındı.
“Sərhəddə baş verən insidentdən sonra Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 23-də regional təhlükəsizlik və normallaşma prosesini müzakirə etmək üçün Fransaya səfər etdi. Paşinyanın səfərindən sonra Fransanın müdafiə naziri Sebastian Lekornu Ermənistana səfər etdi və tərəflər arasında yeni hərbi razılaşmalar imzalandı. Bu razılaşmalarla bağlı spesifik detallar açıqlanmasa da, mətbuatda yayılan məlumatlara əsasən, snayper tüfənglərinin istehsalı sahəsində ixtisaslaşan Fransanın PGM şirkəti ilə təchizat müqaviləsi imzalandı. Lekornunun səfərindən sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Ermənistana 1 günlük səfər etdi. Səfər zamanı ikitərəfli müdafiə əməkdaşlığının inkişafı, regional məsələlər, beynəlxalq təhlükəsizlik və müdafiə mövzuları ətrafında müzakirələr baş tutdu. Mətbuata bəyanatında Dendias Ermənistan-Yunanıstan-Kiprin müdafiə sektorunda üçtərəfli əməkdaşlığının uğurunu vurğulamış, həmçinin Fransa və Hindistanı da bu əməkdaşlığa daxil etməyin mümkünlüyü ilə bağlı danışmışdı”.
Cavid Vəliyev qeyd edir ki, bu proseslər Cənubi Qafqazda ayrıcı xətlər yaratmağa hesablanıb.
“Ukrayna-Rusiya müharibəsi kontekstində Aİ-nin Azərbaycana ehtiyacının artdığı zamanda Fransanın birtərəfli mövqeyi Aİ-ni Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırmaq riskini artırdı. Nəticə etibarilə, Almaniya kansleri Olaf Şoltz Azərbaycan Prezidenti İlham Əliyevi Paşinyanla birlikdə Münxen Təhlükəsizlik Konfransına dəvət etdi. Münxendən hər iki lider xarici işlər nazirlərinə sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı prosedurları intensivləşdirməyi tapşırdı. Yəni, demək olar ki, bu gün bir çox məsələdə olduğu kimi Aİ-nin Ermənistan və Azərbaycan arasında normallaşma prosesi ilə bağlı vahid xarici siyasət strategiyası yoxdur. Fransa, Yunanıstan və Yunan Kipri Ermənistanı silahlandırmağa və Hindistanı da prosesə daxil edərək çoxölçülü hərbi əməkdaşlığın yaradılmasına çalışırlar. Bəzi Avropa hökumətləri anlayır ki, bu, ittifaqın enerji, təhlükəsizlik və nəqliyyat maraqları ilə üst-üstə düşmür. Çünki Azərbaycanın enerji təchizatçısı və nəqiyyat marşrutu kimi alternativ rolu onu göstərir ki, Aİ sadəcə olaraq Ermənistanın tərəfində dura bilməz. Eyni zamanda, Azərbaycanın Aİ-yə yönəlik rasional siyasətinin da burda öz rolu var”.
Sonda C.Vəliyev diqqətə çatdırır ki, Fransanın siyasəti regionda fraqmentasiyaya səbəb olur. Bu isə Ermənistanla Azərbaycanı sülh prosesindən uzaqlaşdırır və yeni münaqişə riskini artırır.