BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərovanın İtaliyanın “World Geostrategic İnsights” portalında “Ermənistan-Azərbaycan münaqişəsində humanitar atəşkəs və mülki əhali” başlıqlı məqaləsi dərc edilib. Məqalədə 27 sentyabr tarixindən etibarən Azərbaycanın Ermənistanın təcavüzünə qarşı əks hücum əməliyyatının başlanmasından sonra üçüncü tərəflərin səyləri ilə bir neçə dəfə razılaşdırılmış humanitar atəşkəsin Ermənistan tərəfindən pozularaq əvəzində Azərbaycanın dinc şəhər və sakinlərinə hücumlar edilməsindən danışılır. Gəncəyə edilmiş hücumun müharibə cinayəti olduğu və buna görə Ermənistan rəhbərliyinin məsuliyyətə cəlb edilməsinin vacibliyi də vuğulanır.
Bundan əlavə, məqalədə Ermənistan rəhbərliyinin ikiüzlü bəyanatlarına diqqət çəkilir. Belə ki, Ermənistan tərəfi humanitar atəşkəs istəməklə yanaşı, onu birinci özü pozur və Ermənistan rəhbərliyi daha sonra münaqişənin sülh və diplomatik yolla həllinin olmağını bəyan edir. Ermənistanın isə davamlı olaraq Azərbaycanın digər şəhərlərini atəşə tutmaqla Azərbaycanı provokasiya etmək və bununla da üçüncü tərəfləri müharibəyə cəlb etmək istəyi göz qabağındadır.
Məqalədə Azərbaycanın bu təxribatlara uymayacağı və BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq öz ərazilərini işğaldan təmizləmək uğrunda özünü müdafiə hüququndan istifadə etməklə haqq mübarizəsini davam etdirməkdə əzmli olduğu bir daha vurğulanıb.
Daha ətraflı: https://wgi.world/humanitarian-ceasefire-and-civilian-lives-in-armenia-azerbaijan-conflict-what-is-at-stake/