Din qarşıdurma cəbhəsinə çevriləndə: Qarabağdakı iki monastır ətrafında yaranmış mübahisə barışığa hələ də kimin mane olduğunu və bundan kimin faydalandığını aşkara çıxarır.
Bu ayın əvvəlində 58 ölkədən 150-yə yaxın diplomat Azərbaycanın dəvəti ilə Qarabağa səfər edib. Belə səfərlər artıq qeyri-adi hal deyil. 2020-ci ildən etibarən diplomatlar Azərbaycanın nəzarətinə qaytarılmış ərazilərə dəfələrlə səfər ediblər və Ermənistan buna nadir hallarda etiraz edib. Lakin bu dəfə vəziyyət fərqli olub. Nümayəndə heyəti Gəncəsər və Xudavəng monastırlarını ziyarət etdikdə və Azərbaycan rəsmiləri bu abidələri Qafqaz Albaniyasının xristian irsinin bir hissəsi kimi təqdim etdikdə Ermənistanda dərhal reaksiya yaranıb. Erməni Apostol Kilsəsinin mərkəzi olan Eçmiədzin səfəri tarixi faktların saxtalaşdırılması kimi qiymətləndirərək pisləyib. O, səfərdə iştirak edən xarici diplomatları qınayıb və Ermənistan hökumətindən buna cavab olaraq “konkret addımlar” atmasını tələb edib.
Mübahisə iki orta əsr tikilisinin tarixi ilə bağlı idi. Əslində isə məsələ daha geniş məzmun daşıyırdı: üç onillik ərzində münaqişəni qidalandıran narrativin nəhayət aradan qaldırılıb-qaldırıla bilməyəcəyi və həmin narrativdə ən çox maraqlı olan qurumun buna imkan verib-verməyəcəyi.
Siyasətdə kilsə
Erməni kilsəsi yalnız ibadət məkanı deyil. Əsrlər boyu, erməni dövlətçiliyinin olmadığı dövrlərdə, səpələnmiş erməni xalqının siyasi dayağı rolunu oynayıb. Bu irs onun bu gün malik olduğu böyük mənəvi nüfuzun əsasını izah edir. Eyni zamanda, kilsənin nə üçün dəfələrlə sırf dini qurum kimi deyil, siyasi aktor kimi çıxış etdiyini də izah edir.
Bu, heç bir yerdə Qarabağ məsələsində olduğu qədər aydın görünməyib. 1988-ci ildə millətçi hərəkat meydana çıxarkən Kilsə ona mənəvi legitimlik qazandırıb. 1990-cı illərin əvvəllərindəki müharibə zamanı isə Kilsə əsgərlərə xeyir-dua verib və münaqişəni qədim xristian vətəninin müdafiəsi kimi təqdim edib. 1999-cu ildən etibarən Katolikos vəzifəsini daşıyan II Qaregin Qarabağ məsələsinə ardıcıl olaraq danışıqlar predmeti kimi deyil, müqəddəs milli məsələ kimi yanaşıb. Bunun praktiki nəticəsi beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqların, o cümlədən azərbaycanlı sakinlərinin qovulduğu ətraf yeddi rayonun işğalına dini əsas qazandırmaq olub.
Siyasi coğrafiyaşünaslar Cerard Toal və Con O'Laflin bu regionda kilsələrin, qəbiristanlıqların və daş üzərindəki kitabə və oymaların ilkin sahiblik iddialarının sübutu kimi istifadə edildiyini və bunun ərazini “müqəddəs məkan kimi təsəvvür etməyə” xidmət etdiyini qeyd ediblər. Beləliklə, hər bir monastır bir növ mülkiyyət sənədinə çevrilir. Gəncəsərin mənsubiyyətinin bu qədər mühüm əhəmiyyət daşımasının səbəbi də budur: onun Qafqaz Albaniyasına aid keçmişini qəbul etmək Qarabağa dair tarixi iddiaların bir hissəsinin əsasını sarsıda bilər.
Alban məsələsi
İndiki Azərbaycan ərazisində mövcud olmuş qədim xristian dövləti olan Qafqaz Albaniyası bu hekayənin maraqlı məqamlarından biridir. Ərəb işğalından sonra Qafqaz albanlarının əksəriyyəti İslamı qəbul edib, xristian olaraq qalanlar isə tədricən Erməni Apostol Kilsəsinin tərkibinə daxil olublar. Azərbaycan tarixçiləri uzun müddətdir ki, bu prosesin alban kimliyinin sistemli şəkildə silinməsini də əhatə etdiyini irəli sürürlər. Erməni mənşəli tanınmış amerikalı tarixçi Ronald Suny də qeyd edir ki, Qarabağın dağlıq ərazilərində yaşayan albanlar “əsasən xristian olaraq qalmış və nəticədə ermənilərlə qaynayıb-qarışmışdılar”.
Rusiya imperiyası bu prosesi tamamlayıb. Bölgəni işğal etdikdən sonra Sankt-Peterburq 1836-cı il Əsasnaməsinə əsasən Gəncəsərdəki Alban Katolikosluğunu ləğv edərək onu Eçmiədzinə tabe edib. 1909–1910-cu illərdə isə Rusiyanın Müqəddəs Sinodu Eçmiədzinə Gəncəsərin arxivləri də daxil olmaqla köhnə yeparxiya arxivlərini məhv etməyə icazə verib. O qədər az yazılı mənbə qorunub saxlanılmışdı ki, Alban əlifbası uzun müddət əsasən ayrı-ayrı fraqmentlər vasitəsilə tanınırdı. Yalnız 1990-cı illərdə Sinay dağında palimpsestlər aşkar edildikdən sonra bu barədə məlumatlar genişləndi.
Beləliklə, məsələ yalnız iki kilsənin — Qafqaz Alban və Erməni kilsələrinin — tarixindən ibarət deyil. Burada imperiyaların oynadığı rol da əhəmiyyət daşıyır.
Moskvanın köhnə vasitəsi
Sonuncu məqam xüsusilə əhəmiyyətlidir, çünki Kilsənin Rusiya ilə əlaqələri yeni deyil. Pol Vert kimi tarixçilər göstəriblər ki, çarlar Rusiya nüfuzunu Osmanlı və İran imperiyalarına yaymaq məqsədilə Katolikosun nüfuzunu qəsdən gücləndirirdilər. Feliks Korlinin Sovet arxivlərinə əsaslanan araşdırmaları da oxşar mənzərəni ortaya qoyur. Stalin 1930-cu illərdə Kilsəni demək olar ki, məhv etmiş, lakin 1943-cü ildən sonra onun faydalı olduğunu düşündüyü üçün fəaliyyətini yenidən bərpa etmişdi. Kilsə Sovet İttifaqının Türkiyənin Qars və Ərdahan vilayətlərinə dair ərazi iddialarını dəstəkləmiş, erməni diasporunun nümayəndələrini Sovet Ermənistanına “qayıtmağa” təşviq etmiş və Soyuq müharibə dövründə anti-Sovet erməni diasporuna qarşı Moskvanın təsir vasitələrindən biri kimi çıxış etmişdi. 1956-cı ildə, Xruşşovun “ərimə” siyasəti dövründə, məhz Erməni Katolikosu Sovet İttifaqının Baş naziri Nikolay Bulqaniyə məktub yazaraq Azərbaycan və Gürcüstana qarşı ərazi iddialarını erməni diasporunun iradəsi kimi təqdim etmişdi.
Bu nümunənin izləri bu gün də görünür. Kilsənin Rusiyadakı yeparxiyasına Katolikosun qardaşı rəhbərlik edir. Kilsənin ən nüfuzlu himayədarlarından biri olan Rusiyalı Ermənistan əsilli milyarder Samvel Karapetyan isə iyun ayında keçirilmiş parlament seçkilərində Baş nazir Nikol Paşinyana məğlub olan və Kremlə yaxın mövqe tutan bloka rəhbərlik edib.
Sülhə mane olan tərəf
Ermənistan və Azərbaycan son bir neçə onillik ərzində heç vaxt olmadığı qədər sülhə yaxın olmasaydılar, bütün bunların əhəmiyyəti bu qədər böyük olmazdı. Paşinyan Bakı və Ankara ilə münasibətlərin normallaşdırılması, o cümlədən sərhədlərin delimitasiyası istiqamətində siyasət yürüdüb. Kilsə isə bu prosesə qarşı müqavimətin əsas mərkəzinə çevrilib. 2024-cü ildə arxiyepiskop Baqrat Qalstanyan Baş naziri ərazi güzəştlərinə getməkdə ittiham edərək onu hakimiyyətdən uzaqlaşdırmaq məqsədilə kütləvi etirazlara rəhbərlik edib. 2025-ci ildə Qalstanyan və daha bir arxiyepiskop dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Katolikosun özü də hazırda məhkəmə qarşısındadır, hökumətin yeni proqramında isə onun dəyişdirilməsi açıq şəkildə nəzərdə tutulur. Kilsə ilə əlaqəli müxalifət Ermənistan Konstitusiyasının preambulasından Qarabağa istinadın çıxarılmasına da qarşı çıxır. Halbuki bu, davamlı sülh üçün zəruri addımlardan biridir.
Ermənistanda və erməni diasporunda Paşinyanın siyasətini tənqid edənlər bunu Kilsənin muxtariyyətinə qarşı yönəlmiş addım kimi qiymətləndirir, bəzi Qərb müşahidəçiləri isə hüquqi prosedurların və ədalətli məhkəmə araşdırmasının təmin olunması ilə bağlı narahatlıqlarını ifadə edirlər. Bunlar ermənilərin özləri tərəfindən müzakirə olunmalı legitim məsələlərdir. Lakin Bakıdan baxdıqda daha geniş mənzərəni görməmək çətindir. Müharibəni müqəddəs məqsəd kimi təqdim etmiş və iki əsr ərzində Rusiya strategiyasına xidmət etmiş bir qurum indi sülh prosesini pozmağa çalışır.
Diplomatların gördükləri
Gəncəsəri ziyarət edən diplomatlar iki məqamla qarşılaşdılar. Onlar Cənubi Qafqazın ortaq xristian irsinə aid qədim daş abidələri gördülər. Qafqaz Albaniyasının bu gün yaşayan varisləri olan Azərbaycanın Alban-Udi icması bu irsə sahib çıxmaq hüququna malikdir. Ardınca baş verən reaksiyada isə sülhün nə üçün hələ də kövrək olduğu bir daha üzə çıxdı. Tarix siyasi alətə çevrildiyi və dini qurum revanşizmə və xarici təsirə xidmət edən vasitə kimi çıxış etdiyi müddətdə barışıq keçmişin girovluğunda qalacaq.
Lakin artan gərginliyə görə Ermənistan hökuməti də məsuliyyət daşıyır. Normallaşma ilə bağlı bəyanatlarla yanaşı, Qarabağ hərəkatı ilə əlaqəli ictimai fəallar və diaspor nümayəndələri ilə müəyyən gizli əlaqələrin də mövcud olduğu bildirilir.
Sülh sazişinə sərmayə qoymuş Qərb hökumətləri öz mövqelərini açıq şəkildə ifadə etməlidirlər. Cənubi Qafqazda sülhü dəstəkləmək dini inancların ərazi iddialarından ayrılmasını və bunun qarşısını almağa çalışan tərəfin müəyyən edilməsini dəstəkləmək deməkdir.
*Məqalənin ingilis dilində dərc edilmiş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:


