BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ənənəvi hava dəhlizlərinin pozulması: Azərbaycan Avrasiyada vacib aviasiya əlaqəsi kimi önə çıxır

2025-06-22 12:21

Qlobal aviasiya sahəsi ciddi dəyişikliklərlə üzləşir, çünki artan geosiyasi gərginliklər və regional münaqişələr uzun müddət istifadə olunan Şərq-Qərb hava marşrutlarını pozur. Ukraynada gedən genişmiqyaslı müharibə və Yaxın Şərqdə artan qarşıdurmalar səbəbindən aviakompaniyalar ənənəvi uçuş yollarından imtina etmək məcburiyyətində qalır. Bu isə səyahətlərin uzanmasına, əməliyyat xərclərinin artmasına və karbon qazı tullantılarının çoxalmasına səbəb olur.

Bu qeyri-müəyyənlik fonunda beynəlxalq hava nəqliyyat şirkətləri üçün stabil, səmərəli və siyasi baxımdan neytral tranzit alternativlərinin axtarışı təcili prioritetə çevrilib. Belə şəraitdə Azərbaycan sürətlə Asiya və Avropa arasında mühüm aviasiya əlaqəsi kimi ön plana çıxır. Avrasiya qitəsinin mərkəzində yerləşən ölkə coğrafi üstünlüklə yanaşı, həm də müasir infrastruktur, diplomatik neytrallıq, dayanıqlı, multimodal əlaqəliliyə dair aydın baxışa malikdir. Ənənəvi hava dəhlizləri dağılarkən Azərbaycan özünü müvəqqəti əvəzedici kimi yox, Avrasiya aviasiyasının gələcəyini formalaşdıran uzunmüddətli strateji mərkəz kimi mövqeləndirir.

2022-ci ilin fevralında Rusiya tərəfindən Ukraynaya genişmiqyaslı müdaxilə qlobal aviasiya marşrutlarını əsaslı şəkildə dəyişdirdi. Qərb aviaşirkətlərinin Rusiyanın hava məkanından istifadəsi qadağan olduğu üçün onlar Avropa və Şimali Amerikadan Şərqi Asiyaya gedən uçuş yollarını xeyli uzatmaq məcburiyyətində qaldılar. Bu marşrut dəyişikliyinin həm ekoloji, həm də iqtisadi baxımdan böyük təsirləri oldu.

Tədqiqatlar göstərir ki, bu ətraf marşrutlar təyyarələrin əvvəlki marşrutlarına nisbətən orta hesabla 13% daha çox yanacaq sərf etməsinə səbəb olub, xüsusilə Avropa ilə Asiya arasındakı uçuşlarda yanacaq sərfiyyatı 14,8% artıb. Bu dəyişikliklər 2023-cü ildə qlobal aviasiyanın karbon dioksid emissiyalarında 1% artıma səbəb olub və təxminən 8,2 milyon ton əlavə CO2 atmosferə buraxılıb. Təxminən gündə 1,100 uçuş bu hava məkanı məhdudiyyətlərindən təsirlənib ki, bu da tək-tük hadisələrdən çox, sistemli bir pozulmaya işarə edir.

Ukrayna müharibəsinin yaratdığı narahatlıqlara əlavə olaraq, İsrail və İran arasındakı gərginliyin artması və birbaşa raket atışmaları Yaxın Şərqin, o cümlədən İran, İraq, İordaniya və İsrailin üzərində hava məkanının dərhal və genişmiqyaslı bağlanmasına səbəb olub. Bu, böyük pozuntulara yol açaraq beynəlxalq aviaşirkətləri yüzlərlə uçuşu ləğv etməyə və ya marşrutlarını dəyişməyə məcbur edib. Bu məhdudiyyətlər səbəbindən Yaxın Şərqin əsas hava limanlarında 500-dən çox uçuş ya ləğv olunub, ya da gecikdirilib. Air India, Qatar Airways, Emirates, Lufthansa, FlyDubai, Etihad və El Al kimi böyük aviaşirkətlər ciddi şəkildə təsirlənib, bir çox uçuşların marşrutu dəyişilib və ya geri qaytarılıb. Bu vəziyyət Ukrayna müharibəsi ilə birlikdə, ikinci mühüm Şərq-Qərb hava dəhlizinin faktiki olaraq bağlanmasına və ya ciddi şəkildə məhdudlaşdırılmasına gətirib çıxarır, mövcud təhlükəsiz hava məkanını əhəmiyyətli dərəcədə azaldır və aviaşirkətləri daha məhdud və dolanbaclı marşrutlara məcbur edir.

*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.eurasiareview.com/20062025-the-unraveling-of-traditional-air-corridors-azerbaijan-emerges-as-a-vital-aviation-link-in-eurasia-analysis/

 

Müəllifin son məqalələri

22 İyun 2025 - 12:21

Ənənəvi hava dəhlizlərinin pozulması: Azərbaycan Avrasiyada vacib aviasiya əlaqəsi kimi önə çıxır

19 İyun 2025 - 15:34

Avrasiyada geostrateji üçlük: Azərbaycan-Türkiyə-Pakistan tərəfdaşlığı

03 May 2025 - 16:34

Xəzərdən Sakit okeana: Azərbaycan və Çin yeni geosiyasi xətt qurur