BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Əliyev və Paşinyan Əbu-Dabidə sülh mükafatını birgə qəbul ediblər” adlı məqaləsi “The Jamestown Foundation” mərkəzi tərəfindən dərc edilib.
Məqalədə qeyd edilir:
“Fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Əbu-Dabidə keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunnma mərasimində iştirak ediblər. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ev sahibliyi etdiyi mərasimdə İ. Əliyev və N. Paşinyan onilliklər boyu davam edən münaqişənin sona çatdırılması istiqamətində atdıqları addımlara və münasibətlərin normallaşdırılmasına verdikləri töhfəyə görə təltif olunub. Mükafat sülh prosesində əldə edilmiş nailiyyətlərin tanındığını göstərməklə yanaşı, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə keçirilən Vaşinqton Zirvəsindən sonra atılan addımların nəticəsi kimi də dəyərləndirilib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev sülhün konkret nəticələrini vurğulayaraq bildirdi:
“Bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk”.
Paşinyan isə qeyd edib ki, cəmi bir neçə il əvvəl Azərbaycan və Ermənistan liderlərinin belə nüfuzlu mükafatı birlikdə qəbul edəcəyini təsəvvür etmək olmazdı. O vurğulayıb ki, bu hər iki ölkənin münaqişə mərhələsini geridə qoyduğunu və dinc əməkdaşlığın yeni mərhələsinə sadiq olduğunu göstərən aydın işarədir.
Mükafatın təqdimolunma mərasimi çərçivəsində ikitərəfli görüş də keçirilib. Görüş zamanı mövcud razılaşmaların icra vəziyyəti nəzərdən keçirilib, normallaşma prosesinin növbəti mərhələləri müzakirə olunub. Tərəflər birbaşa təmaslar vasitəsilə normallaşma prosesini davam etdirmək əzmində olduqlarını bir daha təsdiqləyib və razılaşmaların həyata keçirilməsinə dəstək məqsədilə müntəzəm kommunikasiyanın saxlanılması barədə razılığa gəliblər.
Görüş, iki ölkə arasında nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində davam edən praktiki addımlar fonunda baş tutub. Rəsmi rəqəmlərə görə, 2025-ci ilin dekabrından etibarən, Ermənistana Aİ-95 və Aİ-92 benzini ilə dizel yanacağı da daxil olmaqla, ümumilikdə,4897 ton neft məhsulu göndərilib. Ticarət münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində növbəti addımlar fevralın 6-da elan olunub.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Ermənistan və Azərbaycan gələcəkdə ikitərəfli ticarət üçün nəzərdə tutulan malların siyahılarını qarşılıqlı şəkildə mübadilə ediblər.
Normallaşma kontekstində müzakirə edilən ən mühüm istiqamətlərdən biri enerji əməkdaşlığıdır. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan elektrik enerjisi sistemlərinin qarşılıqlı inteqrasiyası mövzusu liderlər səviyyəsində müzakirə olunub və Ermənistanla ABŞ arasında imzalanmış çərçivə sənədlərində öz əksini tapıb”.
*Məqalənin ingilis dilində dərc olunmuş bütöv mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://jamestown.org/aliyev-and-pashinyan-jointly-receive-peace-award-in-abu-dhabi/


