BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Elektrik enerjisi istehsalı və bərpa olunan enerji: Azərbaycanın enerji təhlükəsizliyinin yeni dayaqları

2022-02-18 15:35

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Elektrik enerjisi istehsalı və bərpa olunan enerji: Azərbaycanın enerji təhlükəsizliyinin yeni dayaqları” başlıqlı məqaləsi AB-nin nüfuzlu “Modern Diplomacy” portalında nəşr edilib. Məqalədə əsas diqqət son illərdə Azərbaycanın elektrik enerjisi istehsalı və bərpa olunun enerji sahələrində icra etdiyi layihələrə yönəldilib.
Məqalədə ilk öncə Ağdam-1 və Ağdam-2 yarımstansiyalarının açılışı və bu stansiyaların texniki göstəriciləri haqqımnda məlumat verilib. Göstərilib ki, Ağdam-2 yarımstansiyasında kənardan idarə etməyə imkan yaradan SCADA sistemi quraşdırılmışdır. Daha sonra Qobu Enerji qovşağının açılışı və bu qovşağa daxil olan stansiyalar haqqında ətraflı məlumat verilib və qeyd edilib ki, Azərbaycanın tarixində ilk dəfə bu qovşağa daxil olan Qobu yarımstansiyası və Qobu enerji stansiyası yerli mütəxəssislər tərəfindən layihələndirilib. Yaradılmış yeni qovşağın üstünlükləri kimi ölkəmizdə artan enerji tələbatının qarşılanması, paytaxtın regionda olan stansiyalardan asılılığının azaldılması, elektrik enerjisinin tələbatının davamlılığının təmin edilməsi göstərilib. Bunlardan əlavə məqalədə yenidən qurularaq fevral ayında istifadəyə verilən və dövlətlərarası əhəmiyyətə malik olan "Yaşma" stansiyasının açılışı və texniki imkanları haqqında da məlumatlar yer alıb.
Daha sonra göstərilib ki, son illərdə elektrik enerjisi istehsalı ilə bağlı icra edilən layihələr yerli tələbatın ödənilməsi ilə yanaşı Azərbaycanın elektrik enerjisi ixracatçısına çevrilməsinə imkan yaradıb. Bunun nəticəsidir ki, 2021-ci ildə Azərbaycanda 27 milyard kilovatt-saat elektrik enerjisi istehsal edilib ki, bunun da 1.6 milyardı ixrac edilib. Elektrik enerjisi istehsalı 2021-ci ildə əvvəlki il ilə müqayisədə 20%, 2017-ci il ilə müqayisədə isə 36% artıb.
Eyni zamanda məqalədə diqqətə çatdırılıb ki, elektrik enerjisi istehsalı ilə yanaşı Azərbaycan enerji təhlükəsizliyini gücləndirmək üçün bərpa olunan enerji sektorunun inkişafı istiqamətində də aktiv fəaliyyət göstərir. Belə ki, yanvar ayında Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin investisiya yatırdığı Xızı-Abşeron külək enerjisi stansiyası layihəsinin təməlqoyma mərasimi keçirilib. Layihənin dəyəri 300 milyon ABŞ dollarıdır. Eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin Masdar şirkəti tərəfindən icra edilən və Abşeronda yerləşən günəş enerjisi statnsiyası layihəsi haqqında da məlumat verilib. Göstərilib ki, Azərbaycan bu layihələri icra etməklə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerji sahələrinin payını 2030-cu ilə qədər 30%-ə çatdırmağı planlaşdırır.
Daha sonra məqalədə Qarabağın geniş bərpa olunan enerji ehtiyatlarına malik olması və onların bu sahənin inkişafında oynayacağı rol haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın su ehtiyatlarının 25%-i Qarabağda yerləşdiyindən orada Su Elektrik Stansiyalarının (SES) tikilməsi üçün geniş imkanlar vardır. Bunun nəticəsidir ki, artıq Güləbird, Suqovuşan-1 və Suqovuşan-2 SES-ləri istifadəyə verilmiş və qarşıdan gələn illərdə ümumi isthesal gücü 130 Meqavatt olacaq Kəlbəcər rayonunda 11, Laçın rayonunda isə 12 belə stansiyanın tikintisi planlaşdırılır. Bundan başqa Azərbaycanın Enerji Nazirliyi ilə BP arasında istehsal gücü 240 Meqavatt olan günəş enerjisi stansiyasının tikintisi ilə bağlı da saziş imzalanıb. Bərpa olunan enerji sektorunu inkişaf etdirməklə Azərbaycan Qarabağda “Yaşıl Enerji Zonası” yaratmağı planlaşdırır.
Sonda isə diqqətə çatdırılmışdır ki, bərpa olunan enerji sektoru üzrə, xüsusilə də Qarabağda icra edilən layihələr Azərbaycanın elektrik enerjisi isthesalı və ixracı imkanlarını əsaslı şəkildə artıracaq. Artıq Azərbaycan regionda ciddi elektrik enerjisi ixracatçısına çevrilmişdir və bu layihələr Azərbaycanın mövqeyini daha da gücləndirəcəkdir. Ona görə də qarşıdan gələn illərdə elektrik enerjisi istehsalı və bərpa olunan enerji Azərbaycanın enerji təhlükəsizliyinin yeni dayaqlarına çevriləcək.

Daha ətraflı:  https://moderndiplomacy.eu/2022/02/17/electricity-production-and-renewable-energy-new-pillars-of-azerbaijans-energy-security/  

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib