Son dövrədək Türk Dövlətləri Təşkilatını (TDT) əsasən ortaq kimlik, dil, mədəniyyət və iqtisadi əməkdaşlıq kontekstində səciyyələndirmək mümkün idi. Lakin bu yanaşma dəyişməkdədir.
Sentyabrın 17-də Bakı TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin V toplantısına ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıya ünvanladığı müraciətdə qeyd edib ki, türk xalqları arasında əməkdaşlıq artıq yalnız siyasi, iqtisadi və mədəni məsələlərlə məhdudlaşmır, “uzunmüddətli strateji xarakter” alıb. Daha əhəmiyyətlisi isə odur ki, o, milli təhlükəsizlik şuraları arasında məsləhətləşmələri “vahid təhlükəsizlik arxitekturası”nın formalaşmasına şərait yaradan amil kimi qiymətləndirib.
Aydındır ki, bu, TDT-nin NATO tipli hərbi təşkilata çevrildiyi anlamına gəlmir: NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə öhdəliyinə bənzər hər hansı öhdəlik mövcud deyil və təşkilatın bütün üzvlərinin belə bir niyyətə malik olduğunu göstərən dəlil də yoxdur. Bununla belə, sentyabrda keçirilmiş görüş fərqli bir məqamı ortaya qoyur: türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq getdikcə daha müntəzəm və praktiki xarakter alır.
Bu proses tədricən inkişaf edib. TDT 2022-ci ildən etibarən üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin görüşlərini təşkil etməyə başlayıb. 2026-cı ilin sentyabrına olan məlumata görə, bu mexanizm artıq beşinci görüş səviyyəsinə çatıb. Təşkilat özü də təhlükəsizlik sahəsində əməkdaşlığı həm ənənəvi, həm də qeyri-ənənəvi təhdidlər baxımından getdikcə daha mühüm fəaliyyət istiqaməti hesab edir. Buraya terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi sahələr daxildir.
Son dövrdəki tendensiyalar göstərir ki, bu proses yalnız bir institut çərçivəsində baş vermir. Sentyabrın 10-da Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın daxili işlər nazirləri hüquq-mühafizə və ictimai təhlükəsizlik sahələrində əməkdaşlığın gücləndirilməsi məqsədilə Astanada görüş keçiriblər. Ertəsi gün isə TDT-yə üzv dövlətlərin baş prokurorları ədliyyə və təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə etmək üçün Türküstanda bir araya gəliblər.
Bəlkə də, aşağıdakı məqam bu tendensiyanı daha aydın şəkildə nümayiş etdirir. Belə ki, TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci görüşü sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək. Bunun ardınca oktyabrın 29-da TDT xarici işlər nazirlərinin görüşünün, oktyabrın 30-da isə Türkiyədə TDT-nin XIII Zirvə görüşünün keçirilməsi nəzərdə tutulur. Bu zirvə görüşü Təşkilatın növbəti institusional mərhələsinin prioritetlərini müəyyənləşdirmək məqsədi daşıyan 2027–2031-ci illər üzrə Strategiyanın hazırlanması prosesi fonunda keçiriləcək.
Bütün bunlar TDT-nin təhlükəsizlik şuraları, hüquq-mühafizə orqanları, müdafiə sənayesi, diplomatiya, infrastruktur və iqtisadi əməkdaşlıq kimi sahələri əhatə edən getdikcə daha geniş və mürəkkəb institusional struktura malik olduğunu göstərir. Azərbaycan bu istiqamətdəki inkişafın ən fəal tərəfdarlarından biri kimi çıxış edir. Prezident İlham Əliyev 2025-ci ilin oktyabrında Qəbələdə keçirilmiş TDT Zirvə görüşündə çıxışı zamanı 2026-cı ildə TDT-yə üzv dövlətlərin birgə hərbi təlimlərinin Azərbaycanda keçirilməsini təklif edib. O, həmçinin Azərbaycanın Türkiyə ilə genişmiqyaslı hərbi əməkdaşlığına toxunaraq, əvvəlki il ərzində Ankara ilə 25-dən çox ikitərəfli və çoxtərəfli hərbi təlim keçirildiyini qeyd edib.
*Məqalənin “Commonspace” nəşrində ingilis dilində dərc edilmiş orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
https://www.commonspace.eu/opinion/opinion-changing-organisation-turkic-states


