BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Nəsibə Mirzəyeva

Email: nasiba.mirzayeva@aircenter.az

Tel: (+994 12) 596-82-39

Dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı

2025-04-14 15:34

Tarix boyu dövlətlər çoxtərəfli münasibətlərə paralel olaraq ikitərəfli münasibətləri inkişaf etdirərək müxtəlif sahələrdə istər qlobal, istərsə də regional səviyyədə təkmilləşmək məqsədilə münasibətlərə siyasi kapital yatırıb. Strateji tərəfdaşlıq xarici siyasətin bir aləti olaraq hakimiyyətdə həm liberal, həm də realist yanaşmaya xidmət edir. Mahiyyət etibarı ilə ortaq məqsədləri paylaşan subyektlər əməkdaşlıq edərək institusional çevikliyi və tərəfdaşlar arasında uzunmüddətli yaxın əlaqələri paralel saxlamağa çalışırlar. Belə olan halda strateji tərəfdaşlıqla realist ittifaq elementləri ilə liberal inteqrasiya nəzəriyyə elementləri bir araya gətirilmiş olur. 1990-cı illərin əvvəllərindən beynəlxalq münasibətlər sisteminin yenidən qurulması strateji tərəfdaşlığı beynəlxalq problemlərin öhdəsindən sistemli şəkildə gəlmək üçün zəruri açara çevirib.

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli və dərin dəyişikliklər Cənubi Qafqaz regionuna da birbaşa təsir göstərməkdədir. Rusiya-Ukrayna müharibəsi, Ermənistan-Azərbaycan münasibətlərində sülh gündəliyinin formalaşması, xarici aktorların Qafqaz siyasətində fəallaşması regionda yeni siyasi düzənin formalaşmasına gətirib çıxarıb. Bu proseslər fonunda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı daha da aktuallaşır və regiondaxili sabitliyin aparıcı dayaqlarından biri kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Gürcüstanın Azərbaycan üçün strateji əhəmiyyətinə belə diqqət çəkib: “Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi.[1]

Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq uzun illərdir ki, qarşılıqlı hörmət və strateji maraqlara əsaslanır. Gürcüstanın xarici siyasətində əsas prioritetlərdən biri Avroatlantik məkanla inteqrasiya olsa da, o, bu yolda yalnız hərbi və ya institusional dəstək deyil, həm də regional dayaq nöqtələri axtarır. Bu baxımdan, Azərbaycan sabit, güc balansını qoruyan mühüm aktor kimi ön plana çıxır. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, “...ümumi regional maraqlarla şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır”.[2]

İki dövlət arasında təhlükəsiz, etibarlı münasibətlərin dərinləşməsi həm geosiyasi, həm də praktiki təhlükəsizlik maraqlarının kəsişmə nöqtəsində dayanır.

Gürcüstanla Azərbaycan arasında regionda sülhün bərpası istiqamətində də uğurlu irəliləməkdədir. Antalya Diplomatik Forumunda çıxış edən İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bir daha Bakı ilə İrəvan arasında sülhə doğru atılan addımları alqışladığını bildirib: "Biz Azərbaycan və Ermənistan arasında istənilən və bütün razılaşmaları alqışlayırıq. Lazım gələrsə, danışıqlar prosesini dəstəkləməyə hazırıq. Gürcüstan regionda sülhün təşviqində həmişə çox müsbət rol oynayıb və biz bu rolu davam etdirməyə hazırıq. Biz Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq, əməkdaşlıq və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyalıyıq. Mən Gürcüstana güclü dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkür edirəm. Münasibətlərimiz əladır və biz onları daha da gücləndirmək əzmindəyik".[3]

Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını yalnız diplomatik əlaqələr və siyasi bəyannamələr deyil, eyni zamanda böyükmiqyaslı enerji və nəqliyyat layihələri təşkil edir.  Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi layihələr iki ölkə arasında dərin iqtisadi birlik formalaşdırıb. Rusiya-Ukrayna müharibəsi fonunda Avropanın enerji təhlükəsizliyi məsələsi daha da aktuallaşıb və bu kontekstdə Azərbaycan enerji mənbəyi, Gürcüstan isə əsas tranzit ölkə funksiyasını yerinə yetirir. Gürcüstanın bu sistemdəki mövqeyi onu yalnız Azərbaycan üçün deyil, Avropa İttifaqı üçün də əvəzolunmaz tərəfdaşa çevirir. Bu isə Azərbaycan-Gürcüstan münasibətlərini regional səviyyədən beynəlxalq miqyasa çıxarır.

Digər tərəfdən, ABŞ və Aİ-nin regiona marağı artdıqca, onlar üçün Azərbaycan və Gürcüstan ikilisi Qafqazda təhlükəsizlik və enerji sabitliyinin təməl aktorları kimi görünür. ABŞ-ın Cənubi Qafqaz siyasətində Bakı və Tbilisi ilə əməkdaşlığa önəm verməsi, onların birgə iştirak etdiyi çoxtərəfli formatların – məsələn, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlıq platformasının möhkəmlənməsinə gətirib çıxarır.

Xəzər və Qaradəniz arasında yerləşən iki dövlət müxtəlif regionların birgə təmasında xüsusi rola sahibdir. İki ölkə arasında sıx tərəfdaşlığına bariz nümunə kimi İrakli Kobaxidzenin seçkilərdən sonra ilk səfərini Azərbaycana etməsini göstərmək olar. Xarici işlər naziri Maka Boçorişvilinin də bildirdiyi kimi birgə səylərlə ölkələr arasında əməkdaşlığın genişləndirilməsi, müsbət aspektlərin əldə olunması regionun çiçəklənməsi baxımından olduqca əhəmiyyətlidir və bu anlamda Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq həqiqətən nümunəvidir.[4]

Bütün bu faktorlar göstərir ki, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq sadəcə iki ölkənin münasibətlərindən ibarət deyil. Bu münasibətlər regionun gələcəyi, sabitliyi və beynəlxalq sistemlə əlaqələnməsi üçün bir çərçivə yaradır. Qarşılıqlı etimad, ortaq maraqlar və dəyişən regional düzən fonunda iki ölkə arasındakı əməkdaşlıq Cənubi Qafqazın strateji sabitliyinin əsası olaraq qalmaqdadır.


[1] ADA Universitetində İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib https://president.az/az/articles/view/68514

[2] Gürcüstanın Baş naziri: Ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür https://apa.az/resmi-xeber/gurcustanin-bas-naziri-olkelerimiz-arasindaki-elaqeler-xalqlarimizin-enenevi-semimi-ve-mehriban-qonsuluq-munasibetlerinin-tezahurudur-893335

[3] Georgian PM praises excellent relations with Azerbaijan https://caliber.az/en/post/georgian-pm-praises-excellent-relations-with-azerbaijan

[4] Maka Botchorishvili: "The strategic partnership between Georgia and Azerbaijan is truly exemplary. I am confident that our relations will deepen even further"   https://mfa.gov.ge/en/news/593787-maka-botchorishvili-saqartvelosa-da-azerbaijans-shoris-arsebuli-strategiuli-partnioroba-namdvilad-sa

*Məqalə Gürcüstanın "Kvira" nəşrində dərc edilib:

https://kvira.ge/1004870

Müəllifin son məqalələri

14 Aprel 2025 - 15:34

Dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı

22 Sentyabr 2023 - 14:45

Gürcüstan-Çin münasibətləri: əsas istiqamətlər və müxtəlif yanaşmalar

16 Dekabr 2022 - 11:30

Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi