Avropanın nüfuzlu “Euractiv” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “COVID-19 -la mübarizədə çoxtərəfli diplomatiya və kollektiv səylər” başlıqlı məqaləsi dərc olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə COVID-19- la mübarizəyə dair dekabrın 3-4-də keçirilmiş BMT Baş Assambleyasının xüsusi, 31-ci sessiyası haqqında danışılır. Qeyd olunur ki, bəşəriyyətin COVID-19 pandemiyası ilə üz-üzə qaldığı br zamanda özünütəcrid və dövlətlərin yalnız öz milli maraqlarına köklənmiş siyasətlərindən çəkinərək çoxtərəfli diplomatiyaya köklənən kollektiv həll yollarını tapması üçün BMT çərçivəsində işin aparılması çox vacibidr. “Azərbaycan məhz bu düşüncə ilə də xüsusi sessiyanın çağırılması təşəbbüsünü irəli sürüb və bu təşəbbüs Ermənistan istisna olmaqla 150 BMT üzvü tərəfindən dəstəklənib”, - deyə müəllif bildirir.
Məqalədə xüsusi sessiyada aparılmış müzakirələrə də diqqət çəkilir. Xüsusən pandemiyanın qlobal ayrı-seçkiliyi daha da dərinləşdirdiyi və son 75 ildə ən güclü humanitar böhrana səbəb olduğu bir dövrdə COVID-19-la mübarizə üçün qlobal səylərin birləşdirilməsinə daha da böyük ehtiyacın olması, hazırlanacaq peyvəndin hamı üçün əlçatanlığının təmin edilməsi kimi məsələlər vurğulanır. Qeyd edilir ki, Azərbaycan tərəfindən irəli sürülmüş və Qoşulmama Hərəkatı tərəfindən dəstəklənərək sonradan daha geniş BMT ictimaiyyəti tərəfindən qəbul edilmiş bu təşəbbüs COVID-19 böhranının qlobal effektləri qarşısında hamının bir cəbhdə mübarizə apardığını bir daha göstərmiş olub.
Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/multilateralism-and-collective-efforts-to-stave-off-the-covid-19-threat