BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

“Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda konfrans keçirilib

2026-11-27 13:46

Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin yaradılmasının 35 illik yubileyinə həsr olunub.

Tədbirin məqsədi Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlar kontekstində Azərbaycanın strateji prioritetlərini, xarici siyasət və milli təhlükəsizlik istiqamətlərini, eləcə də regional sülh və əməkdaşlığın təmin olunmasında ölkəmizin rolunu elmi-analitik müstəvidə müzakirə etmək olub.

Dəyirmi masa BMTMM-in aparıcı məsləhətçisi, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidovun moderatorluğu ilə keçirilib.

Tədbirdə çıxış edən BDU-nun rektoru Məleykə Abbaszadə 1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi vəziyyətə, müstəqilliyin ilk illərində yaşanan çətinliklərə və torpaqlarımızın uzun müddət işğal altında qalmasına toxunaraq, tarixi proseslərdə şəxsiyyətlərin rolunun əhəmiyyətini vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, siyasi uzaqgörənliyinin və müəyyən etdiyi inkişaf strategiyasının Azərbaycanın müasir dövlət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. Bildirib ki, bu siyasi irsin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa edərək regionda yeni reallıqlar yaradıb.

Məleykə Abbaszadə tarixi təcrübənin dövlət təhlükəsizliyinin təmin olunması, münaqişələrin qarşısının alınması, risklərin vaxtında qiymətləndirilməsi və davamlı sülhün formalaşdırılması baxımından mühüm dərslər verdiyini diqqətə çatdırıb və tələbələrin bu cür akademik müzakirələrdə fəal iştirakını yüksək qiymətləndirib.

O vurğulayıb ki, dayanıqlı sülh qarşılıqlı hörmətə, beynəlxalq hüquqa riayətə, məsuliyyətə və ədalət prinsiplərinə əsaslanmalı, bu prosesdə akademik ictimaiyyətin peşəkar təhlil və tövsiyələri də mühüm rol oynamalıdır: “Sülh mücərrəd siyasi kateqoriya deyil, dövlətin gücü, suverenliyi və beynəlxalq hüququn prinsipləri üzərində qurulan fundamental dəyərdir. Siyasətin əsl nailiyyəti münaqişələri həll etməklə yanaşı, onların yaranmasının qarşısını almaq bacarığıdır. Bu baxımdan universitetlərin və elmi ictimaiyyətin üzərinə siyasi qərarların nəticələrini əvvəlcədən görə bilən, əməkdaşlığın elmi cəhətdən əsaslandırılmış modellərini formalaşdıran yeni nəsil mütəxəssislər yetişdirmək kimi xüsusi məsuliyyət düşür. Azərbaycanın qazandığı sülh azadlığımızı, müstəqilliyimizi, milli ləyaqətimizi itirmək bahasına əldə olunan sülh deyil. Biz bunun hamısını qorumalı və güclü olmalıyıq”.

BMTMM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın mövcud geosiyasi şəraitdə artan roluna, regional proseslərdə orta güc dövləti kimi mövqeyinin möhkəmlənməsinə və qarşıda duran strateji prioritetlərə toxunub. O bildirib ki, Azərbaycanın iqtisadi, siyasi və hərbi potensialının davamlı şəkildə gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

"Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşıb, regionda sülh və əməkdaşlıq gündəliyi ön plana çıxıb. Ermənistan tərəfindən sülh və əməkdaşlıqla bağlı bəyanatlar səsləndirilsə də, erməni cəmiyyətində sülhə münasibət hələ də birmənalı deyil. Onun sözlərinə görə, Azərbaycan tarixini unutmadan mövcud geosiyasi reallıqların yaratdığı imkanları düzgün qiymətləndirir və regional proseslərdə orta güc dövləti kimi mövqeyini möhkəmləndirir".

Dəyirmi masa zamanı Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi fikirlərə də diqqət çəkilib. Fərid Şəfiyev müasir dövrdə müharibələrin xarakterinin, eləcə də beynəlxalq münasibətlər sistemində təsir və təzyiq mexanizmlərinin əhəmiyyətli dərəcədə dəyişdiyini vurğulayıb. O qeyd edib ki, hazırda dövlətlər üçün mövcud təhdidlər yalnız ənənəvi hərbi vasitələrin tətbiqi və ya dövlət sərhədlərinin pozulması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, xüsusilə sosial şəbəkələrin geniş təsir imkanları dövlətlərə qarşı yeni təzyiq və təsir mexanizmlərinin formalaşmasına zəmin yaradır.

Daha sonra çıxış edən BMTMM-in şöbə müdiri, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Mətin Məmmədli, həmin fakültənin dosenti Fərhad Hüseynov və müəllimi Aytən Qurbanova Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların regional və qlobal aspektləri, ölkəmizin çoxvektorlu xarici siyasəti və Cənubi Qafqazda sülh gündəliyinin perspektivləri barədə fikirlərini bölüşüblər. Çıxışlarda Azərbaycanın ardıcıl və praqmatik xarici siyasətinin regional əməkdaşlığın inkişafına, sülh gündəliyinin irəlilədilməsinə və beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə verdiyi töhfələr təhlil olunub. Eyni zamanda, ölkəmizin regional proseslərdə təşəbbüskar mövqeyi, yeni tərəfdaşlıq münasibətlərinin qurulması və dəyişən beynəlxalq münasibətlər sistemində artan rolu diqqətə çatdırılıb.

Müzakirələrdə Prezident İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində YAP-ın VIII Qurultayında etdiyi çıxışda müəyyənləşdirdiyi strateji istiqamətlərə xüsusi diqqət yetirilib. İqtisadi müstəqillik, hərbi güc, müstəqil xarici siyasət və ideoloji təhlükəsizliyin Azərbaycanın milli maraqlarının qorunmasının və strateji muxtariyyətinin təmin edilməsinin əsas dayaqları olduğu vurğulanıb. Bu kontekstdə Azərbaycanın orta güc dövləti kimi beynəlxalq mövqeyinin möhkəmlənməsi, regional və qlobal proseslərdə fəal iştirakı, yeni tərəfdaşlıq münasibətlərinin inkişafı və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və müxtəlif ekspertlərin yanaşmaları dinlənilib.

Müəllifin son məqalələri

27 Noyabr 2026 - 13:46

“Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda konfrans keçirilib

26 Noyabr 2026 - 10:17

Azərbaycanın Xəzər və Aralıq dənizi hövzələri arasında artan strateji rolu Romada müzakirə olunub

24 Noyabr 2026 - 16:18

Romada Azərbaycan-İtaliya strateji tərəfdaşlığı müzakirə olunub