Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində “Cənubi Qafqazda sülh” başlıqlı məqaləsi dərc olunub. Müəllif məqalədə bildirir ki, regionun tarixi, hazırkı geosiyasi durumu, Ermənistan daxilindəki radikal elementlər, eləcə də diaspor kimi amillər sülhə gedən yolu çətinləşdirir. Fərid Şəfiyev qeyd edir ki, Qərbin Ermənistan və Azərbaycan arasında post-münaqişə vəziyyətinə münasibətindəki ən problematik məqam 2020-ci il müharibəsindən və ya 2023-cü il sentyabr əməliyyatlarından öncə sanki heç nə baş verməmiş kimi davranmasıdır. O diqqətə çatdırıb ki, hazırkı vəziyyət öz köklərini 1987-1990-cı illərdə Ermənistan rəhbərliyinin azərbaycanlılara qarşı başlatdığı etnik təmizləmə siyasətindən götürür. Bu siyasət daha sonralar Azərbaycanın Qarabağ bölgəsinin işğalı zamanı da davam etdirilib.
“Göz önündəki bu reallıqlar ardıcıl şəkildə Qərb mediası və siyasi dairələri tərəfindən diqqətdən kənarda saxlanılıb və ya təhrif edilib”, deyə F. Şəfiyev vurğulayıb.
Sonda müəllif qeyd edir ki, Cənubi Qafqaz uzun illər, münaqişələrdən əziyyət çəkib və burda Qərb mediası və intellektuallarının birtərəfli, milliyyətçi narrativləri də öz rolunu oynayıb. Bu səbəbdən, beynəlxalq aktorlar ədalətli mövqedən çıxış etməlidirlər. Daha ətraflı:
https://www.eurasiareview.com/12022024-peace-in-the-south-caucasus-oped/