BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Cənubi Qafqazda geosiyasət intensivləşir

2024-04-03 16:16

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Vasif Hüseynovun “Cənubi Qafqazda geosiyasət intensivləşir” sərlöhvəli məqaləsi Ceymstaun Fondunun “Eurasia Daily Monitor” nəşrində dərc edilib.

NATO Baş katibi Yens Stoltenberqin 17-19 mart tarixlərində Cənubi Qafqaza səfərinin detallarına toxunan V.Hüseynov səfərin vacib geosiyasi proseslər fonunda baş verməsinə diqqət çəkib.

“Stoltenberqin səfəri Rusiya və Ermənistan arasında münasibətlərin pisləşdiyi, Ermənistan-Azərbaycan sülh prosesində durğunluğun müşahidə olunduğu və 2024-cü ilin oktyabrında Gürcüstanda parlament seçkiləri öncəsi siyasi qeyri-müəyyənlik dövrünə təsadüf edib. Sadalananların hər biri Cənubi Qafqazda yeni qarşıdurma və qeyri-stabillikdən xəbər verir. Stoltenberqin səfəri zamanı vacib razılaşma imzalanmadı, lakin səfərin baş tutduğu zaman və məzmunu yüksək əhəmiyyətə malik idi. Yerli ekspertlərin qənaətincə, NATO rəhbərinin Cənubi Qafqaz səfəri vacib geosiyasi məsələlərlə bağlı region ölkələrinin mövqeyini aydınlaşdırmaq məqsədi daşıyıb”.

Məqalədə qeyd edilir ki, bu səfər Moskvada diqqətlə izlənilib və “Cənubi Qafqaz ölkələrinin Avro-Atlantik təsir zonasına salınması cəhdlərinin növbəti təzahürü” kimi xarakterizə olunub.

“Kreml üçün Rusiyanın Cənubi Qafqazdakı əsrlərlə davam edən hegemoniyası risk altındadır. Ermənistan Rusiyanın təsirini azaltmağa, eləcə də Avropa İttifaqı və NATO ilə daha sıx münasibətlər qurmağa çalışır. Stoltenberqin səfərindən bir neçə həftə əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı iştirakını dondurduğunu bildirmiş, hətta qurumu tərk edəcəyini istisna etməmişdi”.

Aprelin 5-də keçiriləcək Ermənistan-Aİ-ABŞ müştərək konfransına diqqət çəkən V. Hüseynov qeyd edir ki, bu toplantı Ermənistan üçün yeni format olacaq.

“Avrokomissiyanın Prezidenti Ursula fon der Lyayen ilk dəfə Avropa Siyasi Birliyinin  5 oktyabr 2023-cü il tarixli Qranada görüşü zamanı bu toplantının keçiriləcəyini bildirmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sözügedən toplantının “Ermənistanın dayanıqlılığının təmin edilməsini hədəflədiyini” qeyd etmişdi”.

Məqalədə bildirilir ki, Bakı Rusiya-Qərb qarşıdurmasının Cənubi Qafqaza yayılmasından narahatlığını ifadə edib. Bununla yanaşı, Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu dostluq əlaqələrinin inkişaf etdirilməsinə əsaslanan ənənəvi balanslaşdırılmış siyasətini davam etdirir.

“Bakıdakı birgə mətbuat konfransı zamanı Stoltenberq və Azərbaycan Prezidenti İlham Əliyev 30 illik tərəfdaşlığı və Azərbaycanın NATO-nun Əfqanıstan və Kosovo əməliyyatlarındakı keçmiş töhfələrini yüksək qiymətləndirib. Bakı bu xarici siyasət xəttini davam etdirməkdə maraqlıdır və ehtiyatla Ermənistan-Rusiya münasibətlərində cərəyan edən prosesləri inkişafını izləyir”.

Sonda müəllif bildirir ki, geosiyasi gündəmin intensivləşməsi regional dinamikaları daha kompleks vəziyyətə gətirir.

“Əgər gərginliklər davam etsə və eskalasiya riski artsa, region gələcəkdə yeni qarşıdurma və qeyri-stabilliklə üzləşə bilər”.

 

*Məqalə ilə daha detallı aşağıdakı link vasitəsilə tanış olmaq olar:

https://jamestown.org/program/geopolitics-of-the-south-caucasus-intensifies/

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir