BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Yunis Qurbanov

Email: yunis.g@aircenter.az

Tel:

C5+1: Mərkəzi Asiyada Rusiyanın geosiyasi mövqeyinin yenidən müəyyənləşdirilməsi

2026-02-02 12:57

BMTM-in baş məsləhətçisi Yunis Qurbanovun “C5+1: Mərkəzi Asiyada Rusiyanın geosiyasi mövqeyinin yenidən müəyyənləşdirilməsi” adlı məqaləsi “The Jamestown Foundation” mərkəzi tərəfindən dərc edilib.

Məqalədə qeyd edilir:

"2025-ci ilin noyabrında ABŞ rəsmiləri və Mərkəzi Asiyanın beş ölkəsinin nümayəndələri 2015-ci ildə yaradılmış C5+1 formatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi öhdəliyini bir daha təsdiqlədilər. Görüşlərdə əsas diqqət strateji xammal resurslarına, nəqliyyat əlaqələrinə və iqtisadi dayanıqlılığın gücləndirilməsinə yönəldildi. 6 noyabr 2025-ci ildə Vaşinqtonda keçirilən sammit ABŞ prezidentinin C5+1 görüşündə ikinci dəfə iştirakı ilə yadda qaldı.

2025-ci ilin noyabr görüşləri zamanı ABŞ Ticarət Nazirliyi aviasiya, minerallar, logistika və sənaye sahələrini əhatə edən, ümumi dəyəri təxminən 25 milyard ABŞ dolları olan razılaşmaların elan edildiyini bildirdi.

Bu layihələrə Qazaxıstanda volfram hasilatı təşəbbüsü də daxildir. Layihə ABŞ İxrac-İdxal Bankı (U.S. Export-Import Bank - EXIM) tərəfindən 900 milyon ABŞ dollarınadək maliyyələşməni nəzərdə tutan, hüquqi baxımdan məcburi olmayan niyyət məktubu ilə irəliləyib. Həmçinin Özbəkistanda nadir torpaq elementlərinin hasilatı üzrə ABŞ şirkətləri ilə ilkin razılaşmalar əldə olunub.

Özbəkistan, Tacikistan və Qazaxıstan ABŞ təyyarələrinin alınması ilə bağlı razılaşmaların əldə olunduğunu elan ediblər. Qırğızıstan isə hidroenergetika, nəqliyyat və informasiya texnologiyaları sahələrində inkişaf perspektivlərinə dair müzakirələr aparıb.

C5+1 gündəliyində nəqliyyat dəhlizləri, tənzimləyici çərçivələrin uyğunlaşdırılması və strateji təchizat zəncirləri getdikcə daha çox prioritet qazanır. Bağlantı layihələri artıq Mərkəzi Asiya hüdudlarını aşaraq daha geniş coğrafiyanı əhatə etməyə başlayır.

16 noyabr 2025-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu üzv oldu. Prezident İlham Əliyev 2023 və 2024-cü illərdə həmin toplantıda “fəxri qonaq” qismində iştirak etmişdi. Bu addım Azərbaycanın Mərkəzi Asiyada artan rolunun göstəricisi kimi qiymətləndirilir.

Azərbaycan klassik coğrafi bölgüyə görə Mərkəzi Asiya ölkəsi sayılmasa da, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında əlaqələndirici körpü rolunu getdikcə daha da gücləndirir. Ölkənin C5+1 platformasının iqtisadi və logistika prioritetlərinə töhfə vermək baxımından geniş imkanları mövcuddur.

Azərbaycanlı ekspertlər və analitik mərkəzlər hesab edirlər ki, Bakının Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) oynadığı rola görə gələcəkdə C5+1 görüşlərində iştirakı məqsədəuyğun ola bilər. Mərkəzi Asiyadakı bəzi şərhçilər də qeyd edirlər ki, Azərbaycanın regional bağlantılardakı rolu nəqliyyat marşrutlarının şaxələndirilməsinə və tranzit baxımından Rusiyadan asılılığın azalmasına töhfə verə bilər.

Müəllif əlavə edir ki, bəzi Rusiya media qurumları C5+1 formatına artıq daha ciddi yanaşmağa başlayıblar. Əvvəllər onun əhəmiyyəti yetərincə qiymətləndirilmirdisə, son təhlillərdə C5+1 regional sabitliyi dəstəkləyən, lakin ikinci dərəcəli amil kimi təqdim olunur.

Məqalənin yekununda vurğulanır ki, C5+1-in təkamülü onun simvolik və dialoq yönümlü təşəbbüsdən praktik, layihə əsaslı iqtisadi koordinasiya mexanizminə çevrildiyini göstərir".

*Məqalənin ingilis dilində dərc olunmuş bütöv mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://jamestown.substack.com/p/c51-reframing-russias-position-in

Müəllifin son məqalələri

02 Fevral 2026 - 12:57

C5+1: Mərkəzi Asiyada Rusiyanın geosiyasi mövqeyinin yenidən müəyyənləşdirilməsi

12 Yanvar 2026 - 12:47

Niyə 2025-ci il Azərbaycanın ABŞ ilə əlaqələrində diplomatik dönüş nöqtəsi oldu?

25 Avqust 2025 - 10:48

Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar: Vaşinqtonun artan fəallığı