Oktyabrın 15-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu (IFAT) və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə Macarıstanın paytaxtı Budapeştdə “Türkdilli ölkələrin müstəqilliyinin 30 illiyi: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə açılış nitqi ilə çıxış edən IFAT-ın direktoru Marton Uqroşdi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev konfransın işinə uğurlar arzulayıb və son bir ildə Cənubi Qafqazda baş verən hadisələr fonunda konfransın keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik məsələləri üzrə dövlət katibi Peter Staray və Türk Şurasının baş katibinin müavini Qismət Gözəlov və Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə konfrans iştirakçılarını salamlayıblar.
Daha sonra türkdilli ölkələrin müstəqilliyinin 30-cu ilində Türkiyə və Macarıstanla inkişaf edən münasibətlər, 44 günlük müharibədən sonra regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar, yeni nəqliyyat dəhlizinin formalaşması və onun regional iqtisadi əməkdaşlığa təsirləri mövzularında panel müzakirələrində BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova, şöbə müdiri Cavid Vəliyev iştirak edib, aparıcı məsləhətçi Orxan Bağırov türk dünyasının geoiqtisadi atlasını təqdim edib.
Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzi, Qırğızıstanın Strateji Araşdırmalar üzrə Mili İnstitutu(NİSS), Qazaxıstanın Prezident yanında Strateji Araşdırmalar İnstitutu (KAZİSS) və Özbəkistanın Strateji və Regional Araşdırmalar İnstitutundan nümayəndələri də çıxış ediblər.
Daha sonra tədbirin fəxri qonaqları arasında Türk Şurasının Ağsaqqallar Şurasının üzvləri – Türkiyə hökumətinin keçmiş rəhbəri və Türkiyənin sabiq nəqliyyat naziri Binəli Yıldırım, Azərbaycanın sabiq Baş naziri və ölkəmizin Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Həsən Həsənov da tədbir iştirakçıları qarşısında çıxış ediblər. Binəli Yıldırım Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, onun bir sıra güclər tərəfindən dəstəkləməsi, Azərbaycanın münaqişəni sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq, Ermənistanın bundan imtina etməsindən danışıb. O qeyd edib ki, Azərbaycan Ermənistanın təxribatlarına əks hücumla cavab verərək torpaqlarını işğaldan azad edib. Binəli Yıldırım həmçinin Zəngəzur dəhlizinin açılması, onun əhəmiyyəti və türk dövlətləri arasında əməkdaşlıq üçün vacibliyinə toxunub. Həsən Həsənov 44 günlük müharibədən sonrakı vəziyyət və baş verən son proseslər barədə məlumat verib.