BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM sədrinin MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında çıxışı

2025-05-14 19:55

Müasir beynəlxalq münasibətlər sistemində Qlobal Cənub iqtisadiyyat və diplomatiya sahələrində önəmli bir oyunçu kimi meydana çıxır. Şərqlə Qərb arasında strateji mövqedə yerləşən, inkişaf edən və iqtisadi potensialı artmaqda olan postsovet dövləti kimi Azərbaycan bu kontekstdə Qlobal Cənub ölkələri ilə əlaqələrini genişləndirmək üçün unikal imkanlara sahibdir. Xüsusilə, diplomatiya və iqtisadiyyat sahələrində bu əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyinə və iqtisadi müstəqilliyinə töhfə verə bilər.

Azərbaycan üçün iqtisadi və diplomatik əlaqələrin şaxələndirilməsi hazırda daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, Qlobal Cənub ölkələri ilə fəal əməkdaşlıq və çoxtərəfli diplomatik fəaliyyət zəruridir. Belə bir əməkdaşlıq formatı Azərbaycanın beynəlxalq ticarət imkanlarını genişləndirə, xarici investisiyaların cəlb olunmasını təşviq edə və regional iqtisadi sazişlərin formalaşdırılmasına zəmin yarada bilər.

Enerji resursları ilə zəngin ölkə kimi Azərbaycan Qlobal Cənubda yerləşən digər neft və qaz hasil edən dövlətlərlə əməkdaşlıq qurmaq potensialına malikdir. Bu, təkcə enerji sektorunda deyil, həm də texnologiya, infrastruktur və logistik sahələrdə yeni tərəfdaşlıqların yaranmasına gətirib çıxara bilər. Eyni zamanda, Azərbaycan enerji ixracı üçün yeni bazarlar tapmaqla öz iqtisadi dayanıqlığını artıracaqdır.

Azərbaycanın beynəlxalq platformalardakı iştirakı da bu prosesə təkan verir. Ölkəmizin Qoşulmama Hərəkatında fəal iştirakı və bu təşkilatla möhkəm əlaqələri Qlobal Cənub dövlətləri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq Azərbaycanın diplomatik profilini və beynəlxalq nüfuzunun artmasına xidmət edəcək.

Yeni beynəlxalq ittifaqların və tərəfdaşlıqların yaradılması Azərbaycanın ənənəvi tərəfdaşlarından olan Avropa ölkələri və Rusiya ilə əlaqələrin balanslaşdırılmasına da kömək edəcək. Belə ki, Azərbaycan Avropa bazarında enerji, Rusiya bazarında isə kənd təsərrüfatı məhsulları baxımından müəyyən asılılığa malikdir. Bu vəziyyətin dəyişdirilməsi üçün uzaq bazarlarla əlaqələrin qurulması və alternativ tədarük mənbələrinin müəyyən edilməsi əhəmiyyətlidir.

Nəticə etibarilə, Qlobal Cənub ölkələri ilə əməkdaşlığın inkişafı Azərbaycanın həm iqtisadi inkişafına, həm də müstəqil və çevik xarici siyasət strategiyasının həyata keçirilməsinə mühüm töhfələr verə bilər. Bu əməkdaşlıq yalnız iqtisadi və diplomatik sahələrlə məhdudlaşmayaraq, eyni zamanda Azərbaycanın qlobal arenada daha fəal və təsirli bir aktora çevrilməsinə xidmət edəcək.

 

Müəllifin son məqalələri

20 İyun 2025 - 11:43

Əlcəzair-Fransa böhranının regiona təsirləri

18 İyun 2025 - 14:04

Azərbaycan Respublikası ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq mövzusunda simpozium keçirilib  

15 İyun 2025 - 09:20

BMTM və GLOBSEC 2025 birgə panel və xüsusi sessiya təşkil edib