“Azərbaycanda 2020-ci ildə irimiqyaslı humanitar minatəmizləmə işlərinə başlanandan indiyədək sözügedən fəaliyyətə ayrılan resursların yalnız 6%-ni xarici yardımlar təşkil edib. Bu həm Azərbaycanın üzləşdiyi minatəmizləmə problemləri fonunda, həm də beynəlxalq donor icmasının dünyanın digər yerlərindəki oxşar məsələlərə verdiyi töhfələrlə müqayisədə olduqca aşağı göstəricidir”.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMT-nin Nyu-Yorkdakı iqamətgahında keçirilən “Azərbaycanda Humanitar Mina Təmizləmə Fəaliyyəti vasitəsilə həyatların xilas edilməsi” adlı brifinqdə bildirib.
Geniş təqdimatla çıxış edən Fərid Şəfiyev bildirdi ki, minalardan təmizlənən ərazilərin sahəsini genişlətmək və mülki şəxslər üçün riskləri minimuma endirmək məqsədilə xarici tərəfdaşların birbaşa maliyyə, avadanlıqlar, kadr, təlim və birgə fəaliyyətlər formasında yardım etməsi zəruridir.
Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan ərazilərində minaların basdırılması təkcə keçmiş münaqişə dövründə deyil, 2020-ci ilin noyabrında- münaqişə bitdikdən sonra da davam etdirilib.
“Bu proses Azərbaycanın 19-20 sentyabr, 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri ilə Ermənistan ordusunun qalıq qoşunlarının ərazilərimizi məcburi qaydada tərk etməsinədək davam etdi. Partlayıcı maddələrlə geniş şəkildə çirklənmə sosial-iqtisadi inkişafa əngəl törədir, insan həyatını daim təhlükə altına alır və 800.000 keçmiş məcburi köçkünün öz ata-baba torpaqlarına təhlükəsiz və sürətli qayıdışına maneə yaradır. Minalar həyati vacib resurslara çıxışı məhdudlaşdırır, ətraf mühitə ziyan vurur, kənd təsərrüfatı işlərinə mane olur, yenidənqurma işlərini və infrastrukturun inkişafını ləngidir”.
Azad edilmiş ərazilərdə təxminən 1,5 milyon mina basdırıldığını deyən BMTM sədri Azərbaycanın dünya miqyasında partlayıcı qalıqlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu diqqətə çatdırıb.
“Son məlumata əsasən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumi çirklənmiş ərazi təqribən 11667 kvadrat kilometrdir (ümumi 86 600 kv.km ərazi). 1991-ci ildən bəri Azərbaycanda mina qurbanlarının ümumi sayı 3400-ü keçib. 2020-ci ildə müharibənin başa çatmasından 2024-cü il dekabrın 31-dək yeniyetmə, gənc və qadınlar daxil olmaqla 384 nəfər (70 nəfər ölüb, 314 nəfər yaralanıb) minaların qurbanı olub”,-deyə F.Şəfiyev əlavə etdi.
Yekunda diplomat Azərbaycan tərəfindən mina təhlükəsinin qarşısını almağa yönəlik həRtərəfli siyasi çərçivələr hazırlandığını, bununla da, ölkəmizin bu istiqamətdə qlobal humanitar təşəbbüslərə sadiqliyini vurğuladı.
Qeyd edək ki, “Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü” münasibətilə Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən təşkil edilən brifinqdə humanitar minatəmizləmə işləri ilə bağlı məsələlər, bu istiqamətdə beynəlxalq yardım və innovativ həllərin zəruriliyinə diqqət çəkilib.