Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Roza Bayramlı 16.04.2026-cı il tarixində Avropa İttifaqının dəstəyi və Tacikistanın Beynəlxalq Turizm və Sahibkarlıq Universitetinin təşkilatçılığı ilə keçirilən “Davamlı inkişaf məqsədləri və yaşıl diplomatiya layihələrinin icrasında Tacikistan Respublikasının töhfəsi” adlı II beynəlxalq elmi və praktiki konfransda (II International Scientific and Practical Conference: “The Contribution of the Republic of Tajikistan to the Implementation of the Sustainable Development Goals and Green Diplomacy”) çıxış edib.
Bərpaolunan enerji mənbələrindən istifadə, yeni texnologiyaların tətbiqi, bu sahədə beynəlxalq əməkdaşlıq mövzuları konfransın əsas müzakirə mövzuları olub.
Roza Bayramlı öz çıxışında Azərbaycan ilə Mərkəzi Asiya arasında sürətlə inkişaf edən tərəfdaşlığa, həmçinin Azərbaycanın C6 formatında iştirakının strateji əhəmiyyətinə diqqət çəkərək koordinasiyalı addımların zəruriliyini vurğuladı.
O qeyd etdi ki, Azərbaycan və Mərkəzi Asiya arasında xüsusilə enerji sahəsindəki əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və bu proses yalnız ekoloji prizmadan deyil, həm də daha geniş geoiqtisadi transformasiyanın tərkib hissəsi olaraq qiymətləndirilməlidir.
“Azərbaycanın bu prosesdə rolu tədricən genişlənərək onu Mərkəzi Asiyanın artan “yaşıl” enerji potensialını Cənubi Qafqaz, Qara dəniz hövzəsi və Avropa bazarları ilə birləşdirən mühüm enerji və infrastruktur qovşağına çevirir. “Azərbaycanın bu prosesdə rolu tədricən genişlənərək onu Mərkəzi Asiyanın artan “yaşıl” enerji potensialını Cənubi Qafqaz, Qara dəniz hövzəsi və Avropa bazarları ilə birləşdirən mühüm enerji və infrastruktur qovşağına çevirir. Azərbaycan-Qazaxıstan-Özbəkistan üçtərəfli formatı və Xəzər dənizi üzərindən təklif olunan “yaşıl enerji dəhlizi” kimi təşəbbüslər bu əməkdaşlığın institusional əsaslarını formalaşdırır”.
R.Bayramlı həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin enerji modellərinin bir-birini tamamlaması əməkdaşlıq üçün əlavə imkanlar yaradır.
“Xüsusilə Tacikistanın zəngin hidroenerji resursları ilə Azərbaycanın günəş və külək enerjisi sahəsində artan potensialının birləşdirilməsi daha geniş regional enerji şəbəkəsinin formalaşmasına şərait yarada bilər. Bu kontekstdə, Azərbaycan Mərkəzi Asiya “yaşıl” enerjisinin beynəlxalq bazarlara çıxışı üçün platforma rolunu oynayaraq, regionlararası əlaqəliliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir”,-deyə o əlavə edib.


