BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda dəyirmi masa keçirilib

2024-04-26 15:42

26 aprel 2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində “Müasir mərhələdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri: dərin strateji tərəfdaşlıq” mövzusunda dəyirmi masa təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycan və Qırğızıstan əlaqələrinin inkişaf dinamikasından bəhs edib:

“Son dövrlərdə səfərlərin dinamikasına baxsaq, ikitərəfli münasibətlərin inkişaf etdiyini deyə bilərik. Azərbaycan Qırğızıstanda investisiya layihələri həyata keçirir. Zənnimcə, gələcəkdə bu, daha da genişlənəcək”.

F. Şəfiyev Qırğızıstan tərəfindən Ağdamda inşa ediləcək məktəb binasının əhəmiyyətini xüsusi vurğulayıb:

 “Bu layihə azad edilmiş torpaqlarda icra edilir və qeyd etmək lazımdır ki, indiyədək 3 ölkə-Özbəkistan, Qazaxıstan və Qırğızıstan Azərbaycanın azad edilmiş torpaqlarında tədris-təhsil müəssisələrinin inşasına töhfə verib. Bu, bərpa-quruculuq işlərinə həm praktiki töhfədir, həm də bunun çox böyük rəmzi mənası vardır. Məhz qardaş türk dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpasında fəal iştirak etməsi çox böyük əhəmiyyət daşıyır”.

Azərbaycan və Qırğızıstanın Türk Dövlətləri Təşkilatı çərçivəsində münasibətlərinə toxunan BMTM sədri Mərkəzi Asiya 5+1 platformasında da qarşılıqlı faydalı əməkdaşlığın vacib istiqamətlərdən biri olduğuna diqqət çəkib.

“Hesab edirəm ki, ekspertlər səviyyəsində də bu platformanın inkişaf etdirilməsi zəruridir”.

F. Şəfiyev ikitərəfli və meqaiqtisadi layihələr çərçivəsində əməkdaşlığın, habelə iki ölkə gəncləri arasında humanitar layihələrin icrasının zəruriliyini də vurğuladı.

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfərinin təfərrüatlarına toxunan Qırğızıstanın Azərbaycandakı və Gürcüstandakı səfiri Kayrat Osmonaliyev  səfər çərçivəsində imzalanan sənədlər və görüşlərin münasibətlərin gələcək inkişafına töhfə verəcəyini qeyd edib.

“İmzalanan sənədlər arasında xüsusilə əməkdaşlığın hərtərəfli inkişafı ilə bağlı 5 illik proqramı qeyd etmək istərdim. Bu, ikitərəfli əməkdaşlıqda yol xəritəsi rolunu yerinə yetirəcək. “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in də iqtisadi faəliyyət üçün vacib olduğunu hesab edirəm”.

Diplomat qeyd etdi ki, dövlət səfəri münasibətlərə əlavə təkan verməklə yanaşı, hər iki ölkənin bütün sferalar üzrə əməkdaşlığın inkişafına sadiqliyini də göstərmiş oldu.

Daha sonra müzakirələr BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayevanın moderatorluğu ilə davam etdirilib. G. Paşayeva əsasları Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin bu gün də davam etdirildiyini və türk dünyası ilə əlaqələrin inkişafının Azərbaycanın xarici siyasət prioritetlərindən olduğunu deyib.

Sonra ikitərəfli münasibətlərin inkişafı və gələcək imkanlar barədə Azərbaycan sabiq baş naziri Həsən Həsənov, Qırğızıstanın keçmiş xarici işlər naziri, “Qırğız Diplomatlar Birliyi”nin sədri Janıl Tumenbayeva, DİA-nın Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri Namiq Əliyev, Qırğızıstan parlamentinin sabiq spikeri Medetkan  Şerimkulov  və digərlərinin çıxışları dinlənilib.

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib