BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib

2024-12-24 14:44

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Konfransda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub. Həmçinin beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapmışdır.

“Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılmışdır. Belə ki, ingilis dilində Azərbaycan gündəminin yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülletin hazırlanıb.  İl ərzində dərc olunan kitab və broşürlərin ümümi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir. Bunlardan biri bu il təqdimatını keçirdiyimiz İlham Əliyevin xarici siyasət uğurları 2003-2023 broşürü”dür, digəri isə təqdimatının yanvarda keçirilməsi nəzərdə tutulan, şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılan “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” sərlövhəli kitabdır. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub. Onlardan 2-si Qərbi Azərbaycan, 2-si COP29, 1-i Vətən müharibəsi, 1-i isə mərkəzin ötənilki fəaliyyət istiqamətlərini əhatə edir. Rus dilində isə Rusiya-Azərbaycan və Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərc edilib.

Dekabrın 1-dək olan göstəricilərə əsasən, Mərkəz əməkdaşları tərəfindən 100 arayış hazırlanıb.

Təhlillərə gəldikdə isə qeyd etməliyəm ki, Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində 10 olmaqla ümumilikdə 30 təhlil hazırlanıb və saytımızda yerləşdirilib.

BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib. Onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızla birlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfransları qeyd etmək istərdim.

Həmçinin ölkə xaricində İtaliya Asiya İnstitutu (ISIA),  Bakı Politoloqlar Klubu ilə birgə təşkil etdiyimiz “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlər: enerji təhlükəsizliyi və xarici siyasət”, Peruca Universiteti ilə birgə təşkil etdiyimiz “Azərbaycan-İtaliya: Yeni enerji siyasəti və ikitərəfli münasibətlər”, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI) ilə təşkil etdiyimiz “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusundakı tədbirlərimiz yerli və xarici ictimaiyyətdə xüsusi maraqla qarşılandı.

Mərkəzimiz COP29 dövrünü də səmərəli başa vurmuşdur. Belə ki, COP29 çərçivəsində Braziliyanın CEBRI beyin mərkəzi ilə Troika ölkələrində enerji keçidi ilə bağlı mümkün çağırışları müzakirə etdik. COP29 Sədrliyi ilə birgə təşkil etdiyimiz  "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı tədbirdə isə Almaniya, BƏƏ, Misir, Birləşmiş Krallıq və İtaliyadan olan həmkarlarımızla birlikdə beyin mərkəzlərinin işçi qrupunun yaradılmasına nail olduq.

2024-cü il ərzində ənənəvi qaydada Rusiya, Qırğızıstan və Qazaxıstanla ekspert şuralarının iclasları keçirilib. Bu ilin avqustun 27-də Özbəkistanla da sözügedən formatda ilk görüşümüzü keçirmişik.

Bu il 9 tərəfdaşla Anlaşma Memorandumu imzalanmışdır. Bunlar Türkiyənin İbn Haldun Universiteti, İtaliyanın Asiya İnkişaf İnstitutu, Peruca Universiteti, Koreya Respublikasının Xarici Araşdırmalar üzrə Hankuk Universiteti, Özbəkistanın Xarici Siyasət Araşdırmaları və Beynəlxalq Təşəbbüslər Mərkəzi, Mərakeşin Amadeus İnstitutu, Qırğızıstan Respublikası Prezidenti yanında Milli Strateji Təşəbbüslər İnstitutu, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu, Vaşinqton mərkəzli Yaxın Şərq İnstitutudur”,-deyə BMTM sədri diqqətə çatdırdı.

Əlavə olaraq qeyd edək ki, bu il Xarici İşlər Nazirliyi Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və BMTM-in birgə həyata keçirdiyi AİDA proqramı çərçivəsində Albaniya, Nepal, Braziliya, Pakistan, Niderland, Serbiya, Belçika, Avstraliya, Macarıstan,  Mərakeş, Gürcüstan, Çindən olan ekspertlər BMTM-də təqaüd proqramında iştirak ediblər. Azərbaycanda olduqları müddətdə ölkəmizlə bağlı müxtəlif araşdırmalar həyata keçirib, görüşlərə qatılıblar.

Daha sonra BMTM-in İdarə Heyətinin üzvü Gülşən Paşayeva Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında etimad quruculuğu tədbirlərinin aktuallığına, bunun sülh prosesinə mümkün töhfələrinə toxundu. BMTM-in şöbə müdiri  Cavid Vəliyev cari ildə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzləri və akademik institutları ilə aparılan işlərə, Azərbaycanın Türkiyə ilə münasibətlərinin hazırkı vəziyyəti və Türk Dövlətləri Təşkilatı ilə getdikcə intensivləşən təmaslar barədə çıxış etdi. BMTM-in şöbə müdiri Vasif Hüseynov Azərbaycan- Avropa İttifaqı əlaqələri istiqamətində BMTM tərəfindən irəli sürülən təşəbbüslər, avropalı tərəfdaşlarla aparılan işlər barədə məlumat verdi, cari ildə təşkilatla ölkəmiz arasındakı münasibətlərin ümumi xarakteristikasını təqdim etdi.

Müəllifin son məqalələri

25 Dekabr 2024 - 11:55

Fransada hökümətə etimadsızlıq votumu ilə əlaqədar dərinləşən siyasi böhranın səbəbləri və mümkün nəticələri

24 Dekabr 2024 - 15:39

BMTM-in Civilnet-də dərc olunan yazı ilə bağlı bəyanatı

24 Dekabr 2024 - 14:44

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib