BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM 27 sentyabr-Anım günü ilə bağlı dəyirmi masa təşkil edib

2022-09-27 15:30

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 27 sentyabr-Anım günü ilə bağlı dəyirmi masa təşkil edilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu sükutla yad edilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev son sərhəd toqquşmalarına toxunaraq, bəzi qrupların münaqişə bitibsə də, bu itkilərin hansı səbəbdən baş verməsinə dair suallarla çıxış etdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında olub: “44 günlük müharibə nəticəsində biz münaqişənin bitdiyini deyirik.  Aydındır ki, problemlər bitməyib. Toqquşmalar baş verib və biz itkilər vermişik. Lakin prinsipial olaraq Azərbaycan mövqeyini belə formalaşdırıb ki, biz münaqişə zamanı olan gündəliyə qayıtmırıq. Müharibədən əvvəl gündəlik Minsk qrupu çərçivəsində gedirdi və Madrid prinsipləri adlı sənəd hazırlanmışdı, Azərbaycan faktiki olaraq sənədi qəbul etmişdi. Lakin yekunda Ermənistan bu prinsiplərdən imtina etdi. Madrid prinsiplərində qondarma “Dağlıq Qarabağ” və referendum məsələsi qeyd olunub. Bu müharibədən əvvəlki gündəlikdir. Biz münaqişəni bitmiş hesab edirik və bu gündəliyə qayıtmırıq”.

Fərid Şəfiyev əlavə edib ki, hazırda danışıqlar 4 istiqamətdə- sülh sazişi, delimitasiya, dəhlizlərin açılması və humanitar məsələlər istiqamətində aparılır. O həmçinin bildirib ki, beyin mərkəzləri fəaliyyətini 2 əsas istiqamətdə aparmalıdır. Birinci istiqamət üzrə hadisələrin əslində necə baş verməsini izah etməlidir, ikincisi, Azərbaycan ətrafında baş verən mürəkkəb prosesləri, təhdidləri təhlil etməlidir.

BMTM-in İdarə Heyətinin üzvü Esmira Cəfərova 27 sentyabr 2020-ci ildə başlamış müharibə nəticəsində Azərbaycanın böyük zəfərə imza atdığını deyib. O, müharibəyə gedən yolda baş vermiş hadisələri xatırladaraq 28 il ərzində Minsk qrupunun münaqişənin həllində uğursuz vasitəçilik həyata keçirdiyini diqqətə çatdırıb. Esmira Cəfərovan bildirib ki, Nikol Paşinyan Ermənistanda baş nazir olduqdan sonra Azərbaycanda münaqişənin həlli ilə bağlı ümidlər yaranmışdı və Paşinyanın səsləndirdiyi mesajlar da bir müddət bunu deməyə əsas verirdi: “Lakin o, seçkiqabağı vədələrə əməl edə bilmədiyindən sonrada Qarabağ kartından istifadə etdi və bir sıra, o cümlədən silahlı təxribatlara əl atdı. Bütün bunlar Azərbaycan xalqının səbrini tükətməyə bilməzdi və Azərbaycan tərəfi 27 sentyabrda əks hücum əməliyyatları həyata keçirdi”. Esmira Cəfərova bildirib ki, Azərbaycan tək iqtisadi və siyasi zəfər əldə etmədi, həm də xalq vahid millət kimi birləşdi. Onun sözlərinə görə, bu zəfər “müharibənin hərbi yolla həlli yoxdur”, “Azərbaycan müharibə apara bilmir” kimi miflərə bir cavab idi.

BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli 44 günlük müharibənin hərbi, siyasi, strateji və mənəvi nəticələr doğurduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, müharibədən sonra regionda yeni mərhələ başlayıb və yeni geosiyasi reallıqlar sülh prosesinə də əhəmiyyətli təsir göstərib. Ekspert bildirib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, 4 əsas prinsip üzrə razılıq əldə olunacağı təqdirdə regionda davamlı sülhə nail ola bilərik. Lakin o, Ermənistanın qeyd olunan prinsiplərə adekvat cavab vermədiyini və nəticədə silahlı toqquşmaların baş verdiyini əlavə edib. Mətin Məmmədli Ermənistana siyasi, silah yardımı edən və ümumilikdə problemlərə susqun yanaşan havadarların olmasının bu prosesi ləngitdiyini vurğulayıb.

Dəyirmi masa iştirakçıların müzakirələri ilə davam edib.

Müəllifin son məqalələri

03 Oktyabr 2024 - 15:51

“Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda tədbir keçirilib

01 Oktyabr 2024 - 15:05

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib

23 Sentyabr 2024 - 13:16

AZƏRBAYCANIN XARİCİ SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ - AVQUST 2024