Suriyada Bəşər Əsəd rejiminin devrilməsini uzun müddət gözlənilən, lakin bir o qədər də gecikmiş bir proses olaraq qiymətləndirə bilərik. Ərəb baharı zamanı təməli sarsılmış dövlət bu illər ərzində xarici güclərin dəstəyi ilə mövcudluğunu qorusa da, daxili sosial, iqtisadi və hərbi böhranlar rejimin çöküşünü sürətləndirirdi.
Son illərdə ölkənin müxtəlif bölgələrində keçirilən nümayişlər və etiraz aksiyaları Əsəd hökumətinə qarşı artan narazılığı göstərirdi. Belə ki, 2024-cü ilin iyul ayında Suriyada keçirilən parlament seçkiləri ölkənin bir sıra əyalətlərində keçirilən nümayişlər və narazılıqlar fonunda baş tutmuşdur. Bu seçkilər həm də Suriya iqtisadiyyatının yüksək inflyasiya səviyyəsi və Qərbin sanksiyaları fonunda xarici investisiyaların azlığı ilə pisləşməyə davam etdiyi, münaqişənin siyasi həllinə yönəlmiş Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi prosesin dayandırıldığı bir vaxta təsadüf edirdi.
Rejimin devrilməsindən dörd ay öncə keçirilən bu seçkilər xalq tərəfindən etimadla qarşılanmırdı. Çünki Suriya xalqı burada əsas məqsədin seçkilər əsasında formalaşacaq yeni parlamentin Bəşər Əsədin səlahiyyət müddətini uzatmasına imkan verəcək konstitusiya dəyişikliyini qəbul etməsi olduğunu anlayırdı. Seçkilərin ölkənin siyasi, iqtisadi, sosial həyatında və digər sahələrində baş verən çətinliklərin həllini tapmağa töhfə verəcəyi ümidləri bəslənsə da, hər hansısa ciddi dəyişikliyə səbəb olacağı gözlənilmirdi.
Məhz dörd ay sonra, cəmi on gün ərzində Heyət Təhrir Əl-Şam və ona müttəfiq müxalif qruplar Əsəd rejimini devirdilər. Rejimin sürətlə süqut etməsi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük təəccüblə qarşılandı. Əsas narahatlıq isə, Suriya hökumətinə müttəfiq ölkələr arasında müşahidə olundu. Bu sırada Ermənistanı xüsusi qeyd edə bilərik. Belə ki, Suriya erməni diasporunun Yaxın Şərqdə ən geniş yayılmış qollarından biridir. Erməni icmasının Suriyada ən mütəşəkkil olduqları bölgələr Hələb, Dəməşq, Cəzirə (Qamışlı, Hasicə, Tərik), Əl-Laziqiyyə, Kasabdır. Hələb Suriyada erməni icmasının mərkəzi hesab edilərək, ölkədə ən böyük erməni icmasını məskunlaşdırıb. Müharibədən əvvəl Hələbdə 40 minə yaxın erməni yaşayırdısa, bu gün onların sayı 12-15 min civarındadır. Dəməşq erməni icmasının ən sıx cəmləşdiyi ikinci Suriya şəhəridir. Bu şəhərdə müharibədən əvvəl 10 min erməni yaşayırdı. Hazırda bu say iki dəfə azalaraq, 5-6 min təşkil edir.
Həmçinin Suriya ermənilərini 20-ci əsrin əvvəllərindən etibarən ölkənin siyasi həyatında görmək mümkün idi. Belə ki:
- Artin Boşqezenyan - Konstitusiya dövründə 1908-1912-ci illərdə birinci dəfə, 1912-ci ildə ikinci dəfə və 1914-1918-ci illər arası üçüncü dəfə Osmanlı Parlamentlərində Hələbin millət vəkili olub.
- Hrant Maloyan - Suriya dövləti qurulduqdan sonra Muşdan olan erməni generalı 1940-1950-ci illərdə Suriya Təhlükəsizlik Qüvvələrinin başçısı vəzifəsində çalışıb.
- Aram Karamanukyan - Digər erməni hərbi general Aram Karamanukyan 1940-1950-ci illərdə Suriya Ordusunun artilleriya komandiri olub.
Suriya erməniləri həmçinin ölkənin siyasi müstəvisində təmsil olunurdular. Belə ki, 2014-cü ildə Suriyanın keçmiş Prezidenti B. Əsədin 11 yeni nazirdən ibarət təsdiqlədiyi yeni hökumətin tərkibinə erməni qadın nazir daxil edilmişdir. Suriyada ətraf mühitin mühafizəsi üzrə dövlət naziri təyin edilən Nazirə Fərəh Sarkis 1962-ci ildə Suriyada doğulan Hələb ermənisidir.
1928-2011-ci illər ərzində ermənilər Suriya Parlamentində 21 millət vəkili ilə təmsil olunurdular. Ən çox Suriya Parlamnetinə seçilən şəxs Krikor Abliqatin olmuş və o, səkkiz dəfə parlamentin üzvü seçilmişdir. Ardınca Fətullah Asyon dörd dəfə, Nikolas Cansi, Moses Der Kaloustiyan və Dikran Giraqiyan üç dəfə Suriya Parlamentində təmsil ediliblər.
2015-ci ildə Bəşər Əsədin himayəsi altında Dəməşqin İçəri şəhər ərazisində erməni “soyqrımı” qurbanlarının xatirəsinə ucaldılacaq abidənin təməl daşının qoyuluş mərasimində Antakyanın Süryani Pravoslav Patriarxı İqnatius II Afram Kərim, Dəməşq Erməni Kilsəsinin Primatı yepiskopu Armaş Nalbandyan və Dəməşqdəki bir sıra xristian konfessiyalarının rəhbərləri, millət vəkilləri ilə yanaşı, Suriyada ətraf mühitin mühafizəsi üzrə dövlət naziri Nazirə Sarkis və Dəməşq qubernatoru Bişr Əs-Sabban da iştirak etmişdilər.
Xüsusilə qeyd edək ki, Suriyada müxtəlif sahələrdə aparıcı mövqe tutan erməni icmasının hal-hazırda “Kantsasar” adlı erməni mətbuat orqanı fəaliyyət göstərir. Bu mətbu orqanın adı Kəlbəcər rayonunun Vəngli kəndində yerləşən və erməni işğalı nəticəsində mənimsənilərək erməni monastrı olaraq adlandırılan Gəncəsərə ithafən adlandırılıb. 2011-ci ildə Suriyanın Hələb şəhərində yaradılan və indiyə kimi fəaliyyət göstərən “Kantsasar” mətbu orqanı yalnız erməni dilində fəaliyyət göstərir. Rəsmi saytından əlavə, “Kantsasar”ın rəsmi “Facebook”, “Telegram” və “İnstagram” səhifələri var. Hazırda qondarma adı daşıyan “Kantsasar” Suriyada erməni icmasının tək mətbu orqanı olaraq fəaliyyətini davam etdirməkdədir.
“Kantsasar”ın banisi və baş redaktoru Zarmik Pohikyandır. Əslən Hələb ermənisi olan bu qadın 2017-ci ildə Ermənistan Respublikasının Müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə bu ölkənin Hələbdəki Baş konsulluğunda keçirilən tədbirdə vətən-diaspora əlaqələrinin inkişafında verdiyi xidmətlərinə görə “Movses Xorenatsi” medalı ilə təltif edilmişdir.
Bu mətbu orqanının prioritet rolu Suriyada erməni icmasının fəaliyyətini işıqlandırmaq, Suriya-Ermənistan əlaqələri haqqında davamlı xəbərlər dərc etmək, eyni zamanda anti-türk və anti-Azərbaycan siyasətini təbliğ etməkdir. “Kantsasar” həmçinin Fransanın “Le Figaro Magazine”, Ermənistanın “Armenpress” xəbər agentliklərinin anti-türk və anti-Azərbaycan haqqında xəbərlərini mütəmadi olaraq nəşr etdirir. Belə ki, 2020-ci ilin noyabrın 20-də Kantsasar “Le Figaro Magazine”yə istinadən “Fransanın 120 məşhur siması Ermənistan və Artsaxın müdafiəsi üçün çağırış etdilər” başlıqlı məqalə dərc etmişdir.
Onu da qeyd edək ki, monastrın 770 illik yubileyi münasibətilə 2010-cu il "Dağlıq Qarabağ"da “Kantsasar ili” elan edilmişdir. Bunun ardıyca 2011-ci ildə məhz həmin adda Suriyada erməni icması tərəfindən “Kantsasar” mətbu orqanının yaradılması təsadüfi olmamışdır.
Dünyanın müxtəlif ölkələrində özlərinə mövqe tutmaqla qondarma tarixlərini yaymağa çalışan ermənilər üçün Suriya daha əlçatan olmuşdur. Belə ki, erməni “soyqrımı”nı tanıyan iki ərəb ölkəsindən biri olan Suriya, həm də Ermənistan hökuməti ilə sıx bağları olan keçmiş Əsəd rejiminin müttəfiq ölkələrindən biri idi. Beləliklə, 8 dekabr Suriya rejiminin devrilməsi ilə Ermənistanın təkcə öz müttəfiqini deyil, eyni zamanda “müdafiəçisini” itirdiyini qeyd edə bilərik.