BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Lalə Xəlilzadə

Email: lala.khalilzadeh@aircenter.az

Tel: (+994 12) 596-82-39

Bakı Qlobal Şəhərsalma gündəliyinin mərkəzində

2026-06-18 11:28

Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşması Proqramı tərəfindən təşkil olunan 13-cü Dünya Şəhərsalma Forumu ən iri və ən nüfuzlu qlobal şəhərsalma platformalarından biridir. 2026-cı ilin may ayında Bakıda keçirilən bu forum son illərdə dayanıqlı şəhər inkişafına həsr olunmuş ən böyük beynəlxalq tədbirlərdən biri kimi yadda qaldı. Tədbir Azərbaycanın qlobal şəhərsalma proseslərində rolunun gücləndiyini və beynəlxalq miqyasda nüfuzunun artdığını bir daha nümayiş etdirdi.

Forum 17–22 may 2026-cı il tarixlərində “Dünyanı Mənzillə Təmin Etmək: Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmalar” mövzusu altında təşkil olundu. Tədbirə 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçmiş, açılış günü isə 162 ölkədən 21 mindən artıq nümayəndə Bakıda iştirak etmişdir. Bu göstəricilər forumu 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29-dan sonra ölkədə keçirilən ən genişmiqyaslı beynəlxalq tədbirlərdən biri kimi xarakterizə edir.

Qeyd etmək yerinə düşər ki, BMT-nin Məskunlaşma Proqramının İcraçı Direktoru Anaklaudiya Rossbax Urban tədbirin açılışında çıxış edərək bildirmişdir ki, bu forum indiyədək ən geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirən tədbir olub və bu da mənzil təminatı və dayanıqlı şəhər inkişafının qlobal gələcək üçün artan əhəmiyyətini göstərir.

Tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsinin əhəmiyyəti vardır. Belə ki, bu, ölkənin etibarlı tərəfdaş kimi tanınması beynəlxalq və etibarlılığının artması ilə əlaqələndirilə bilər. Forumun rəsmi internet səhifəsində Forumun Bakıda keçirilməsi qərarı “Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə verdiyi töhfənin və etibarlı tərəfdaş kimi qazandığı etimadın sübutu” kimi qiymətləndirilir.

O cümlədən qeyd edilməlidir ki, Azərbaycan müasir dövrdə urbisidə — yəni müharibə şəraitində şəhərlərin və yaşayış məntəqələrinin məqsədli şəkildə dağıdılması, talan edilməsi, əhalinin sosial-mədəni kimliyinin silinməsi və onların doğma yurdlarına qayıdış imkanlarının məhdudlaşdırılması siyasətinə məruz qalmış ölkələrdən biridir. Urbisid anlayışı ilkin dövrlərdə şəhərsalma kontekstində araşdırılsa da, sonrakı tədqiqatlarda, xüsusilə Balkan müharibələri, Sarayevonun mühasirəsi, Mariupol və Hələb nümunələri fonunda silahlı münaqişələrin əsas elementi kimi öyrənilib. Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub. 

Əvvəlki işğal dövründə Azərbaycan şəhərlərinin ciddi şəkildə dağıdılması və infrastrukturun demək olar ki, tam məhv edilməsi ölkə qarşısında genişmiqyaslı humanitar və bərpa çağırışları yaratmışdır. Nəticədə yüz minlərlə insan məcburi köçkün vəziyyətinə düşmüş və region Avropada ən böyük humanitar problemlərdən biri ilə üzləşmişdir.

2020-ci ildən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramı həyata keçirilmiş, infrastrukturun bərpası dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu dövrdə yollar, körpülər, tunellər, enerji və su təchizatı sistemləri, təhsil və səhiyyə müəssisələri ilə yanaşı, üç beynəlxalq hava limanı və dəmir yolu xətləri də daxil olmaqla kompleks infrastruktur layihələri icra edilmişdir. Rəsmi açıqlamalara görə, bu investisiyalar regionun sosial-iqtisadi dirçəlişini sürətləndirməyə yönəlmişdir.

Eyni zamanda, mina təmizləmə işləri geniş əraziləri əhatə etmiş, təhsil müəssisələrinin bərpası və yeni sənaye zonalarının yaradılması həyata keçirilmişdir. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi isə regionun gələcək inkişaf modelinin dayanıqlı enerji prinsiplərinə əsaslandığını göstərir.

Beləliklə, Azərbaycan beynəlxalq modellərin mexaniki tətbiqi əvəzinə, yerli şəraitə uyğunlaşdırılmış yenidənqurma yanaşması formalaşdırmışdır. Bu yanaşma prosesin sürətləndirilməsi, təhlükəsizlik standartlarının təmin olunması və sosial ədalətin bərpası kimi prinsiplərə əsaslanır. Nəticə etibarilə, aparılan genişmiqyaslı bərpa işləri nəticəsində on minlərlə insanın təhlükəsiz qayıdışı təmin edilmiş və gələcəkdə regiona daha böyük əhali köçünün həyata keçirilməsi planlaşdırılmışdır.

Forum çərçivəsində yüzlərlə panel müzakirəsi, tematik sessiyalar, sərgilər və interaktiv təqdimatlar təşkil olunub. Qeyd edək ki, forumun 3-cü günüdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center)  “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq panel təşkil etmişdir. Paneldə dövlət və hökumət nümayəndələri, ekspertlər, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, yerli ve xarici media təmsilçiləri şəhər dayanıqlılığı, yenidənqurma siyasətləri və münaqişədən sonrakı mühitlərdə dayanıqlı inkişafın sosial-siyasi aspektləri arasındakı əlaqələri müzakirə etmişlər. Panel urbisid anlayışının müasir münaqişələr kontekstində daha geniş elmi və hüquqi çərçivədə müzakirəsinə şərait yaratmışdır.

Müzakirələrdə Qarabağda baş vermiş dağıntıların sistemli xarakter daşıdığı və müxtəlif beynəlxalq nümunələrlə müqayisə olunduğu vurğulanmışdır. Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev panel müzakirədə çıxışı zamanı işğal illərində törədilmiş dağıntıların məqsədli xarakter daşıdığını qeyd etmişdir. O, vurğulamışdır ki, Azərbaycanın təcrübəsi göstərir ki, postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri uzunmüddətli planlama, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsiplərinə əsaslandıqda, belə bölgələr inkişafın, regional bağlantının və sülhün mühüm mərkəzlərinə çevrilə bilər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov bildirib ki, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələri 8 şəhəri və 100-dən çox kəndi əhatə edib. Onun sözlərinə görə, hazırda genişmiqyaslı bərpa işlərinin aparıldığı ərazilərin coğrafi miqyası Livan kimi bir dövlətin ərazisi ilə müqayisə oluna bilər. Tədbir, Azərbaycanın münaqişədən sonrakı bərpa işlərini qlobal şəhərsalma müzakirələrinə inteqrasiya etdi. Bununla da ölkə dayanıqlı və inklüziv şəhər inkişafı üzrə beynəlxalq debatların fəal tərəfdaşı kimi ön plana çıxdı.

*Məqalə ərəbdilli media resursu Al Muhajirdə dərc edilib:

https://almuhajir.net/%d8%a3%d8%b9%d9%85%d8%af%d8%a9/baku/

Müəllifin son məqalələri

18 İyun 2026 - 11:28

Bakı Qlobal Şəhərsalma gündəliyinin mərkəzində

22 Yanvar 2026 - 16:36

Yaxın Şərqin Erməni Diasporunun Azərbaycan-Ermənistan sülh gündəliyinə baxışı

13 Dekabr 2025 - 10:13

Yeni Suriyanın bir ili: Mühüm ilklər, 4 il ərzində seçkilər