BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycanla durğun münasibətlər fonunda Rusiya Ermənistanla əlaqələri gücləndirməyi hədəfləyir” sərlövhəli məqaləsi “Commonspace” nəşrində dərc edilib.
Məqalədə Rusiya xarici işlər naziri Sergey Lavrovun 2025-ci il mayın 20-21-də Ermənistana səfərinə nəzər salınır. Qeyd edilir ki, bu səfəri Ermənistan-Rusiya münasibətlərində mühüm bir məqam kimi qiymətləndirmək olar.
Müəllifin fikrincə, Lavrovun səfəri Rusiya üçün həm Ermənistanla əlaqələri möhkəmləndirmək, həm də bölgədə azalan nüfuzunu bərpa etmək cəhdidir.
“Lavrovun bəyanatları, əsasən Ermənistanla ənənəvi əlaqələrin bərpasına və postsovet dövründə Rusiyanın bu ölkəyə davamlı dəstəyinə diqqət çəkirdi. Lakin bəzi açıqlamaları, xüsusilə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə Rusiyadan alınan silahlardan istifadə olunmasına dair istinadlar Bakıda narazılıqla qarşılandı və Azərbaycan mediasında geniş tənqid olundu”.
Məqalədə, həmçinin xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına diqqət çəkilir. Qeyd edilir ki, Mirzoyan Ermənistanın Rusiyaya qarşı müttəfiqlik öhdəliklərini dəyişmək niyyətində olmadığını bəyan etsə də, KTMT daxilində mexanizmlərin effektivliyindən narazılığını ifadə etdi.
“Mirzoyanın açıqlamaları Ermənistanın ehtiyatlı yanaşmasını əks etdirir. 2018-ci il Məxməri İnqilabı və 2020-ci il İkinci Qarabağ Müharibəsi Ermənistanın milli şüurunda dəyişiklik yaradaraq Rusiyadan asılılığın yenidən dəyərləndirilməsinə səbəb oldu. Azərbaycanın 2023-cü ildə Qarabağı azad etməsi Ermənistan milli qüruru üçün zərbə olsa da, İrəvanı ərazi ekspansiyası yükündən azad etdi və daha müstəqil xarici siyasət yürütmək üçün imkan yaratdı. Ermənistan Rusiyadan asılılığını azaltmaq istiqamətində irəliləməyə can atsa da, ölkənin müxtəlif sahələr üzrə böyük müttəfiqindən dərin asılılığı və postsovet məkanına dair Tramp administrasiyasının siyasətindəki qeyri-müəyyənlik İrəvanı anti-Rusiya ritorikasını yumşaltmağa və Moskva ilə münasibətləri normallaşdırmağa sövq edib”.
Məqalədə Azərbaycan parlamentinin Rusiyanı hibrid təhdidlərdə, o cümlədən kiberhücumlarda ittiham etməsi və Rusiyanın bəzi azərbaycanlı rəsmilərə qarşı atdığı addımların “qeyri-dost” xarakter daşıması məsələlərinə də toxunulub.
“Rusiyanın Cənubi Qafqazdakı strategiyası regionun dəyişən reallıqları ilə uyğunlaşmır. Ermənistanın tədricən müstəqilliyə doğru yönəlməsi, Azərbaycanın qətiyyətli xarici siyasəti və Gürcüstanın Azərbaycanın balanslı siyasətini təkrarlaması Moskvanın dominantlığını sarsıdan kollektiv regional iradənin formalaşmasına səbəb olur. Lavrovun İrəvana səfəri Rusiyanın təsirini gücləndirməyi hədəfləsə də, əksinə, onun çatışmazlıqlarını aydın büruzə verə bilər. Qarabağda Rusiya-Ermənistan birgə fəaliyyətlərinin ümumi tarixini gündəmə gətirməklə, Moskva həm İrəvanı, həm də Bakını özündən uzaqlaşdırmaq riskinə gedir. Rusiya yanaşmasını dəyişmədiyi, təzyiq və manipulyasiyaya əsaslanan siyasətindən imtina etmədiyi təqdirdə, Cənubi Qafqazdakı nüfuzunu itirməyə davam edəcək”,-deyə V. Hüseynov əlavə edir.
*Məqalənin ingilis dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: