BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanın yeni xarici siyasət prioriteti: TDT-nin qlobal çəkisinin artırılması

2024-02-23 14:50

“Son geosiyasi dəyişikliklər Türk Dövlətləri Təşkilatının (TDT) regional və qlobal məsələlərdəki əhəmiyyətini bir daha vurğuladı. Davam etməkdə olan Rusiya-Ukrayna müharibəsi, xüsusən Qırmızı dəniz regionunda qeyri-stabil vəziyyətin mövcudluğu türk dövlətlərinin Şərq və Qərb arasındakı vacib nəqliyyat dəhlizi kimi rolunu bir qədər də artırıb. Bundan başqa, Avropanın alternativ enerji mənbələri axtarışında TDT-nin yerinin artması onun qlobal problemlərin həllindəki aktuallığını önə çəkir”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev “Daily Sabah” nəşrində dərc olunan Azərbaycanın yeni xarici siyasət prioriteti: TDT-nin qlobal çəkisinin artırılması” mövzusundakı məqaləsində bildirir.

Müəllif qeyd edir ki, Qərb, Rusiya və Çin kimi vacib aktorlar arasında davam etməkdə olan geosiyasi güc mübarizəsi TDT coğrafiyasına olan diqqəti intensivləşdirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev türk dövlətlərinin öz resurslarını, bacarıqlarını möhkəmləndirmək və vacib güc mərkəzi kimi önə çıxmaq üçün  güclü potensiala malik olduğunu düşünür.

“Azərbaycan Prezidenti bu potensialın əsasında duran faktorlar arasında geniş coğrafiya, münbit torpaqlar, hərbi qüdrət, davamlı iqtisadiyyat, zəngin təbii resurslar, həyati əhəmiyyətli nəqliyyat marşrutları, gənc əhali və ortaq tarixi bağları xüsusilə vurğulayır. Eyni zamanda o, TDT-yə üzv dövlətlərin gələcəyə ortaq baxışın reallaşdırılması istiqamətində səylərini birləşdirməsinin zəruriliyinə diqqəti çəkir”, deyə C.Vəliyev bildirir.

İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə TDT-nin Azərbaycan üçün vacib müttəfiq kimi çıxış etdiyini qeyd edən C.Vəliyevin sözlərinə görə, bu həmrəylik Azərbaycan ictimaiyyəti tərəfindən qiymətləndirilib və təşkilatla əməkdaşlığa əlavə impuls qatıb.

“İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bir sıra Qərb təşkilatlarının ədalətsiz qərarları ilə üzləşməli oldu. Uzun illər, əsasən Qarabağ məsələsinə münasibətdə ədalətsiz yanaşmaya və 44 günlük müharibədən sonra Ermənistana qərəzli dəstəyə görə Azərbaycan ictimaiyyəti arasında Qərb, eləcə də digər regional təşkilatlara inam itib. Avropa Şurasının Azərbaycanın mandatının dondurulması ilə bağlı qərarı bu düşüncəni yalnız gücləndirdi və Şuradan çıxmaqla bağlı debatlara yol açdı. Azərbaycanda geniş yayılan düşüncəyə görə, bu təşkilatlara üzvlük Qarabağ məsələsində tərəfsizliyə yol açmayacaq.  Əksinə, yanlış təsəvvürlər bundan sonrakı qarşılıqlı fəaliyyətin aktual və faydalı ola bilməsi ilə bağlı skeptisizmi artırır”.

BMTM-in şöbə müdiri qeyd edir ki, Prezident İlham Əliyevin  TDT ölkələri arasında hərbi-müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı təklifi Azərbaycanın regional təhlükəsizlik məsələlərinə münasibətdə fəal yanaşma ortaya qoymasının göstəricisidir.

“2022-ci ilin Səmərqənd Bəyannaməsində qeyd edilən bu təşəbbüs Azərbaycanın Türk dünyası daxilində kollektiv müdafiə bacarıqlarının artırılmasına sadiqliyini nümayiş etdirir”.

Sonda Cavid Vəliyev bildirir ki, Azərbaycanın xarici siyasətində Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığın prioritet olması onun digər qlobal aktorlardan təcridi mənasına gəlməməlidir. Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı Azərbaycanın çoxsaylı beynəlxalq tərəfdaşlarla əməkdaşlığa sadiq olduğunu nümayiş etdirir.

“Türk Dövlətləri Təşkilatı vacib qlobal aktor olmaq üçün digər qlobal aktorlarla güclü münasibətlər qurmalıdır. Türk dünyasından kənar dövlət və təşkilatlarla əməkdaşlıq təşkilatın qlobal səviyyədə təsir və nüfuzunun artırılması baxımından zəruridir.”

Daha ətraflı:

https://www.dailysabah.com/opinion/op-ed/azerbaijans-new-foreign-policy-priorityelevating-ots-globally

Müəllifin son məqalələri

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər

14 May 2024 - 17:17

Azərbaycan-Slovakiya tərəfdaşlığı nə vəd edir?