BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Mətin Məmmədli

Email: matin.mammadli@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın yeri

2026-10-02 16:04

Son illərdə Mərkəzi Asiya istiqaməti Azərbaycanın xarici siyasətinin periferik sahəsindən onun əsas geosiyasi prioritetlərindən birinə çevrilmişdir. Bu dəyişiklik yalnız Azərbaycanla region dövlətləri arasındakı tarixi, etnik, dini və mədəni yaxınlığın siyasi müstəviyə daşınması ilə izah edilə bilməz. Yeni mərhələnin əsasını Xəzər dənizinin ayırıcı deyil, birləşdirici geosiyasi məkan kimi çıxış etməsi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun - Orta Dəhlizin - əhəmiyyətinin artması, enerji və rəqəmsal kommunikasiyaların şaxələndirilməsi, həmçinin Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin institusionallaşması təşkil edir.
Azərbaycanın müasir xarici siyasətində Mərkəzi Asiyanın yeri ilk növbədə ölkənin coğrafi mövqeyinin yeni geosiyasi məzmun qazanması ilə bağlıdır. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, onun tarixi-mədəni əlaqələri, dil və sivilizasiya bağları, nəqliyyat infrastrukturu, enerji siyasəti və Xəzər dənizindəki mövqeyi ölkəni eyni zamanda Mərkəzi Asiya siyasi-iqtisadi sisteminin qərb həlqəsinə çevirir. Başqa sözlə, Azərbaycan yalnız Cənubi Qafqaz dövləti deyil; o, Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq, Qara dəniz hövzəsi və Avropa arasında kəsişən geniş geosiyasi məkanın fəal iştirakçısıdır.
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya ölkələrinin “vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan” formalaşdırdığını bildirmiş, Xəzər dənizini fiziki maneədən daha çox strateji birliyin, iqtisadi potensialın və tarixi əməkdaşlığın rəmzi kimi səciyyələndirmişdi . Bu yanaşma Azərbaycanın regional siyasətində baş verən konseptual dəyişikliyi ifadə edir: Xəzər artıq regionları ayıran sərhəd deyil, onların iqtisadi və siyasi inteqrasiyasını təmin edən əsas kommunikasiya xəttidir. Mərkəzi Asiyanın Azərbaycan üçün əhəmiyyətini bir neçə qarşılıqlı amil müəyyənləşdirir. Birincisi, region Azərbaycan üçün Xəzərin şərqində strateji dərinlik və Çin də daxil olmaqla Asiya bazarlarına çıxış imkanı yaradır. İkincisi, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın artan iqtisadi potensialı Azərbaycanı onların nəqliyyat, enerji və investisiya layihələrinin təbii tərəfdaşına çevirir. Üçüncüsü, Mərkəzi Asiya dövlətlərinin alternativ ixrac və tranzit istiqamətlərinə ehtiyacı Azərbaycanın liman, dəmir yolu, avtomobil yolu, gəmiçilik və enerji infrastrukturunun regional əhəmiyyətini artırır. Dördüncüsü, türk dövlətləri arasında siyasi koordinasiyanın güclənməsi Azərbaycanın regional manevr imkanlarını genişləndirir.
Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti də eyni dərəcədə fundamentaldır. Region dövlətlərinin dünya okeanına birbaşa çıxışının olmaması onları xarici bazarlara aparan etibarlı və şaxələndirilmiş marşrutlara ehtiyaclı edir. Azərbaycan bu baxımdan Mərkəzi Asiya mallarının Xəzər dənizi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Türkiyə üzərindən Avropa istiqamətinə daşınması üçün ən qısa strateji körpülərdən biridir. Azərbaycanın mövcud nəqliyyat infrastrukturu Mərkəzi Asiya dövlətlərinə təkcə qərbə deyil, İran, Fars körfəzi, Qara dəniz hövzəsi və Aralıq dənizi istiqamətlərinə də alternativ çıxış imkanları verir. Bir sıra beynəlxalq institutlar da Orta Dəhlizin yalnız Çin-Avropa quru körpüsü deyil, ilk növbədə Azərbaycan, Qazaxıstan, Gürcüstan və digər dəhliz ölkələrinin regional ticarətini genişləndirən iqtisadi mexanizm olduğunu vurğulayır . 
Bu qarşılıqlı əhəmiyyət 2022-ci ildən sonra daha aydın görünməyə başlamışdır. Qlobal təchizat zəncirlərində fasilələr, Rusiya-Ukrayna müharibəsi fonunda ənənəvi şimal marşrutları ilə bağlı siyasi və kommersiya risklərinin yüksəlməsi, Avropa ilə Asiya arasında alternativ kommunikasiyalara tələbatın artması və dövlətlərin nəqliyyat asılılığını azaltmaq istəyi Transxəzər istiqamətinə marağı gücləndirmişdir. Lakin Orta Dəhlizin əhəmiyyətini yalnız geosiyasi böhranın müvəqqəti nəticəsi hesab etmək düzgün olmazdı. İnfrastruktur layihələrinin uzunmüddətli xarakteri, yük həcmlərinin artması, limanların genişləndirilməsi, vahid tarif və rəqəmsal gömrük mexanizmlərinin hazırlanması bu marşrutun tədricən dayanıqlı regional iqtisadi sistemə çevrildiyini göstərir. 
Azərbaycanın Mərkəzi Asiyaya artan diqqətinin digər mühüm səbəbi ölkənin xarici siyasətində coğrafi və siyasi şaxələndirmə prinsipidir. Bakı eyni vaxtda Avropa, ABŞ, Türkiyə, Rusiya, Çin, Yaxın Şərq və Mərkəzi Asiya ilə münasibətləri inkişaf etdirməklə hər hansı bir güc mərkəzindən birtərəfli asılılığın qarşısını almağa çalışır. Bu baxımdan Mərkəzi Asiya Azərbaycan üçün rəqabət meydanından daha çox ortaq maraqların uzlaşdırıldığı, suverenlik və qarşılıqlı fayda prinsiplərinin üstünlük təşkil etdiyi tərəfdaşlıq sahəsidir. Azərbaycanla region dövlətlərinin xarici siyasətində ərazi bütövlüyü, dövlət suverenliyi, daxili işlərə qarışmamaq və çoxvektorlu diplomatiya prinsiplərinə verilən önəm də tərəflər arasında siyasi uyğunluğu artırır.
Azərbaycanla Mərkəzi Asiya arasında yaranan münasibətləri klassik ikitərəfli diplomatiyanın çərçivəsində izah etmək kifayət etmir. Burada söhbət funksional regionalizmdən - nəqliyyat, enerji, ticarət, investisiya, rəqəmsal kommunikasiya və humanitar əlaqələr vasitəsilə vahid fəaliyyət məkanının formalaşmasından gedir. Bu model fövqəlmilli siyasi birlik yaratmır və dövlətlərin suverenliyini məhdudlaşdırmır. Əksinə, hər bir ölkənin müstəqil xarici siyasətini qorumaqla qarşılıqlı asılılığı və dayanıqlılığı artırır. Bütövlükdə Azərbaycan və Mərkəzi Asiya arasında münasibətləri geosiyasi və geoiqtisadi tamamlama kimi xarakterizə etmək olar. 
Mərkəzi Asiya ölkələri enerji resursları, kritik xammal, kənd təsərrüfatı məhsulları, sənaye malları və genişlənən istehlak bazarlarına malikdir. Azərbaycan isə bu resursların qərb istiqamətində hərəkətini təmin edə bilən liman, gəmiçilik, dəmir yolu və enerji infrastrukturu formalaşdırmışdır. Beləliklə, Mərkəzi Asiyanın istehsal və ixrac potensialı Azərbaycanın tranzit imkanları ilə tamamlanır. Azərbaycan üçün tranzit yüklərin artması liman və dəmir yolu gəlirlərini yüksəltməklə yanaşı, anbar, sığorta, gömrük, ekspeditor, gəmi təmiri, sənaye zonaları və əlavə dəyər yaradan emal müəssisələrinin inkişafına şərait yaradır.
Azərbaycanın Mərkəzi Asiya üçün rolu yalnız nəqliyyat xidmətləri göstərən tranzit ölkə funksiyası ilə məhdudlaşmır. Bakı region dövlətlərinin Türkiyə və Avropa ilə siyasi-iqtisadi əlaqələrində əlaqələndirici platforma kimi çıxış edir. Azərbaycan-Türkiyə müttəfiqliyi, Bakı–Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Qara dəniz istiqamətində formalaşan yaşıl enerji marşrutu Mərkəzi Asiyanın qərbə inteqrasiyası üçün çoxpilləli infrastruktur bazası yaradır. Bu mənada Azərbaycan Mərkəzi Asiya üçün sadəcə coğrafi keçid deyil, Türkiyə və Avropa iqtisadi-siyasi məkanına açılan strateji qapıdır.
Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı yaxınlaşmanın yalnız geosiyasi və iqtisadi maraqlarla izah edilməsi münasibətlərin mahiyyətini tam əks etdirmir. Dövlətlərarası əməkdaşlığın mühüm dayaqlarından biri xalqlar arasındakı tarixi yaddaş, ortaq mənəvi dəyərlər, dini-mədəni yaxınlıq və sosial etimaddır. Maddi maraqlar siyasi tərəfdaşlığı zəruri etdiyi halda, mənəvi yaxınlıq həmin tərəfdaşlığı ictimai baxımdan legitim və uzunömürlü edir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan xalqları türk dil ailəsinə mənsub olmaqla ortaq etnik-mədəni köklərə, mifoloji və ədəbi irsə, oxşar adət-ənənələrə  malikdir. Bu yaxınlıq siyasi münasibətlərin inkişafında “yumşaq infrastruktur” rolunu oynayır. Eyni və ya yaxın dillərdə ünsiyyət, ortaq qəhrəmanlar və ədəbi irs, Novruz ənənəsi, İslam sivilizasiyasına mənsubiyyət, qonaqpərvərlik və ailə dəyərləri hökumətlərin irəli sürdüyü əməkdaşlıq təşəbbüslərinin cəmiyyətlər tərəfindən daha asan qəbul edilməsini təmin edir. 
Azərbaycanın Mərkəzi Asiyaya verdiyi önəmin ən aydın göstəricilərindən biri ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının son illərdə keyfiyyətcə yüksəldilməsidir. Azərbaycan artıq regionun bütün dövlətləri ilə strateji tərəfdaşlıq və ya müttəfiqlik səviyyəsində münasibətlər qurmuşdur. Bu sənədlər siyasi dialoqun davamlılığını təmin etməklə yanaşı nəqliyyat, enerji, investisiya, təhlükəsizlik, müdafiə, humanitar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq üçün hüquqi-siyasi çərçivə yaradır. Qeyd edə bilərik ki,  2026-cı ilin ortalarına doğru Azərbaycan Mərkəzi Asiyada Qazaxıstan, Özbəkistan və Qırğızıstanla müttəfiqlik, Tacikistan və Türkmənistanla isə strateji tərəfdaşlıq münasibətləri qurub. Bu arxitektura Bakının regiona münasibətdə epizodik diplomatiyadan sistemli və uzunmüddətli siyasətə keçdiyini göstərir. Müttəfiqlik və strateji tərəfdaşlıq sənədlərinin müxtəlif illərdə imzalanmasına baxmayaraq, onların son dövrdə fəallaşdırılması və yeni mexanizmlərlə tamamlanması vahid regional kursun tərkib hissəsidir.
Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin yeni mərhələsi həm də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına daxil olması ilə bağlıdır. Prezident İlham Əliyev bu formatda ilk dəfə 2023-cü ildə Düşənbədə, ikinci dəfə 2024-cü ildə Astanada fəxri qonaq kimi iştirak etmişdir. 2025-ci ilin noyabrında Daşkənddə keçirilmiş VII Məşvərət Görüşündə Azərbaycanın formatda tamhüquqlu iştirakı haqqında qərar qəbul edilmişdir. Buna görə də 2026-cı il Çolpon-Ata görüşü İlham Əliyevin həmin formatda ümumiyyətlə ilk iştirakı deyil, tamhüquqlu üzv kimi ilk iştirakı idi. Qeyd edək ki, 31 iyul 2026-cı ildə Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilmişdir. Görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan prezidentləri iştirak etmiş, yekunda Çolpon-Ata Bəyannaməsi imzalanmışdır. Altı dövlətin bir formatda təmsil olunması siyasi və analitik leksikonda “C6” - beş Mərkəzi Asiya dövləti və Azərbaycan - konfiqurasiyasının formalaşması kimi qiymətləndirilə bilər. Bununla belə, bu anlayış hələlik fövqəlmilli təşkilatı deyil, dövlət başçılarının məsləhətləşmə və koordinasiya platformasını ifadə edir. 
Çolpon-Ata görüşünün daha geniş mənası Azərbaycanın Mərkəzi Asiya əməkdaşlığında kənar tərəfdaş və ya qonaq statusundan çıxmasıdır. Bakı artıq regionla yalnız Xəzər üzərindən əlaqə saxlayan qonşu deyil, onun siyasi məsləhətləşmələrində, nəqliyyat siyasətində, enerji strategiyasında və humanitar gündəliyində tamhüquqlu iştirakçıdır. Azərbaycanın bu formata daxil edilməsi coğrafiyanın siyasi məzmununun dəyişdiyini göstərir: müasir regional sistemlər yalnız quru sərhədləri ilə deyil, nəqliyyat, enerji, rəqəmsal şəbəkələr və ortaq maraqlarla müəyyən olunur.
Azərbaycan və Mərkəzi Asiya arasında baş verən proseslər yeni regional düzənin formalaşdığını göstərir. Bu düzənin əsas xüsusiyyəti geosiyasətlə geoiqtisadiyyatın bir-birindən ayrılmamasıdır. Strateji tərəfdaşlıq və müttəfiqlik müqavilələri nəqliyyat və investisiya layihələrini siyasi təminatla möhkəmləndirir; Orta Dəhliz və enerji kabelləri isə siyasi yaxınlığı konkret iqtisadi maraqlarla davamlı edir. Mənəvi-mədəni yaxınlıq bütün bu proseslər üçün ictimai etimad və legitimlik yaradır. Azərbaycanın Mərkəzi Asiya istiqamətində siyasətinin uğuru həm də onun bütün region dövlətləri ilə balanslaşdırılmış münasibət saxlamasından asılıdır. Türkdilli dövlətlərlə etnik və dil yaxınlığı əməkdaşlıq üçün mühüm üstünlükdür, lakin region siyasəti yalnız türk həmrəyliyi ilə məhdudlaşdırılmamalıdır. Tacikistanla strateji tərəfdaşlıq Azərbaycanın daha inklüziv yanaşmasını nümayiş etdirir. Bu yanaşma Mərkəzi Asiyanı etnik sərhədlər əsasında deyil, ortaq təhlükəsizlik, nəqliyyat, iqtisadi inkişaf və sivilizasion bağlılıq məkanı kimi qəbul edir. Beləliklə, baş verən proseslərin ümumi məntiqi belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan və Mərkəzi Asiya regionu tədricən vahid geosiyasi və geoiqtisadi məkana çevrilir. 

*Məqalə EU Reporter nəşrində dərc edilib: https://www.eureporter.co/azerbaijan/2026/10/02/the-place-of-central-asia-in-azerbaijans-foreign-policy/

 

Müəllifin son məqalələri

02 Oktyabr 2026 - 16:04

Azərbaycanın xarici siyasətində Mərkəzi Asiyanın yeri

15 Sentyabr 2026 - 14:48

Baku Research Institute-da dərc olunan bir cızma - qaraya sözardı

23 İyun 2026 - 11:15

Azərbaycanın orta güc kimi xarici siyasəti və bu siyasətin regional sülhün təşviqində rolu